Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-24/2024 03.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (ona məxsus torpaq sahəsinin ətrafına çəkmiş olduğu daş hasarı uçurması) nəticəsində ona dəymiş 500 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 530 manat məbləğində pulun alınıb ona verilmsəinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Həmin kəndə onun 0.06 ha torpaq sahəsi vardır. Torpaq sahəsinə dair adına xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. O, torpaq sahəsinin ətrafını mişar daşı ilə hasarlamışdır. Hazırda cavabdeh olan Cavabdeh qonşusudur. Cavabdeh onunla tez- tez münaqişə yaradaraq həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Bununla bağlı məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələrinə əsasən torpaq sahəsinin ona məxsus olduğu müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh yenə də onunla münaqişə yaradaraq 02 fevral 2023-cü il tarixdə ona məxsus torpaq sahəsinin ətrafına çəkmiş olduğu daş hasarı qanunsuz olaraq uçurmuşdur. Nəticədə cavabdeh tərəfindən ona 500 manat maddi ziyan dəymişdir. Bununla əlaqədar Gədəbəy rayon Polis şöbəsinə şikayət etmiş, şikayəti ilə əlaqədar şöbənin təhqiqat bölməsində araşdırma aparılmış, Təhqiqat Bölməsinin təhqiqatçısı İlham Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda həmin qərarla dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin, araşdırma zamanı Cavabdeh izahatı alınmış, o, izahat verərkən həqiqətən ona məxsus daş hasarı uçurduğunu etiraf etmişdir. Odur ki, o, cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Hasarın inşa edildiyi yeri o 1987-ci il tarixdə istifadə edir. 30 ildən sonra iddiaçı saxta yolla həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. İddiaçı onun ağaclarını kəsdiyinə görə, hasarın 12 kv.m yerini o uçurmuşdur. Onun həmin torpaq sahəsi ilə bağlı hər hansı sənədi yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2016-ci il tarixdə xüsusi mülkiyyət hüququ ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı İlham Kərimovun 12 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə məlumat verərək, Cavabdeh adlı şəxsin onun sahəsindəki daş hasarı sökməsini bildirmiş, bununla bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində, İddiaçı məxsus torpaq sahəsinin kənarına çəkilmiş hasarı uçurması nəticəsində sonuncuya 500 manat dəyərində maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etdiyi üçün Azərbaycan Respublikasıl İXMnin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılması üçün qərarın surətinin aidiyyəti üzrə Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-91/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni, 500 manat cərimə inzibati tənbehi təyin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən **********50 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin ətrafına çəkilmiş da sonra uçurulmuş hasarın bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq dəyəri 268.3 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı 02 fevral 2023-cü il tarixdə cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin ətrafına çəkilmiş hasarın qanunsuz olaraq sökülməsi nəticəsində ona 500 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına qeydə alınmışdır. İddiaçıya məxsus torpaq sahəsinin ətrafına çəkilmiş hasarın sökülməsi ilə bağlı Gədəbəy RPŞ-nin TB-də araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində, İddiaçı məxsus torpaq sahəsinin kənarına çəkilmiş hasarı uçurması nəticəsində sonuncuya 500 manat dəyərində maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etdiyi müəyyən edilmiş və Azərbaycan Respublikasıl İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılması üçün qərarın surətinin aidiyyəti üzrə Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-91/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni, 500 manat cərimə inzibati tənbehi təyin edilməsi qərara alınmışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin ətrafına çəkilmiş hasarın qanunsuz olaraq uçurulması və nəticə də, iddiaçıya ziyan vurması işdə olan sənədlərlə sübuta yetir. Məhkəmə tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspetiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən **********50 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin ətrafına çəkilmiş da sonra uçurulmuş hasarın bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq dəyəri 268.3 manat məbləğində olduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş 268.30 manat məbləğində zərərin əvəzinin Cavabdeh tələb etməkdə haqlıdır. İddiaçının iddia tələbi qalan hissədə sübuta yetmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, iddia tələbi təmin edildiyi hissədə və çəkilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 268.30 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin əvəzi alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, çəkilmiş ekspertiza xərcinin 50 manat hissəsi cavabdehdən, qalan 50 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 268.30 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin əvəzi, cəmi 283 (iki yüz səksən üç) manat 30 (otuz) qəpik məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi Cavabdeh, qalan 50 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-24/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-24/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver