Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-139/2024 06.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər X1, Cavabdeh2 Müslim oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı servitut qaydasında yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər X1, Cavabdeh2 Müslim oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yolunun cavabdehlər X1, Cavabdeh2 Müslim oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən açılması və edilən maneələrin aradan götürülməsi (servitut qaydada) tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Evinə gedən yol cavabdehlərə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçir. Əvvəllər yoldan sərbəst istifadə etmişdir. Lakin son vaxtlar cavabdehlər torpaq sahələrindən yol kimi istifadə etməyə icazə vermirlər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. İddiaçı özünə məxsus ev və həyətyanı torpaq sahəsinə getmək üçün cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçən yolun açılmasını istəyir. Bu isə cavabdehlər tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməsinə çətinliklər yaradır. İddiaçının evinə bələdiyyə mülkiyyətində olan torpaqlardan yolun açılması mümkündür. Ona görə də iddia tələbinin təmin edillməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X1, Cavabdeh2 Müslim oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilmiş, lakin onlar məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlər X1, Cavabdeh2 Müslim oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı Qəfər oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Düzyurd kəndində 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus yaşayış evi və torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məcəllənin 255.6-ci maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının yaşayış sahəsinə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında yol verilməsi daha məqsədəuyğundur. İddiaçı cavabdehlərə məxsus olan torpaq sahələrindən servitut qaydasında yol verilməsi üçün əsas ola biləcək halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə də iddia tələbi təmin edilməməldir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, cavabdehlərə məxsus torpaq sahələrindən iddiaçıya yol verilməsi heç bir halda, cavabdehlərə maddi zərərin vurulması və onların əmlak hüquqlarının hədsiz pozulması ilə nəticələnməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-139/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-139/2024
06.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver