Məhkəmə qərarları › İş №2(042)-161/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-161/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-161/2024 29.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4050 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində ünvanda yaşayır. Özünə məxsus xırdabuynuzlu heyvanlar saxlayır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Gədəbəy rayonu, Qızılqaya kənd sakini Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən o, hər ayı 300 manat olmaqla ona məxsus xırdabuynuzlu heyvanlara çobanlıq etməyi öhəsinə götürmüş, o isə ona ilkin olaraq 11 oktyabr 2022-ci il tarixdə 4050 manat pul vermişdir. Cavabdeh pulu aldıqdan sonra onun hevynalarını otarmaqdan imtina etmişdir. O dəfələrlə ona gəlib ya heyvanları otarmasını, ya da pulunu geri qaytarmasını tələb etsə də, o buna məhəl qoymayaraq heyvanlarını otarmamış, pulunu isə geri qaytarmamışdır. Cavabdeh əvvəlcə onun pulunu qaytaracğına söz versə də, pulu qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, o cavabdehdən pulunu tələb etməkdə haqlıdır. Həmçinin pulun 4000 manat hissəsini cavabdehə verərkən Cavabdeh dilindən ona qəbz vermişdir. Həmin qəbzi sübut olaraq ərizəsinə əlavə edir. Belə olan halda hesab edir ki, cavabdeh onun cavabdehə çobanlıq etmək məqsədilə verdiyi 4050 manat məbləğində əsassız olaraq varlanmışdır. Ona görə də o həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahar verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. Ceyrançöl adlanan qışlaqda çobanlıqla məşğul olur. O, iddiaçı ilə sonuncuya məxsus heyvanlara çobanlıq etməsi barədə aylıq əmək haqqı 300 manat olmaqla razılaşmış və buna görə iddiaçıdan əvvəldən 4050 manat məbləğində pul almışdır. Lakin iddiaçının heyvanlarının saxlanması üçün olan qışlaqda qalmaq üçün şərait yaxşı olmadığından arvadı razı olmamış və o iddiaçının heyvanlarını otarmaqdan imtina etmişdir. O, iddiaçıya aldığı pulun 2000 manatını verməyi, qalan hissəsini isə hissə-hissə ödəməyi təklif etmiş, lakin iddiaçı bunu qəbul etməmişdir. İşdə olan qəbz onun tərəfindən yazılmışdır. Məhkəmə tərəflər dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, həmin qəbzdə Gədəbəy rayonu, Yenikənd kənd sakini Cavabdeh Gədəbəy rayonu, Düzyurd kənd sakini İddiaçı çoban getmək üçün əvvəlcədən 4000 manat pul aldığını və aylıq 300 manata işləyəcəyini, əgər işləməsə onun pulunu geri qaytaracağını, qaytarmayacağı təqdirdə məsuliyyət daşıdığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehdən tələb etdiyi 4050 manat pulu cavabdehə verdiyini və cavabdehin tapşırıq müqaviləsi üzrə öhdəliklərini icra etməyərək aldığı pulu qaytarmadığını sübut etməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ona məxsus heyvanların otarılması üçün şifahi tapşırıq müqaviləsi üzrə Cavabdeh ilə aylıq 300 manat əmək haqqı müəyyən edilməklə razılaşmışlar və iddiaçı əvvəlcədən cavabdehə heyvanların otarılması üçün 4050 manat məbləğində pul vermiş, lakin cavabdeh sonradan iddiaçının heyvanlarını otarmaqdan imtina etmişdir. Beləliklə iddiaçı cavabdehə 4050 manat məbləğində heyvanlarının otarılması üçün pul verdiyini və cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyini məhkəmə iclasında tam sübuta yetirə bildi. Belə ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək üçün məhkəməyə cavabdeh tərəfindən yazılmış, 4000 manat məbləğində borcun mövcudluğunu təsdiq edən sadə yazılı qəbz təqdim etmişdir. Eləcə də, cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək iddiaçıdan heyvanların otarılması üçün 4050 manat məbləğində pul aldığını, lakin daha sonra müxtəlif səbəblərdən heyvanları otarmaqdan imtina etdiyini, aldığı pul məbləğini iddiaçıya qaytarmadığını bildirmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi olaraq bağlanmış tapşırıq müqaviləsinə əsasən, cavabdeh iddiaçının heyvanlarının otarılması üçün aylıq 300 manat əmək haqqına razılaşmış, iddiaçı əvvəcədən cavabdehə heyvanların otarılması üçün əmək haqqı olaraq 4050 manat pul vermiş, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və iddiaçıdan aldığı 4050 manat məbləği həddində əsasssız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4050 məbləğində pul alınıb İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4050 manat məbləğində pul və ödənilmiş 60.5 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 4110 (dörd min bir yüz on) manat 50 (əlli) qəpik məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar