Məhkəmə qərarları › İş №2(042)-294/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-294/2023

07.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-294/2023 07.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyyən etdi : İddiaçı Cavabdeh qarşı 18 oktyabr 2017-ci il təvəllüdlü X4 və 18 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 125 manat alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi, 440 manat miqdarında müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlə 2016-cı ildə nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən 18 oktyabr 2017-ci il tarixdə X4 və 18 sentyabr 2018-ci il tarixdə X3 doğulmuşlar. Ailə münasibətləri pozulduqdan sonra ayrılmışlar. Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsilə övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 125 manat sabit miqdarda alimentin alınaraq, ona verilməsi qət edilmişdir. Cavabdeh Qızıl Mədənində sürücü işləyir, kifayət qədər yüksək qazancları var. Hazırda istehlak mallarının qiymətləri və uşaqların saxlanılması xərcləri artmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, Qızıl Mədənində sürücü kimi işləyir. Aylıq qazancı 1000 manatdır. Qazancının bir hissəsi avtomobilin təmiri ilə əlaqədar xərclənir. Alimentin miqdarı artarsa, ödəyə bilməyəcək. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə Cavabdeh 125 manat sabit miqdarda alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi mümkünlüyünü nəzərdə tutan 112.1-ci maddəsinin dispozisiyasından görünür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarını dəyişə bilər. Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, tərəflərin iki azyaşlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh 125 manat sabit miqdarda alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə gündəlik istehlak mallarının bahalaşmasını iki azyaşlı uşaq saxlayan iddiaçının maddi vəziyyətinin pisləşməsi kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 18 oktyabr 2017-ci il tarixdə doğulmuş X4, 18 sentyabr 2018ci il tarixdə doğulmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 125 manat alimentin miqdarı artırilaraq, hər ay 175 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. 18 oktyabr 2017-ci il tarixdə doğulmuş X4, 18 sentyabr 2018-ci il tarixdə doğulmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 125 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşağa görə 175 manat miqdarında müəyyən edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar