Məhkəmə qərarları › İş №2(042)-202/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-202/2022

07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-202/2022 07.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən cəmi, 6505 manat pul alınaraq, ona verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy rayonunun Miskinli kəndində cavabdehlə şərikli mağaza açaraq, ticarətlə məşğul olmuşlar. Bütün sənədləşmə işləri Cavabdeh adına olmaqla o, satışa nəzarəti həyata keçirmişdir. Satılan və nisyə verilən malların siyahısı cavabdehdə olmuşdur. Onlar hesablaşma apararkən məlum olmuşdur ki, cavabdehin ona 3150 manat, 2558 manat və 797 manat olmaqla, cəmi, 6505 manat miqdarında borcu var. Həmin pul əldə edilmiş qazancdan nisyə satılmış malların dəyərindən ibarət olmuşdur. O, cavabdehə dəfələrlə borcun ödənilməsini xahiş etsə də cavabdeh borcunu ödəməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən etiraf etmiş, izahat verərək, bildirmişdir ki, qazancdan 1500 manat, nisyə satılmış maldan 375 manat miqdarında borcu qalmışdır. Həmin borcu yaxın müddətdə ödəyəcəkdir. Ona görə də iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, o, həmin mağazada satıcı kimi işləmişdir. Cavabdeh və iddiaçı 5 il müddətə həmin mağazanı işlətmişlər. Aralarında narazılıq olmamış, lakin sonradan tərəflər arasında narazılıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası “Məhkəmələr və Hakimlər haqqında” qanunun 100-cü maddəsinə əsasən Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Hüseynov X1 Azər Yusif oğlu ilə Gədəbəy rayonunun Miskinli kəndində cavabdehlə şərikli mağaza açaraq, ticarətlə məşğul olmuşlar. Bütün sənədləşmə işləri Cavabdeh adına olmaqla o, satışa nəzarəti həyata keçirmişdir. Satılan və nisyə verilən malların siyahısı cavabdehdə olmuşdur. Onlar hesablaşma apararkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya 1875 manat borcu olmasını etiraf etmişdir. Məhkəmə işdə olan sübutları, cavabdehin iddia tələbini qismən etiraf etməsini nəzərə alır və belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1875 manat və ödənilmiş dövlət rüsumunun 21 manat hissəsi, cəmi, 1896 manat alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 1875 manat borc və ödənilmiş dövlət rüsumunun 21 manat hissəsi, cəmi, 1896 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar