Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-142/2025 18.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh İsfəndiyar oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus “Mercedes Benz 240 minik” markalı, **-VC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurduğu maddi ziyana görə 1115 manat məbləğində pulun, ödənilmiş 31.55 manat dövlət rüsumunun və 65 manat vəkil xidmət haqının alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o,Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. O. “Mercedes Benz 240 minik” markalı, **-VC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. Avtomobilə mülkiyyət hüququ ona məxsus olmasa da, nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə ilə həmin avtomobil faktiki olaraq onun sahibliyində və istifadəsindədir. 10 noyabr 2024-cü il tarixdə təxminən saat 15-10 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndinin mərkəzində Novosaratovka-Gədəbəy yolu istiqmətində hərəkətdə olan zaman iki rəst at yolun hərəkət hissəsinə çıxmış, o, avtomobili saxlamış, atlardan biri avtomobilin qabaq ön şüşəsinə çırpılmış, digəri üstündən atılmış və maşına dəyib əzmişdir. Sonradan məlum olmuşdur ki, həmin at cavabdeh X1 məxsusdur. Cavabdeh heyvanı nəzarətsiz qoymuş, nəticədə at onun avtomobilinin üstündən keçərək maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Gədəbəy RPŞ-nin DYPB tərəfindən araşdırma aparılmış, hadisənin baş verməsində X2 təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 40 cərimə təyin olunmuşdur.Bundan sonra o, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh İsfəndiyar oğluna müraciət etmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Lakin bu günədək X2 ona dəyən ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir Cavabdeh məhkəmə iclasında idda tələbinə ehtiraz etmiş izahat verərək bildirmişdir ki, o, avtomobilə dəymiş ziyana görə 150-200 manat ödəyə bilər. Ona görə də idda tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan inzibati tənbehvermə haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Arayışdan görünür ki, “Mercedes Benz 240 minik” markalı **-VC-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilə dəymiş zərər 1155 manat təşkil edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə axılması üçün 31.55 manat dövlət rüsumu ödəmiş və 65 manat vəkilhaqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. və 14.2.6-cı maddlərinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən melikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya 1155 manat miqdarında ziyan vurulmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 1555 manat ziyan, 31.55 manat ödənilmiş dövlət rüsumunun və 65 manat vəkil xidməthaqqının əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1115 manat maddi ziyan 31.55 manat məhkəmə xərci və 65 manat vəkil xidmət haqı, cəmi, 1251.55 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-142/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-142/2025
18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver