Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1422/2025 07.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurulmuş maddi zərərə görə 4.800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışla 0.06 ha torpaq sahəsi onun mülkiyyətindir. Həmin torpaq sahəsinin hamısını Cavabdeh qanunsuz olaraq zəbt etmiş və istifadə etmişdir. Buna görə o torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra olunsa da, cavabdeh onu 6 ildir ki, həmin torpaq sahəsindən istifadə etməyə qoymur və qanunsuz olaraq həmin torpaq sahəsindən istifadəni davam etdirir. Bir il ərzində 0.06 ha torpaq sahəsindən 1 ton kartof çıxır. Kartofun 1 kiloqramının qiyməti orta hesabla 80 qəpikdir. Cavabdeh ona 6 il ərzində 4.800 manat maddi ziyan vurmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi 1985-ci ildən onun istifadəsinə verilmişdir. O, uzun müddətdir ki, həmin torpaq sahəsini istifadə edir. Həmin torpaq sahəsinə görə 2016-cı ilə qədər vergi ödənişləri etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Belə ki, mülki iş materiallarında olan: - Gədəbəy rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(042)-1032/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus (RX № ******* seriyalı çıxarışla) Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən torpaq sahəsindən qanunsuz istifadə etdiyi üçün çıxarılması qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(104)-3351/2017 saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(042)-1032/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 19 dekabr 2018-ci il tarixli “icra işinin icraatına xitam verilməsi” barədə qərardan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1032/2017 saylı, 18 iyul 2017-ci il tarixli icra sənədinin icraatına icra işi başa çatdığına görə xitam verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 217 saylı, 21 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, 2019-2025-ci illlər ərzində iri kartofun bir kiloqramının qiyməti 0.85-0.95 qəpik olmaqla 5.280 kiloqram kartofun qiyməti 4488-5016 manat təşkil edir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Gədəbəy X1 Mərkəzi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, məktub və ona əlavə edilmiş məlumatdan görünür ki, 0,06 ha torpaq sahəsindən 2019-2025-ci illər üzrə cəmi 5290 kiloqram kartof bitkisi əldə etmək olar.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə - mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
9. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
12. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
15. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir .
16. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona 4.800 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir.
17. Məhkəmədə müəyyən edildi ki, İddiaçı iddia ərizəsində göstərdiyi Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən torpaq sahəsindən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə çıxarılması qət edilsə də, cavabdeh hazırki vaxta qədər həmin torpaq sahəsindən istifadə edir və iddiaçının həmin torpaq sahəsindən istifadəsinə imkan vermir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bu faktı təkzib etməmişdir.
18. Bundan başqa Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə icra edilməkə mübahisəli torpaq sahəsindən Cavabdeh çıxarılmasına baxmayaraq, cavabdeh həmin torpaq sahəsini təkrar zəbt etməklə istifadə edir. Beləliklə, Cavabdeh hüquqa zidd hərəkətlərini davam etdirməklə, İddiaçı özünə məxsus torpaq sahəsinin 2019-cu ildən hal-hazıradək istifadə etməsindən məhrum etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Gədəbəy X1 Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən, mübahisəli 0,06 ha torpaq sahəsindən 2019-2025-ci illər üzrə cəmi 5.290 kiloqram kartof bitkisi əldə etmək olar. "xxxx" MMC tərəfindən verilmiş 217 saylı, 21 noyabr 2025-ci il tarixli arayışda qeyd edilən qiymətlərin yuraxı həddi əsas götürülməklə hesablama apardıqda 2019-2025-ci illər üzrə əldə edilə biləcək 5.290 kiloqram kartof bitkisindən 5.025,50 manat (5.290x0,95 = 5.025,50) gəlir əldə etmək mümkün olardı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən məbləğdə əldən çıxmış faydaya görə zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
20. Maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq baxımından zərərin 2 növü - real və potensial zərər fərqləndirilir. Belə ki, real zərər əmlaka dəymiş maddi ziyanı, potensial zərər isə əldən çıxmış faydanı əks etdirir. Hazırki mülki mübahisəyə əldən çıxmış fayda ilə bağlı Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir.
21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 4.800 manat pul alınıb iddiaçıya verilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
24. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov