Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-13/2025 07.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi yoldan mülkiyyətində olan evə qədər eni 3 metr olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlərin hesabına sökülməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı cavabdeh tərəfindən ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr istifadədə olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış darvazaların sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdehlər siyahısına Cavabdeh2 və Cavabdeh3 əlavə edilməsini, Cavabdeh1 tərəfindən ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış darvazaların, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi yoldan mülkiyyətində olan evə kimi eni 3 metr istifadədə olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə icraat zamanı İddiaçı ərizə vermiş Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, iddiaçı xəstəliyi ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş üzrə icraat müddətinin başa çatdığını, iddiaçının nümayəndəsinin olduğunu və nümayəndənin məhkəmə iclasının təxirə salınması ilə əlaqədar vəsatətinin daxil olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 259.0.6. və 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evimə və həyətyanı torpaq sahəsinə cavabdeh Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla, servitut qaydasında avtomobil yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-426/2022 saylı 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2474/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, onun Gədəbəy rayonu, Novasaratovka kəndində yerləşən 0,08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evimə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy rayonu, Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Qətnamə qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılova həvalə edilmişdir. İcra məmuru 04 avqust 2023-cii il tarixdə servitut müəyyən edilməli torpaq sahəsinə mütəxəssis dəvət edərək, baxış keçirmiş və müəyyən etmişdir ki, həmin torpaq sahəsi Cavabdeh1 şəxsi mülkiyyətindədir. Lakin icra məmuru nə mütəxəsssis rəyi almış, nə də 3-cü şəxs adlandırdığı Cavabdeh1 həmin torpaq sahəsinə dair mülikyyət hüququnu təsdiq edən Çıxarışı, plan-ölçü sənədini icra materiallarına əlavə etməmiş, 31 avqust 2023-cü il tarixdə icra sənədinin icrasının mümkün olmaması qənaətinə gələrək, icra sənədini geri qaytarmışdır.Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdıraraq və mübahisə predmetinə yerində baxış keçirərək müəyyən etmişdir ki, onun mülkiyyətində yaşayış evi və evin arxa hissəsində torpaq sahəsi yerləşir. Fərdi yaşayış evinin ön hissəsindən piyada girişi üçün yol olsa da, lakin həmin hissədə inşa edilmiş qeyri-yaşayış sahəsi olan tikili səbəbindən evin həyətyanı sahəsinə avtomobilin daxil olması üçün yol mövcud deyildir. Həyətyanı sahəyə avtomobilin daxil olması yalnız həyətyanı sahənin sonunda qonşu bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə digər ümumi istifadədə olan avtomobil yoluna çıxış əldə etmək olar. Məhkəmə iclasında bələdiyyənin nümayəndəsi mülkiyyətdə olan torpaq sahəsindən istifadə etmədiklərini və həmin torpaq sahəsindən servitut yolu ilə iddiaçının istifadəsi üçün yol açılmasına etirazlarının olmadığını bildirmişdir. Yerində müayinə zamanı Cavabdeh1 torpağın onun mülkiyyətində olmasını şifahi olaraq bildirsə də, məhkəmə kollegiyasının tələbinə baxmayaraq, mübahisə predmeti olan torpağa dair sənəd təqdim etməkdən imtina etmişdir. Novasaratovka Bələdiyyəsinin 12 avqust 2023-cü il tarixdə verdiyi arayışdan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Novosaratovka Bələdiyyəsinin mülkiyyətindədir. Göründüyü kimi, Hüseynov X1 Bələdiyyəsinin mülkiyyətində olan onun evindən ümumi yola birləşən hissəyə qədər eni 3 metr təşkil edən yolu zəbt edərək, orada qanunsuz tikili inşa etmiş və darvazalar quraşdırmışdır. Bu da onun mülkiyyətimdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobilin girş-çıxışının tamamilə bağlanması ilə nəticələnmişdir. Cavabdeh darvazanı məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmuru torpaq sahəsinə gəlib araşdırma aparıb, qətnamənin icrasından imtina etdikdən sonra quraşdırmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 31 yanvar 2022-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində 0.08635 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)- 2474/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin qarşısında ticarət obyekti olduğundan həmin yola olan çıxış məhdudlaşdırılmışdır. İddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aiddir və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilir. İşdə olan mütəxəssis tərəfindən tərtib edilmiş sxemdən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmuş, lakin mülkiyyətində olan torpaq sahəsinin qarşısında iddiaçının özünün inşa etdirdiyi ticarət obyekti ilə həmin yola olan çıxış məhdudlaşdırılmışdır. Bundan başqa, iddiaçının mülkiyyətində 0.0861 ha həyətyanı torpaq sahəsi qeydə alındığı halda, faktiki sahibliyində 0.1696 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri daxildir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)-2474/2022 saylı qətnaməsilə İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbini Cavabdeh1 münasibətdə əsaslandırmış, iş üzrə cavabdehlər tərəfindən inşa edilmiş hasarın servitut müəyyən edilmiş yolun üzərində yerləşməsi və hasarın müəyyən edilmiş servituta maneçelik yaratması haqqında sübutlar təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də bələdiyyə torpağının bir hissəsni zəbt etmiş, bununla əlaqədar servitut müəyyən edilmiş yolun onun zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsi mümkün olmamılşdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-13/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-13/2025
07.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver