Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-159/2021 01.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “sudan istifadəyə maneələrin aradan qaldırılması və dağıdılmış əşyaların cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və X5 tərəfindən sudan istifadəyə qoyulan maneənin aradan qaldırılması, su borusunun dəmir poçkanın, su şlankının, 4 metr tolun və 4 ədəd şiferin cavabdehlərin vəsaiti hesabına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, cavabdehlər Cavabdeh1 və X5 ilə təxminən 10 ildir ki, qonşudur. Onların əvvəllər münasibətləri yaxşı olmuşdur. Cavabdehlərin torpaq sahəsi ilə onun torpaq sahəsi arasındakı dərənin aşağı hissəsində təbii şəkildə bulaq qaynayır. O, suya olan tələbatını ödəmək üçün həmin qaynaqdakı dəmir borudan öz evinə boru vasitəsi ilə su çəkərək maneəsiz istifadə etmişdir. O, həmin bulağın dağılmaması üçün bulağın üzərinə 4 ədəd şifer, 1 ədəd dəmir çən, bir ədəd dəmir çəllək və 4 metrlik tol çəkmişdir. 05 noyabr 2020-ci il tarixdə cavabdehlərin bulağı dağıtdığını görmüş və aralarında mübahisə baş verimişdir. Hazırda cavabdehlər dağıtdıqları bulağı, onun tərəfindən quraşdırılan əşyaları bərpa etmir və onun sudan istifadəsinə maneə yaradırlar. Onun ərizəsi əsasında Gədəbəy rayonu Polis şöbəsində araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə ona Gədəbəy şəhərində 799.43 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının evinə gedən su borusu onun torpaq sahəsindən keçir. O, iddiaçının evinə su xəttinin onun torpaq sahəsindən keçməsinə razı deyil. Bulaq ona məxsus torpaq sahəsində yerləşir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X5 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, digər sübutları məhkəmə iclasında tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gədəbəy şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.11.2020-ci il tarixli, 2189 saylı arayışdan görünür ki, Cəlilova X6 rayonu, Tapan kəndində qeydiyyatda olmasına baxmayaraq Gədəbəy şəhərində qeydiyyatsız yaşayır. Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 noyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, 05.11.2020-ci il tarixdə saat 10:58-də Gədəbəy RPŞnin Növbətçi Hissəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102-Xidmətindən Gədəbəy rayonu, Qumlu kənd sakini, vət. İddiaçı Şahin, Azad və Zəhra adlı şəxslər tərəfindən bıçaqla hədələnməsi barədə verdiyi məlumat daxil olmuş, daxil olmuş məlumat HK-1-də 1493 sayla qeydiyyata alınmış, araşdırma aparılmış və cinayət hadisəsi olmadığında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20.11.2020-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, X10 kitabında 25.07.2012-ci il tarixdə 1191 nömrə ilə uçota alınmış A № 410238 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Gədəbəy şəhərində 799.43 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 03 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş, Gədəbəy şəhərində yerləşən, 25.07.2012-ci ildə Dövlət Kadastr kitabında 1191 nömrə ilə uçota alınmış A № 410238 saylı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında Cavabdeh1 məxsus olan 799.43 kv.m həyətyanı torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan sualı cavablandırmaq və rəy vermək mümkün olmamışdır. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı məhkəmədə iddia qaldıraraq öz evinə cavabdehlərlə onun torpaq sahəsinin arasında yerləşən bulaqdan maneəsiz istifadə etməsinə cavabdehlər tərəfindən maneələr yaradıldığını və su borusunun dəmir boçkanın, su borusunun, 4 metr tolun və 4 ədəd şiferin cavabdehlər tərəfindən dağıdıldığını bildirmiş və məhkəmədən sudan istifadəyə qoyulan maneənin aradan qaldırılması, su borusunun dəmir boçkanın, su borusunun, 4 metr tolun və 4 ədəd şiferin cavabdehlərin vəsaiti hesabına bərpa edilməsini xahiş etmişdir. Cavabdeh1 isə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə ona Gədəbəy şəhərində 799.43 kv.m həyətyanı torpaq sahəsi verildiyini, iddiaçının evinə gedən su borusu onun torpaq sahəsindən keçdiyini və bulağın ona məxsus torpaq sahəsində yerləşdiyini bildirmişdir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon Aqrar islahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş, Gədəbəy şəhərində yerləşən, 25.07.2012-ci ildə Dövlət Kadastr kitabında 1191 nömrə ilə uçota alınmış A № 410238 saylı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında Cavabdeh1 məxsus olan 799.43 kv.m həyətyanı torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan sualı cavablandırmaq və rəy vermək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, bulağın yerləşdiyi ərazi cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi sübutlarla təsdiqini tapmır. Eləcə də, cavabdehlər məhkəmə iclasında iddiaçıya məxsus bulaq və su mənbəyini dagıtmadıqlarını bildirsələr də, Gədəbəy rayon Polis şöbəsində araşdırma zamanı verdiyi izahatında cavabdeh X1 Cəlilovaya müvəqqəti istifadə etmək üçün bulaq verdiklərini, həmin bulaqdan istifadə etməyə imkan verməyəcəyini, eləcə də, bulağın üzərində olan borunu çıxardığını və 200 litrlik dəmir çəlləyi dərə tərəfə qoyduğunu etiraf etmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Gədəbəy rayon Polis şöbəsinin təhqiqatçısı Natiq Həsənovun 12.11.2020-ci il tarixli qərarında hadisə yerinə baxış zamanı İddiaçı mübahisələndirdiyi bulağın dağıdılmış vəziyyətdə olması, çay kənarında 4 ədəd şifer hissəsinin, bir ədəd 200 litrlik çəlləyin olmasının müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirdiyi su mənbəyinə olan maraqları da, onun mülkiyyəti kimi qiymətləndirilməlidir. İddiaçının ona aid olan və istifadə etdiyi su mənbəyinin mühafizəsini həyata keçirmək, onu cavabdehlərdən qorumaq hüququ vardır. Cavabdehlərin su mənbəyinə etdikləri müdaxiləni və sudan istifadəyə yaratdıqları maneələri məhkəmə iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirir və onun məhkəmədə qaldırdığı iddia tələbini əsaslı sayaraq təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 311 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Gədəbəy rayonu Qumlu massivində yerləşən əvvəllər istifadə etdiyi sudan istifadəsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və dağıdılmış su mənbəyi əvvəlki vəziyyətdə bərpa edilsin. Ödənilmiş dövlət rüsumu 10 manat Cavabdeh1 və X2 alınaraq iddiaçıya verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 311 manat məbləğində pul vəsaiti Cavabdeh1 və X2 tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-159/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-159/2021
01.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver