Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1349/2024 16.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il doğum tarixli X1 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli 2(042)-615/2021 saylı qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 150 manat hər iki uşağa görə cəmi, 300 manat alimentin miqdarının artırılaraq, hər ay sabit pul məbləğində bir uşağa görə 250 manat, iki uşağa görə cəmi, 500 manat miqdarında müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2012-ci ildə ailə qurmuşdur. Onlar xx.xx.2013-cü il nikah bağlamışlar. Birgə nikahdan iki uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində cəmi, 300 manat alimentin cavabdehdən alınaraq, ona verilməsi qət edilmişdir. Hazırda heç bir yerdə işləmir və maddi vəziyyəti ağırdır. Təyin edilmiş aliment uşaqların saxlanması, onların təhsil, qida, geyim və digər tələbatlarının qarşılanması uçün çox az məbləğdir. Cavabdeh ona heç bir əlavə yardım göstərmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Cavabdehin hər uşaq üçün 250 manat aliment ödəməyə kifayət imkanı vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, O,hec bir yerdə işləmir, gəliri yoxdur. Hər ay iddiaçıya iki uşağa görə cəmi, 300 manat aliment ödəmək imkanı var. Hazırda həmin alimneti ödəməkdə də çətinlik çəkir. Ona görə də iddia təlbəinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki xx.xx.2021-ci il tarixdən başlamaqla xx.xx.2013-cü il doğum tarixli X1 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 01 oktyabr 2013cu il tarixdə ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2013-cü il doğum tarixli X3 və xx.xx.2014-cü il doğum tarixli X4 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(041)-615/2021 saylı qətnaməsi ilə xx.xx.2013-cü il doğum tarixli X1 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər ay hər uşağa görə 150 manat, iki uşağa görə cəmi, 300 manat məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə azyaşlı uşaqların saxlanılması xərclərinin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, həmçinin Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il doğum tarixli X1 və xx.xx.2014cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi, 340 manat sabit pul miqdarda aliment alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 32 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülməli, 50 manat mediasiya xərcinin əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. 26 avqust 2013-cü il təvəllüdlü X1 və 17 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)- 615/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın, Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi, 340 manat sabit pul miqdarda aliment alınaraq, İddiaçı verilsin. ilaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi, 340 manat miqdarında müəyyən edilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq, İddiaçı və 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1349/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1349/2024
16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver