Məhkəmə qərarları › İş №2(042)-1339/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1339/2024

18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1339/2024 18.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı 14 saylı X4 Mərkəzinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı 14 saylı X4 Mərkəzi məhkəmədə iddia qaldıraraq, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərəri 184 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 14 saylı X4 Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı 14 saylı X4 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, 14 saylı X4 Mərkəzin əməkdaşları tərəfindən 20 may 2024-cü il tarixdə Mərkəzin Qızılca meşəbəyliyinin 3 saylı meşə dolayısında araşdırma aparılan zaman Gədəbəy rayonu, Dəyəqarabulaq kənd sakini Cavabdeh qanunsuz olaraq mal-qara otararaq X8 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 184,80 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tərkibi olduğundan barəsində 20 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, 26/93/d saylı məktubla 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmişdir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixdə, № 3-14-27-09/2-132/2024 saylı məktubla tərtib edilmiş Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi üçün bildiriş məktubu göndərilmiş, lakin Cavabdeh göndərilmiş bildiriş məktbuna cavab verməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə, № 3-14-27-09/2-070/2024 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı 14 saylı X4 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində yaşayır. Meşə ərazisində mal-qara otarmışdır. Maddi vəziyyəti aşağıdır. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Belə ki, işdə olan 14 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 may 2024-cü il tarixli 005182 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, 14 saylı X4 Mərkəzinin əməkdaşları meşələrin qorunub mühafizəsi olunmasına nəzarət məqsədi ilə Qızılca meşəbəyliyinin 3 saylı meşə dolayısında olan zaman Cavabdeh qanunsuz olaraq özünə məxsus 6 baş iri buynuzlu mal-qaranı meşə sahəsində otarması müəyyən edilmişdir.

8. İşdə olan meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən meşə fonduna vurulmuş ziyan 184 manat məbləğində müəyyən edilmişdir.

9. İşdə olan 14 saylı X4 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış bildirişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X8 dəymiş 184 manat məbləğində ziyanın 14 saylı X4 Mərkəzinin hesabına ödənilməsi, əks tədirdə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

10. İşdə olan 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və 31 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Rzayev X5 meşəbəyliyinin 3 saylı meşə dolayısında qanunsuz olaraq 20 may 2024-cü il tarixdə 6 baş iri buynuzlu mal-qara otarmaqla meşə qanunvericiliyini pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

11. Göründüyü kimi, Cavabdeh 14 saylı X4 Mərkəzinin Qızılca meşəbəyliyinin 3 saylı meşə dolayısında qanunsuz olaraq özünə məxsus 6 baş iri buynuzlu mal-qaranı otarmış və X8 184 manat məbləğində zərər vurmuşdur. İnzibati tənbeh vermə haqqında qərarla Cavabdeh meşə fondu sahəsində qanunsuz mal-qara otararaq meşə qanunvericiliyini pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Odur ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan vurulması işdə olan sübutlar ilə öz təsdiqini tapır.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

13. Azərbaycan Respublikası Konstitusiyasının; - 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. - 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

14. Azərbaycan Respublikası Meşə Məcəlləsinin; - 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. - 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. - 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

15. Məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fondu sahəsinə 184 manat məbləğində zərər vurulması təsdiqini tapdığından iddiaçı vurulmuş zərərin əvəzinin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericilyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər.

18. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 184 manat məbləğində maddi ziyan tutulub 14 saylı X4 Mərkəzinin hesabına ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “X7 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

21. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1.000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir V. Nəticə:

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 184 (bir yüz səksən dörd) manat 80 (səksən) qəpik məbləğində maddi ziyan tutulub 14 saylı X4 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar