Məhkəmə qərarları › İş №2(042)-255/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-255/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-255/2023 28.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən ona ödəməli olduğu 680 manat pulun və 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh onun həmkəndlisidir. Cavabdeh, mobil telefonla ona zəng edərək atasına məxsus Şəmkir rayonun Dəllər qəsəbəsində yerləşən evinin həyətində kanalizasiya quyusunu qazdırmaq istəməsini, buna görə ona fəhlə tapmaqda köməklik etməsini xahiş etmişdir. O, da Şəmkir rayonun Şiştəpə kəndində yaşayan, onunla birlikdə fəhləlik edən şəxslər Elbrus, Samir və Orxan adlı yoldaşlarla danışıb cavabdehin sifarişini onlara çatdırmışdır. Həmin şəxslər də onunla birlikdə cavabdehin təklif etdiyi işi icra etmək istəmələrini bildirmişlər. Təxminən 2022-ci ilin dekabr ayının 20-də o və adlarını bildirdiyi yoldaşlar cavabdehlə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra cavabdehin atası Zahidin yaşadığı Dəllər qəsəbəsindəki evinə getmişlər. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən qazacaqları quyunun hər metrinin əl haqqını 120 manata olacağını bildirmişlər və cavabdeh də bununla razılaşmışdır. O, da iş yoldaşları ilə həmin quyunu bir gün yarıma qazıb cavabdehə təhvil vermişlər. Cavabdehə quyunun dərinliyinin 4.1 metr olmasını, əl haqqlarının isə 480 manat olmasını bildirməklə əmək haqlarının ödəməsini xahiş etmişlər. Cavabdeh isə ona 120 manat pul verərək başqa pul verməyəcəyini bildirmişdir. O isə həmin pulu götürməyərək əmək haqlarının 480 manat olmasını və ödəməsini tələb etmişdir. Cavabdeh isə onu təhqir edərək üstünə gəlib onu vurmaq istədikdə iş yoldaşlar onu ayırmışdır. O və iş yoldaşları alətlərini həmin evdə qoyub evlərinə qayıtmışlar. Həmin günün sabahı anası Məlahət Hüseynova cavabdehdən əmək haqlarını verməsi üçün cavabdehin yanına getməsinə baxmayaraq cavabdeh anasını da söyüb təhqir edərək evdən qovmuşdur. Bundan sonra anası bu barədə polisə şikayət etmiş, ancaq polisin verdiyi məktuba görə tələbləri mülki xarakterli olmasına görə məhkəməyə müraciət etməli olmaqları qeyd edilmişdir. Ona görə də məhkəmədə iddia qaldırmalı olmuşdur. Eləcə də, cavabdehə qarşı bu iddianı qaldırması üçün 200 manatdan artıq xərci çıxmışdır. Cavabdehdən həmin pulun da alınıb ona ödənilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Əlinağılar kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. Şəmkir rayonu, Dəllər qəsəbəsində atasının yaşadığı fərdi yaşayış evinin həyətində kanalizasiya quyusunun qazılması üçün iddiaçı ilə telefonla danışmış və iddiaçı digər iş yoldaşları ilə birlikdə gələrək quyunu qazacaqlarını bildirmişdir. O, cavabdehlə 4 metr uzunluğunda və 1.4 metr enində quyunun qazılması üçün ümumilikdə 120 manata razılaşmışlar. İddiaçı iş yoldaşları ilə birlikdə gələrək quyunu qazmışlar. Quyu qazılıb yekunlaşdıqdan sonra o iddiaçıya işin yerinə yetirilməsi üçün razılaşdıqları muzd olaraq 120 manat məbləğində pulu iddiaçıya vermək istədikdə, iddiaçı bununla razılaşmamış və onlar quyunun bir metrini 120 manata qazdıqlarını bildirmişlər. O, isə bunu qəbul etməmiş və ümumilikdə 4 metr uzunluğu olan quyunun qazılması üçün muzd olaraq 120 manat məbləğində razılaşdıqlarını bildirmiş, lakin iddiaçı həmin məbləği qəbul etməkdən imtina etmişdir. O, iddiaçıya əlavə olaraq 80 manat da verəcəyini bildirsə də, iddiaçı bununla da razılaşmamışdır. O, iddiaçıdan əvvəl başqa şəxslə quyunun qazılması üçün bir metrini 30 manata danışmış, lakin, iddiaçı onun qohumu olduğundan onunla razılaşmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında bildirdi ki, o, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayır. İddiaçını tanıyır, onun qonşusudur. İddiaçı ilə birlikdə fəhlə işləyirlər. Cavabdehi əvvəlcə tanımamışdır. Cavid ona zəng vuraraq xalası oğlunun, yəni cavabdehin kanalizasiya quyusu qazdırmaq istədiyini bildirmişdir. O, isə quyunun bir metrini muzd olaraq 150 manata qazdıqlarını bildirmiş, lakin Cavid cavabdehin qohumu olduğunu və quyunun bir metrini 120 manat qazmaqlarını xahiş etmişdir. Onlar isə cavabdehin Cavidin qohumu olmasını nəzərə alaraq həmin məbləğlə razılaşmışlar. Onlar quyunu qazmaq məqsədi ilə cavabdehin atasının yaşadığı Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedib evin həyətində quyunu qazmağa başlamışlar. Cavabdeh və onun atası quyunu neçəyə qazdıqlarını soruşmuş, onlar isə bir metrini 150 manata qazdıqlarını, lakin, Cavidə görə onların kanalizasiya quyusunu bir metrini 120 manat qazdıqlarını bildirmişdir. Onlar cavabdehin atasının həyətində 4 metr uzunluğunda quyu qazmışlar. Cavabdeh isə onların əmək haqqını verməkdən imtina etmişdir. X3 məhkəmə iclasında X4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Əlinağılar kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon İHB-nın Əlinağılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vəkil X1 cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli məktubdan görünür ki, xx.xx.1978-ci ildə anadan olmuş Məmmədov X2 qeydiyyatdadır və Əlinağılar kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh ilə aralarında Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinin həyətində kanalizasiya quyusunun qazılması ilə bağlı şifahi razılaşma olmasını, bu işə görə quyunun qazılmış hər bir metrinə görə 120 manat pul alacağı barədə cavabdehlə şifahi razılığa gəldiyini, həmin işin yerinə yetirilib başa çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən razılaşdırılmış xidmət haqqının (muzdun) ona verilməsindən imtina edilməsini sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə arasında Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinin həyətində kanalizasiya quyusunun qazılması ilə bağlı şifahi razılaşma olmuşdur (şifahi podrat müqaviləsi bağlanmışdır). Həmin razılaşmaya əsasən qazılacaq quyunun bir metrinin qazılması üçün iddiaçı cavabdehdən 120 manat xidmət haqqı alacağını bildirmiş və tərəflər bu barədə şifahi olaraq razılaşmışlar. Razılaşmaya əsasən cavabdehin atasının həyətində iddiaçı və onun iş yoldaşları Elbrus, Samir və Orxan adlı şəxslərlə tərəfindən 4 metr uzunluğunda 1.4 metr enində kanalizasiya quyusu qazılmışdır. Razılaşma üzrə cavabdehin iddiaçıya verməli olduğu məbləğ 480 manat təşkil etmişdir. Cavabdeh razılaşmanın şərtlərini pozaraq öhdəliyin icrasından boyun qaçırmış, iddiaçının pulunu verməkdən imtina etmişlər. Bu işdə iştirak edən şahid ifadələri ilə təsdiqini tapır. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eləcə də, məhkəmə iddiaçının məhkəmədə iddia qaldırılması ilə əlaqədar 200 manat xərc çəkməsi və həmin xərci cavabdehdən tələb etməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia qaldırılması ilə əlaqədar xərcin nədən ibarət olmasını və bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməmildir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh sifarişin yerinə yetirilməsinə görə muzd olaraq 480 manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 511 manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sifarişin yerinə yetirilməsinə görə muzd olaraq 480 manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 511 manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar