Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-154/2025 11.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borc müqaviləsi üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2300 manat məbləğində borc pulun, 43 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödənilmiş 75 manat xərcin əvəzinin, cəmi 2418 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışlığı olmuşdur. 2024-cü ilin aprel ayında Cavabdeh bacısı xəstə olduğuna görə pul lazım olduğunu bilirmiş və ondan 4.000 manat borc pul istəmişdir. O, pulunun olmadığını bildirmiş və yalnız bankdan kredit götürərək verə biləcəyini demişdir. Səbinə ona bankdan kredit götürərək kömək etməsini, borcla birlikdə bankın faiz borcunu da qaytaracağını bildirmişdir. O, da xx.xx.2024-ci il tarixdə əmək haqqı kartı vasitəsilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən online olaraq 3.000 manat kredit götürmüş və həmin pulu xx.xx.2024-cü il tarixdə ABB mobil tətbiq vasitəsilə Cavabdeh göndərmişdir. Bundan sonra o yenə özünə məxsus həmin əmək haqqı kartı vasitəsilə xx.xx.2024-cü il tarixdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən online olaraq 1900 manat kredit götürmüş və həmin pulun 900 manatını xx.xx.2024-cü il tarixdə ABB mobil tətbiq vasitəsilə Cavabdeh göndərmişdir. Cavabdeh ona hər ay 400 manat ödəməklə borcu və kreditə görə yaranan faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. O, cəmi 4 ay ödəniş edərək ona 1.600 manat pul göndərmişdir. Bundan sonra isə borcu qaytarmaqdan boyun qaçırmışdır. Halhazırda Cavabdeh ona olan borcu 2.300 manat təşkil edir. Hər dəfə Səbinədən borcu və ona görə götürdüyü kreditin hesablanmış faiz borcunu qaytarmasını tələb etsə də, o müxtəlif bəhanələr gətirərək əsas borcu və faizi borcunu qaytarmaqdan boyun qaçırır. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh onun kredit olaraq götürüb verdiyi 3900 manat borcun qaytarılmamış hissəsi olan 2.300 manat pulu ona geri ödəməlidir. Onun cavabdehə həqiqətən 3.900 manat borc pul verməsini təsdiq edən bank hesabından çıxarışı və ödəniş qəbzlərini iddia ərizənə əlavə edir. Cavabdehin ona həqiqətən borclu olması aralarında “Whatsapp” proqramı vasitəsilə olan danışıqlardan da öz təsdiqini tapır. Hesab edir ki, həmin danışıqlar borc müqaviləsinin tərəfləri olaraq bizə sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı borc müqaviləsi ilə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərdən fərqlənmir. Odur ki, Cavabdeh borcu etiraf etməsi barədə danışıqları qanuni sübut hesab olunur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia tələbində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan; - iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış və məhkəmə baxışı zamanı "xxxx" ASC-dən və "xxxx" ASC-dən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də Cavabdeh məxsus hesaba 900 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də X1 məxsus hesaba ümumilikdə 3.000 manat məbləğində pul köçürülmüşdür. - CD diskdə olan İddiaçı və Cavabdeh arasında aparılmış danışıqlara dair səs yazıdan görünür ki, Cavabdeh danışığında İddiaçı olan borcu barədə bildirir, lakin danışıqda borcun məbləği barədə söhbətlər aparılmır.
8. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehə verdiyini sübut etməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 95.3-cü maddəsinə əsasən, məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.10-cu maddəsinin tələblərinə əməl edilməklə yol verilir. - 10.10-ci maddəsinə əsasən, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. - Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. - Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”
11. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarda olan məlumatlar hər hansı bir şəxsin şəxsi toxunulmazlıq hüqunun pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən səs yazılarda olan məlumatlar iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin olmasını təsdiq edir ki, bu tərəflərin şəxsi toxunulmazlıq hüququnun pozulması anlamına gəlmir və iş üzrə sübut kimi qəbul edilə bilər.
12. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldırarkən cavabdehə məxsus bank hesablarına xx.xx.2024-cü il tarixdə 900 manat və xx.xx.2024-cü il tarixdə 3.000 manat məbləğində pul köçürməklə cavabdehə ümumilikdə 3.900 manat məbləğində borc pul verdiyini, cavabdehin həmin borcdan ona 1.600 manat məbləğində ödəniş etdiyini, qalan 2300 manat məbləğində borcu isə ona qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar və məhkəmə baxışı zamanı əldə edilmiş müvafiq bank məlumatları ilə İddiaçı tərəfindən Cavabdeh məxsus bank hesabına xx.xx.2024-cü il tarixdə 900 manat məbləğində pul köçürülməsi faktı təsdiqini tapır. Həmin məbləğin iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
13. Həmçinin iddiaçının qeyd etdiyi xx.xx.2024-cü il tarixli bank əməliyyatı ilə köçürülmüş və tələb edilən 3.000 manat məbləğində pul məbləği isə "xxxx" ASC-də X1 məxsus hesaba köçürülmüşdür. Belə olan halda həmin aparılmış bank əməliyyatı ilə Cavabdeh əlaqəsini müəyyən etmək mümkün olmadığından həmin pul məbləğinin sonuncudan tələb edilməsi əsassızdır və Cavabdeh həmin pul məbləğinə münasibətdə cavab verməli şəxs deyildir.
14. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: - "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi sssistinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. - ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. - ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
15. Azərbaycan Respublikası Müki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
16. Məhkəmə iddiaçının izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin iddiaçıdan 900 manat məbləğində borc pul alması və həmin məbləği iddiaçıya qaytarmaması məhkəmə iclasında sübuta yetirilir. Lakin, iddia tələbi qalan hissədə, yəni 1.400 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə borc verilməsi hissəsində sübuta yetirilmədiyindən iddia həmin hissədə əsassızdır.
17. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 900 manat məbləğində pul tutulub İddiaçı verilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat və ödənilmiş vəkil xidmət haqqının əvəzi olaraq 75 (yetmiş beş) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov