Məhkəmə qərarları › İş №2(042)-1321/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1321/2025

29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1321/2025 29.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin artırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 tərbiyyə edilməsi üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-303/2023 saylı qətnaməsininin miqdarını dəyişdirərək, cavabdehdən sabit pul məbləğində bir uşağa görə 246 manat olmaqla aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə cavabdehlə faktiki olaraq evlənib, 2022-ci ilin sonlarına kimi birlikdə yaşamışlar. Onların birgə yaşayışlarından xx.xx.2014-cü il təvəllüdlü X3 adında bir övladları olmuşdur. Qızı hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh ayrıldıqdan sonra aliment tələbinə dair məhkəməyə müraciət etmiş. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasasında qızı Ləmanın saxlanılıb tərbiyyə edilməsi üçün 100 manat olmaqla aliment müəyyən edilmişdir. Qızı məktəblidir, onun geyim əşyalarının alınması və onun normal qidalanması üçün çətinlik çəkir. Təyin edilmiş aliment qızının təminatlarını qismən təmin edir. Odur ki, uşağının saxlanılıb tərbiyyə edilməsi üçün Cavabdeh tutulan 100 manat alimentin miqdarını dəyişdirlərək sabit pul məbləğində bir uşağa görə 246 manat olmaqla aliment tutulmasını istəyirəm.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəsissəsində cəza çəkir. Heç bir gəliri yoxdur. Cəzasının sonu xx.xx.2027-ci il tarixdə bitir. Alimentin məbləğinin artırılmasına razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

7. Belə ki, işdə materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-303/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 İddiaçı himayəsində saxlanılması, 20 iyun 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit miqadarda aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-303/2023 saylı qətnaməsinə əsasən, 20 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit miqadarda aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının artırılmasını tələb etmişdir.

9. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının; - 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. - 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. - 18.1-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. - 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. - 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının; - 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.11-1-ci maddəsinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. - 8.13-cü maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

14. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir.

15. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar.

16. Məhkəmə qeyd edir ki, hazırki şəraitdə ayda bir uşaq üçün 100 manat məbləğində təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəraitinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin edilməlidir ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etməklə yanaşı tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın.

17. Beləliklə məhkəmə qeyd olunan hüquq normalarını, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-303/2023 saylı qətnaməsi ilə 20 iyun 2014-cü il təvəllüdlü uşaq X2 yektinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, 20 iyun 2014-cü il təvəllüdlü uşaq X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, ödənilmiş məhkəmə xərcləri iddia qismən təmin edildiyindən cavabdehə aid edilməlidir.

V. Nəticə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-303/2023 saylı qətnaməsi ilə 20 iyun 2014-cü il təvəllüdlü uşaq X2 yektinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın. 20 iyun 2014-cü il təvəllüdlü uşaq X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar