Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-19/2024 13.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “vurulmuş zərərin ödənilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh vurduğu 17000 manat maddi zərərin, 5000 pulun və ödənilmiş 156 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma qardaşıdır. Cavabdeh 20 ilə yaxın müddətdə onun Şəmkir rayonu, Yeni Həyət kəndində yerləşən evində yaşamışdır. Cavabdehlə 2019-cu ilin əvvəlində könüllü şəkildə öz aralarında olan razılaşmaya əsasən Texniki İnventarlaşdırma Bürosunun Reyestr kitabında 01 nömrə ilə qeyd edilmiş xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında ona məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə cavabdehə məxsus olan Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsini dəyişdirmişlər və o cavabdehə əlavə olaraq 5000 manat pul vermişdir. Cavabdeh öz üzərinə götürmüşdür ki, o da evə çıxarış alacaq və onlar notariat orqanında bir-birinə bağışlama edəcəklər. Həmin gündən cavabdeh ona məxsus Yeni Həyat kəndində yerləşən evdə öz ailəsi ilə yaşayır, o isə Əmiraslanlı kəndində ata yurdunda öz ailəsi ilə yaşayır. O, cavabdehlə aralarında olan şifahi əqd əsasında 2019-cu ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başladımışdır. Həmin vaxt cavabdeh dəfələrlə onlara gəlmiş, tikinti işləri getdiyini görmüş, lakin buna heç bir etirazını bildirməmiş, əksinə xeyr-dua vermişdir. Lakin sonradan torpağa xx.xx.2019-cu il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış aldıqdan sonra bilərəkdən gözləmiş və onlar evi tikdirib qurtardıqdan sonra cavabdeh məhkəmədə ona qarşı və üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin zəbtdən azad edilməsi və onun evə köçürülməsi tələbi”nə dair iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(042)-158/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələblərinin təmin edilməsi, Cavabdeh Gədəbəy rayonunun Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Hansı ki, o orada cavabdehlə aralarında olan razılaşma əsasında həmin evin tikintisinə 17000 manat vəsait xərcləmişdir. Bunu təsdiq edəcək sübut və şahidləri vardır. Hesab edir ki, o, aralarında olan şifahi əqdi pozmuş, sözügedən qətnaməni çıxarıldığı üçün ona vurmuş olduğu 17000 manat maddi zərəri ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı onun qardaşıdır. İddiaçı ilə onun aralarında yaşadıqları fərdi yaşayış evlərini dəyişmələri barədə razılıq olmuş, lakin o, 2017-ci il tarixdə avtoqəza etmiş və 2018-ci il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 4 il cəza çəkdikdən sonra 2022-ci ildə həbsdən çıxmışdır. O, avtoqəza törətdiyi zaman pul yığılmış, həyat yoldaşı yığılmış 7000 manat pulu iddiaçıya vermişdir. İddiaçı həmin məbləğlə evi tikmişdir. Mübahisəli ev 2019-cu il tarixdə tikilmişdir. İddiaçı ona pul verməmişdir. İddiaçı fərdi yaşayış evinin tikintisinə 13000 manat xərclədiyini demişdir. Hazırda isə ondan 17000 manat tələb edir. 15 il müddətində Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən evdə yaşamışdır. Uşaqları da həmin evdə doğulmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yaşayır. Ustadır. 4-5 il bundan əvvəl mübahisəli fərdi yaşayış evinin üstünü o tikmişdir. İnşaat materiallarını Fədail Məcidov almışdır. İddiaçı Fədailin çobanı olmuşdur. Evin inşası ilə bağlı danışıqlar İddiaçılə aparılmışdır. Hazırda həmin evdə yaşayış yoxdur. Eşitdiyinə görə İddiaçı ona məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə Cavabdeh məxsus olan Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən torpaq sahəsini dəyişmişdir. X1 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayır. İmranın qayınatasıdır. O, İddiaçı evinin tikintisində işləmişdir. Evin tikintisi ilə bağlı İddiaçılə danışıqlar aparılmış və işlərin görülməsinə görə pulu İddiaçı vermişdir. İmran işlərin görülməsinə görə onlara, 2 nəfər üçün 1400 manat pul vermişdir. Evin kv.m-ni 5 manata hörmüşlər. İnşa etdikləri ev 2 otaq, mətbəx və hamamdan ibarət olmuşdur. X3 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yaşayır. Mübahisəli fərdi yaşayış evinin damını o inşa etmişdir. Evin damının inşası ilə bağlı danışıqları İddiaçılə aparmış və İmran evin damının inşası üçün ona 400 manat pul vermişdir. O, həmin evdə işləyən zaman Cavabdeh orada görməmişdir. Ev 2019-cu il tarixdə inşa edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Texniki İnventarlaşdırma Bürosunun Reyestr kitabında 01 nömrə ilə qeyd edilmiş xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəmkir rayonu, Yeni Həyat kəndində İddiaçı adına 20 kv.m sahəsi olan fərdi yaşayış evi qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-158/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Gədəbəy rayonu, Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 144 saylı arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki Gədəbəy rayonu, Əmiraslanlı kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nın Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 96 saylı arayışdan görünür ki, Cavabdeh Gədəbəy RİHB-nın Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 84-cü səhifəsində, 77-ci şəxsi hesabına əsasən qeydiyyatdadır. Cavabdeh Əmiraslanlı kəndində 0.10 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində 2 mərtəbəli tikili var. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən Cavabdeh məxsus 0.10 ha torpaq sahəsinin planı və kadastr göstəriciləri əks olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən **********37 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Cavabdeh adına qeydə alınmış torpaq sahəsindən aparılmış tikilinin (evin) tikintisinə sərf olunmuş əməyin və həmin evin tikilməsində istifadə olunmuş materialların dəyəri bazar qiymətlərinə uyğun olaraq 19859.7 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehə məxsus torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə 17000 manat məbləğində pul xərclədiyini və cavabdehə 5000 manat məbləğində pul verdiyini sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılığa əsasən iddiaçı ona məxsus Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini dəyişmək barədə şifahi razılığa gəlmişlər. Bu barədə aralarında hər hansı rəsmi sənədləşmə işi aparılmamışdır. Bundan sonra İddiaçı 2019-cu il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İşin bu hallarını tərəflər mübahisələndirmir. Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən mübahisəli torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. Cavabdeh 2023cü il tarixdə İddiaçı qarşı mübahisəli fərdi yaşayış evindən çıxarılması və onun həmin evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə Cavabdeh Gədəbəy rayonu, Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında mülkiyyətlərində olan əmlakların dəyişdirilməsi barədə şifahi razılaşma üzrə mübahisələr yaranmışdır. Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmiş, inşasına sərf olunmuş əmək iddiaçı tərəfindən qarşılanmış və materiallar iddiaçı tərəfindən alınmışdır. Bu iddiaçının, cavabdehin izahatları və şahid ifadələri ilə təsdiqini tapır. Hazırda iddiaçı həmin evdə yaşamır və evə dair hər hansı istifadə və ya mülkiyyət hüquqlarının olması müəyyən edilmir. Evin yerləşdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Dolayısı ilə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə də Cavabdeh mülkiyyət hüququna qanuni gözləntisi vardır və sonuncunun nəzarətindədir. Məhkəmə tərəfindən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş əməyin və materialların dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən, tikilinin (evin) tikintisinə sərf olunmuş əməyin və həmin evin tikilməsində istifadə olunmuş materialların dəyəri bazar qiymətlərinə uyğun olaraq 19859.7 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf olunmuş əməyin və həmin evin tikilməsində istifadə olunmuş materialların dəyəri olan 19859.7 manat məbləği həddində əsassız olaraq varlanmışdır. Məhkəmə qeyd edir ki, MPM-218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə vurulmuş ziyan üzrə 17000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin ondan 5000 manat məbləğində pul almasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsassız varlanmaya görə 17000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 156 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyi hissədə cavabdehə aid edilməlidir. Qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 17000 manat (on yeddi min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 141 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-19/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-19/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver