Məhkəmə qərarları › İş №2(042)-1464/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1464/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1464/2025 16.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: alqı-satqı müqaviləsinin icrasından imtina və əşyaya görə ödənilmiş pulun qaytarılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona verməli olduğu 700 manat pulun, soyuducunu evinə aparıb-gətirməsi üçün daşınma xərcinə görə 40 manat pulun pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun, ümumilkidə 770 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonun Qaraməmmədli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, kənd təsərrüfatı işləri ilə məşğul olmaqla dolanır. Evində soyuducu olmadığına görə əziyyətlə pul toplayaraq soyuducu almaq fikrinə düşmüşdür. Gədəbəy rayonun mərkəzində Univermaq adlanan yerdə Sadiq adlı şəxsin mağazasına yaxınlaşmış və soyuducu almaq istədiyini bildirmişdir. Cavabdeh soyuducunu 700 manata satdıqlarını bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə 1 illik zəmanət sənədi əsasında cavabdehə şifahi razlaşmaları əsasında 700 manat ödəməklə soyuducu almışdır. Həmin soyuducunu evinə aparmaq üçün taksi xidmətinə 20 manatda əlavə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə soyuducunu evində elektirik naqilinə birləşdirən zaman soyuducunun səsinin normal olmadığına görə Sadiqlə telefon vasitəsi ilə əlaqə saxlamış və bunu bildirmişdir. Sadiq isə ona 1 illik zəmanət sənədinin olduğunu xatırladaraq soyuducunu işlətməsini bildirmişdir. Soyuducu həmin vəziyyətdə sentyabr ayına kimi işləmiş, sentyabr ayında soyuducu işləməmişdir. O, yenidən Cavabdehla əlaqə saxlamiş, soyuducunun xarab olduğunu bildirmişdir. Sadiq isə ona servisdən usta gələcəyini və düzəldəcəyini bildirmişdir. Oktyabr ayında özünü soyuducu ustası kimi təqdim edən Səməd adlı şəxs onun evinə gəlmiş, soyuducunu yoxlamış və matorunun yandığını bildirərərək həmin matoru dəyişdir və ona soyuducunu 1 gün sonra işə salmasını bildirmişdir. O, səhəri günü soyuducunu işə salmış, axşama kimi gözləmişdir. Soyuducunun səsi çıxsa da soyutmamışdır. Həmin vaxt o Cavabdeh ilə əlaqə saxlamış və bunun bildirmişdir. Cavabdeh əlavə usta göndərəcəyini bildirmiş, bir gün sonra onun telefonuna zəng edərək tanımadığı bir şəxs ona usta olduğunu bildirmiş, soyuducunun hansı vəziyyətdə işlədiyini biləndə usta soyuducunu düzəldə bilməyəcəyini bildirərək getmişdir. Təzədən cavabdehlə əlaqə saxlamış, cavabdeh soyuducunu mağazaya gətirməsini bildirmişdir. 20 manat yenidən taksiyə verib, soyuducunu Univermağa qaytarıb gətirmişdir. Cavabdeh ona soyuducunu düzəltdirib məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra cavabdeh onunla əlaqə saxlayaraq soyuducunun düzəldiyini bildirmişdir. O, mağazaya gəlmiş və mağazada soyuducunu elektrik naqilinə qoşsalar da soyuducu işləməmişdir. Soyuducu işləmədiyinə görə o çıxıb getməli olmuş və cavabdeh soyuducunun pulunu ona qaytaracağını bildirmişdir. O, cavabdehlə bir neçə dəfə əlaqəsaxlayaraq soyuducunun pulunu tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də, o bu barədə DİN-nin 102 xidmətinə müraciət etməli olmuşdur. Müraciətinə cavab olaraq Gədəbəy rayon Polis şöbəsi tərəfindən ona ünvanlanmış məktubda mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. O, cavabdehdən soyuducuya görə ödədiyi 700 manat məbləğində pulun qaytarılmasını istəyir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy şəhərində ticarət mağazası işlədir. İddiaçı soyuducu əşyasını satmışdır. İddiaçı soyuducunu aldıqdan bir müddət sonra zəng edərək soyuducunun işləmədiyini bildirmişdir. Bu hallarda soyuducunun təmir işlərinə servis xidməti baxır. O, “X2” şirkəti ilə əlaqə saxlamış və soyuducu təmir edilmişdir. Daha sonra iddiaçı soyuducunun təkrarən xarab olduğunu bildirmiş və o, iddiaçıya soyuducunu mağazaya gətirməsini demişdir. İddiaçı soyuducunu mağazaya gətirmiş və o, yenidən servis xidmətini çağırmışdır. Servis xidməti soyuducuya baxış keçirdikdə soyuducunun işlədiyini aşkar etmişdir. Buna baxmayaraq cavabdeh soyuducunun xarab olduğunu bildirərək DİN-nin 102 xidmətinə ondan şikayətini bildirmişdir. Polis əməkdaşlarının iştirakı ilə də soyuducuya baxış keçirilmiş və işlədiyi aşkar edilmişdir. Soyuducunun 1 il zəmanət müddəti olmuşdur. Əşya satıldıqdan 14 gün müddətində xarab olarsa yenisi ilə əvəz edilir, əgər 14 gündən sonra xarab olarsa təmir edilir. İddiaçıya məxsus soyuducu təmir edilmişdir. Lakin, iddiaçı soyuducunu qəbul etmir və pulunu istəyir. Soyuducu 2025-ci ilin sentyabr ayından ona məxsus mağazadadır. İddiaçı soyuducunu apara bilər. O, əşyanın satış dəyərinin iddiaçıya qaytarılmasına razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - zəmanət sənədindən görünür ki, mübahisə predmeti olan soyuducu üçün satış tarixindən etibarən 36 ay zəmanət müddəti müəyyən edilmişdir. Soyuducu xx.xx.2025-ci il tarixdə satılmışdır. - 169 nömrəli satış qəbzindən görünür ki, Cavabdeh (VÖEN **********) tərəfindən xx.xx.2025-ci il tarixdə 700 manat məbləğində satış həyata keçirilmişdir. - “X2” xidmətinin xx.xx.2025-ci il tarixli evdə xidmət qəbzindən görünür ki, mübahisə predmeti olan soyuducuya baxış keçirilmiş, qüsur kimi soyutmaması müəyyən edilmiş və təmir edilmişdir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2-ci maddəsinə əsasən, Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

9. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: -lazımi keyfiyyətli mala dəyişdirməyi; -satış qiymətini uyğun məbləğdə azaltmağı; -malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; -malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; -müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 581.1-ci, 581.2-ci maddələrinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 587.1-ci maddəsinə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələb etsin. - 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. - 589.1-ci və 589.7-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

11. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

12. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Məhkəmədə işin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, cavabdeh İmanov X1 şəhəri, H.Əliyev prospekti 16 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə 700 manat məbləğində soyuducu məişət əşyası almışdır. Mübahisə predmeti olan soyuducu üçün satış tarixindən etibarən 36 ay qarantiya (zəmanət) müddəti müəyyən edilmişdir. 2025-ci ilin sentyabr ayından soyducuda nasazlıq aşkar edilmiş, texniki xidmətlər göstərilməsinə baxmayaraq nasazlıq aradan qaldırılmamış və iddiaçı tərəfindən soyuducu cavabdehə qaytarılmışdır. Cavabdeh soyuducuda olan nasazlıqların aradan qaldırıldığını bildirərək iddiaçıya təhvil vermək istədiyini bildirsə də, iddiaçı soyduducunun nasaz olmasını və cavabdehin ona keyfiyyətsiz əşya satdığını bildirərək, əşya üçün ödədiyi məbləğin geri qaytarılması tələb edir. Əşya hazırda cavabdehin sahibliyindədir. İddiaçı əşyada olan qüsurların alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yarandığını bildirir, cavabdeh isə bu halı məhkəmədə təkzib etmir.

14. Görünündüyü ki, satıcı olan cavabdeh tərəfindən alıcı olan iddiaçıya keyfiyyətsiz əşya satılması iş materialları və tərəflərin izahatları ilə sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır.

15. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvan ilə rayon mərkəzinə olan məsafənin uzunluğu nəzərə alınarsa sözgedən əşyanın daşınması (yaşadığı ünvana aparması və qaytarması) üçün müəyyən xərclər çəkməsi inandırıcıdır. Həmçinin iddiaçının daşınma xərci olan tələb etdiyi məbləğ ağlabatan məbləğdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən mübahisənin baş verməsində cavabdehin təqsiri müəyyən edildiyindən həmin xərclər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh keyfiyyətsiz satılmış əşya üçün ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pul, ödənilmiş 40 (qırx) manat əşyanın daşınma xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar