Məhkəmə qərarları › İş №2(042)-1306/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1306/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1306/2025 09.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 1.000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 50 manat vəkil xərcinin əvəzinin, cəmi 1080 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı Gədəbəy rayonu, Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, bu il atasının adına olan Nərimankənd kəndində yerləşən özünə məxsus 0,11 ha torpaq sahəsində lobya məhsulu əkmişdir. Məhsuldarlıq yüksək olmuşdur. Buna baxmayaraq, kənd sakini Cavabdeh məxsus 3 baş iribuynuzlu heyvan 08-09 sentyabr 2025-ci il tarixlərdə onun lobya məhuslu yetişdirdiyi əkin sahəsinin ətrafında olan çəpəri qıraraq içəri daxil olmuş və lobya məhsulunu yararsız hala salmışdır. O, Cavabdeh heyvanlarını 09 sentyabr 2025-ci il tarixdə saxlamış və Zulfiyyənin özünə məlumat vermişdir. Zulfiyyə ona bildirmişdir ki, “vurulmuş ziyanı ödəyəcəm, günah mənimdir". Ona dəymiş ziyan 1.000 manat təşkil edir. Belə ki, cavabdehə məxsus iribuynuzlu heyvnalar həm ona məxsus çəpəri dağıtmış, həm də lobya məhsulunu yarasız hala salmışdır. Bu halı təsdiq etmək üçün ərazidə vidoe çəkiliş aparmış və həmin videogörüntüləri DVD-diskdə ərizəsinə əlavə etmişdir. Cavabdeh ona vurduğu ziyanı ödəyəcəyini bildirsə də, bunun üçün heç bir addım atmır, bununla da ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də o cavabdehdən ona məxsus lobya sahəsinə vurduğu ziyanın əvəzinin ödənilməsini istəyir və bu barədə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçının danışdıqları yalandır. İddiaçıya hər hansı zərər vurmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy rayon X2 tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı tərəfindən lobya məhsulu əkilmiş torpaq sahəsinin 0,05 ha hissəsini iribuynuzlu heyvanlar məhv etməsi nəticəsində 70-80 faiz zərər dəymişdir. - Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 213 nömrəli arayışdan görünür ki, 2025-ci ildə Gədəbəy mərkəzi bazarında yaşıl lobyanın 1 kq-nın qiyməti 1,70-1,90 manat olmaqla 800 kq yaşıl lobyanın qiyməti 1.360-1.520 manat təşkil edir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə- mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

9. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçıya zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

13. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

14. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

15. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 1.000 manat maddi ziyan vurulduğunu sübut etməlidir.

16. Məhkəmədə müəyyən edildi ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsində əkilmiş lobya məhsuluna cavabdeh tərəfindən ziyan dəydiyini bildirsə də, üzərinə sübut etmə yükü düşən iddiaçı məhkəməyə həmin torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyən edici sənəd və ya həmin torpaq sahəsindən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının həmin mübahisəli torpaq sahəsi üzrə maddi ziyan tələb etmək üçün heç bir subyektiv hüququ yoxdur. Eləcə də, məhkəmə qeyd edir ki, İddiaçı vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də, həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını müəyyən edən inzibati xəta haqqında qərar və ya cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

17. Qeyd olunanlara əsasən, məhkəmə maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığından iddia tələbinin rədd edilməsi qənaətinə gəlir.

18. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilməlidir.

19. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçının Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar