Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-212/2023 30.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və fərdi yaşayış evinin arxa divarının sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evinin cavabdehin qanunsuz əməli nəticəsində yararsız hala düşməsinə görə yenidən təmiri üçün tələb olunan 9600 manat, fərdi yaşayış evinə daman yağış və qar suyunun təsiri ilə yararsız hala düşmüş ev əşyalarının ümumi dəyəri olan 2370 manat, ümumilikdə 11970 manat pulun, iddianın qaldırılması və hüquqi xidmətə görə vəkilə ödəmiş olduğu 550 manat xidmət haqqının və 46 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi və cavabdeh tərəfindən özbaşına inşa edilmiş evinin arxa divarına bitişik vəziyyətdə olan fərdi yaşayış evinin arxa divarının cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən ona məxsus evinin qonşuluğundakı, valideynlərindən miras qalmış və heç bir hüquqi qeydiyyatı olmayan evdə yaşayır. Gədəbəy rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərarı və JN-016D saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun və ailə üzvülərinin ümumi paylı mülkiyyətinə verilmiş, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində inşa etdirərək ailəsi ilə birlikdə yaşadıqları fərdi yaşayış evini dövlət qeydiyyatına aldıraraq həmin evin üzərində mülkiyyət hüququna dair qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR-dən Çıxarış almışdır. O, ailəsinin maddi təminatı üçün xeyli vaxtdır ki, Rusiya Federasiyasında işləyir. Arvadının isə bir müddət qaynanasının hüzr mərasimində olmasından sui- istifadə edən cavabdeh, atasından miras qalmış və özünün də faktiki olaraq yaşadığı mülkdə yeni fərdi yaşayış evi inşa etdirmişdir. Ancaq, həmin evin arxa divarı onun mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarına bitişik olmaqla evinin üst örtüyünü özbaşına sökmüş, həmin damdan evinin arxa divarını inşa etdirdirməsi üçün ayaqaltı kimi istifadə etmiş, sonunda evin dam örtüyünü yararsız vəziyyətə salaraq guya yerinə bərkitmiş, ancaq nəticədə evimin dam örtüyündən axmalı olan yağış və qar suyunun axması üçün quraşdırılmış su noyunu götürmüş və şiferini kəsib gödəldərək yerinə beton salmış, nəticədə evinin içərisindəki 2000 manatlıq mətbəx mebel dəsti, 270 manat dəyərində divan, 100 manat dəyərində stol dəsti istifadəsi üçün yararsız hala salınmış, həmçinin evinin içərisinə daman yağış və qar suyunun təsirindən evinin təmiri tamam bərbad hala düşmüşdür ki, evinin yenidən təmiri üçün ustanın əmək haqqı və təmir üçün zəruri olan materiallarla birlikdə cəmisi 9600 manat məbləğində pul vəsaiti tələb olunur. Həmçinin cavabdehin özbaşına inşa etdirdiyi fərdi yaşayış evinin arxa divarı Azərbaycan Respublikası « Şəhərsalma və Tikinti » Məcəllənin 9.2 və 69-cu maddəsinin tələbləri pozulmaqla inşa etdirildiyindən cavabdehə məxsus evin arxa divarı sökülərək evlərinin arasında ara məsafəsi saxlanmadığı halda evinin üstündən 2-ci mərtəbənin qaldırmasına maneə yaradacaq, evinin təmir edilməsindən sonra da evinə yağacaq yağış və qar suyunun təsiri ilə evinin yenə də istifadəsi üçün yararsız hala düşməsinə gətirib çıxaracaqdır. Ona görə cavabdehə qarşı evinin arxa divarına bitişik vəziyyətdə özbaşına inşa etdirdiyi fərdi yaşayış evinin arxa divarının cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin təqsiri hesabına evinə daman yağış və qar sularının təsiri ilə yarasız hala düşmüş ev əşyalarının dəyərinin və evinin yenidən təmiri üçün tələb olunan pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia qaldırmalı olmuşdur. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə qonşudur. Özünə məxsus torpaq sahəsində tikinti inşa etmişdir. Tikinti işləri gedən zaman Gülnaz Bayramova gələrək xeyir-dua vermiş, onu yaşadıqları evə dəvət edərək evin damında olan qüsurla əlaqədar yağış sularının onlara məxsus evin içərisinə axdığını bildirərək ona məxsus evin damını da düzəltməsini xahiş etmiş və çəkəcəyi xərci ona verəcəyini bildirmişdir. O, isə iddiaçıya çəkiləcək xərc az olarsa verilməsinə ehtiyac olmayacağını, əgər çox olarsa verəcəklərini bildirmişdir. Bundan sonra onun evində çalışan ustalarla iddiaçının evinin damının (üst örtüyünün) təmir edilməsi ilə bağlı danışmış, həmçinin iddiaçının arvadı Gülnaz Bayramovanın özü ustalardan onun evinin damının (üst örtüyünün) təmir edilməsini xahiş etmişdir. Ustalar evin təmiri üçün 400 manata razılaşmışlar. Ustalar tərəfindən iddiaçının evininin damı təmir edilmiş, şiferi vurulan zaman Gülnaz Bayramova gələrək nə üçün onun evinin damını sökdürdüyünü bildirərək onunla mübahisə etməyə başlamışdır. İddiaçının evinin damında suyun axını üçün nov olmamış, o təmir zamanı iddiaçının evinin damına nov quraşdırmışdır. İddiaçının evinə yağış sularının axması özlərinə məxsus evin damında olan qüsurla əlaqədar olmuşdur. Onun inşa etdiyi tikilinin iddiaçıya məxsus evə ziyan vurması ilə əlaqəsi yoxdur. O, özünə məxsus torpaq sahəsində və əvvəllər mövcud olmuş torpaq sahəsinin sərhəddinə çəkilmiş hasarın üzərində tikinti inşa etmişdir. İddiaçıya məxsus evə ziyan vurulmasında onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Şəmkir rayonu, Könüllü kəndində yaşayır. Ustalıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evinin tikintisində işləmişlər. İddiaçının arvadı onlara cavabdehin qonşuluğunda yerləşən, onlara məxsus fərdi yaşayış evinin novunu düzəltməsini xahiş etmiş, bundan sonra cavabdeh də həmin evin novunun düzəltmələrini bildirmişdir. Həmin evin novlarının düzəldilməsi üçün cavabdehlə 400 manata razılaşmışlar.Həmçinin novun düzəldilməsi üçün materialı da cavabdeh almışdır. Onlar cavabdehin evinin tikilisini torpaq sahəsinin sərhədlərində yerləşən hasarın üzərində inşa etmişdir. İddiaçıya məxsus evin novunun düzəldilməsini iddiaçının arvadı onlardan xahiş etmişdir. X1 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan **********47 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, İddiaçı adına ünvan 1 ünvanında xüsusi mülkiyyət hüququ ilə 139.4 kv.m fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkzəsi tərəfindən verilmiş 10/16xx-xx/1648 nömrəli, 20 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) mövcud olan qüsurları nəzərə alaraq, həmin fərdi yaşayış evinin içərisinə yağış və qar sularının axması nəticəsində ziyan dəymişdir. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus olan fərdi yaşayış evində yaranmış qüsurlar həmin tikilinin dam örtüyünün düzgün vurulmaması nəticəsində yaranmışdır. Tədqiq olunan İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4956 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan fərdi yaşayış evi (B literli tikilidə) ilə Cavabdeh inşa etdirdiyi tikilinin arasında olan ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Cavabdeh evinin arxa divarının İddiaçı məxsus fərdi yaşayış evinin arxa divarına bitişik olduğu halda İddiaçı evinin ikinci mərtəbəsini inşa etdirməsinin mümkün olub-olmaması layihə sənədlər olduqdan sonra müəyyən oluna bilər. İddiaçı məxsus fərdi yaşayış evinə ziyan vurulmasında Cavabdeh hər hansı təqsiri (hüquqazidd hərəkəti) olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyətlərinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, iddiaçıya və cavabdehə məxsus fərdi yaşayış evləri Gədəbəy rayonu, Düzyurd kəndində yerləşir. İddiaçıya məxsus fərdi yaşayış evi iki hissədən ibarətdir. Əsas yaşayış sahəsi olan ev kürsülü olmaqla dam örtüyü ənənəvi şəkildə üçbucaq formalıdır. Digər yaşayış sahəsi isə yerdən olmaqla dam örtüyü düz formalıdır. Cavabdehin yaşadığı fərdi yaşayış evi isə iki mərtəbəli yaşayış evidir. İddiaçının və cavabdehin yaşadığı fərdi yaşayış evi qonşudur. İddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus fərdi yaşayış evinin divarları bitişikdir. İddiaçıya məxsus evin içərisinə yağış və ya qar sularının axması nəticəsində evin divar kağızlarına, döşəməsinə və içərisində olan əşyalara ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normalarına əsasən, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus olmalı və iddiaçıya vurulmuş ziyan cavabdehin təqsiri ucbatından olmalıdır. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı adına Gədəbəy rayonu, Düzyurd kəndində xüsusi mülkiyyət hüququ ilə 139.40 kv.m fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, iddiaçının təqsiri ucbatından ona məxsus fərdi yaşayış evinə ziyan dəydiyini iddia etmiş, həmin ziyanın ödənilməsini və cavabdehə məxsus fərdi yaşayış evinin ona məxsus evə bitişik olan divarın söklməsini tələb etmişdir. Mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) mövcud olan qüsurları nəzərə alaraq, həmin fərdi yaşayış evinin içərisinə yağış və qar sularının axması nəticəsində ziyan dəymişdir. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus olan fərdi yaşayış evində yaranmış qüsurlar həmin tikilinin dam örtüyünün düzgün vurulmaması nəticəsində yaranmışdır. Tədqiq olunan İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4956 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin içərisinə yağış və qar sularının axması nəticəsində ziyan dəymiş, İddiaçı məxsus olan fərdi yaşayış evində (B literli tikilidə) yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4956 manat məbləğində müəyyən olunmuşdur. Lakin, iddiaçıya vurulmuş ziyanın cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulması ekspert rəyi, işdə olan sübutlar, işdə iştirak edən şəxslərin izahatı və şahid ifadələri ilə müəyyən edilmir. Yəni iddiaçıya məxsus fərdi yaşayış evinə vurulmuş ziyan ilə cavabdehin əməli arasında səbəbli əlaqə müəyyən edilmir. Məhkəmə həmçinin cavabdehə məxsus fərdi yaşayış evinin arxa divarının sökülməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İnsan hüquqları və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi “ qaydalarının 1.1-ci bəndindən görünür ki, Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir.[1] 1.2. Bu Qaydaların məqsədi Məcəllənin 75-ci və 80-ci maddələrinin tələbləri pozulmaqla aparılan tikinti işlərinin qarşısını almaqdan, şəhərsalma və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir. 1.3. Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X7 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X7nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. 1.4. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə tutulmuş və Məcəllənin 95.2-ci maddəsinə əsasən yan divarlarının və dam örtüyünün tikintisi başa çatdırılmamış tikilən obyektin sökülməsi barədə qərarı Agentlik qəbul edir. 1.5. Məcəllənin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi Agentlik həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə məxsus fərdi yaşayış evinin bir hissəsinin sökülməsini tələb edərkən əsas kimi tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığını göstərmişdir. Qeyd edilən hüquq normalarına əsasən Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmayan tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə məxsus fərdi yaşayış evinin bir hissəsinin sökülməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehdən “maddi zərərin ödənilməsi və fərdi yaşayış evinin arxa divarının sökülməsi” tələbinin hüquqi əsası mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və fərdi yaşayış evinin arxa divarının sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-212/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-212/2023
30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver