Məhkəmə qərarları › İş №2(042)-303/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-303/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-303/2024 09.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ona əldən çıxmış fayda olaraq, vurulmuş maddi ziyana görə kələm məhsuluna görə 1840 manat, ot məhsuluna görə 787.5 manat, ümumillikdə 2627.50 manat məbləğində pulun və ödənilmiş 46.30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, o, Cavabdeh Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.13 ha torpaq sahəsini və Gədəbəy rayonu, Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır.Hər iki torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdeh ona satdığı torpaq sahələrini onun istifadəsinə və sahibliyinə verməkdən boyun qaçırmışdır. 2017-ci ildən dəfələrlə cavabdehə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahələrini özünə təhvil verməsini tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymamış, qanunsuz olaraq ona məxsus olan torpaq sahəsini istifadə etmişdir.Cavabdeh 0.02 ha torpaq sahəsində kələm məhsulu əkmiş, 0.13 ha torpaq sahəsinin otunu biçərək aparmışdır. Bununla cavabdeh tərəfindən ona 2627.50 manat əldən çıxmış fayda olaraq ziyan vurulmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş Arayışdan görünür ki, 2018-ci il tarixdə 1 kq kələm 0.2-0.25 manat, 1 kq ot 0.1-0.15 manat, 2023-cü ildə isə 1 kq kələm 0.50-0.55 manat, 1 kq ot isə 0.40-0.45 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, 0.13 ha torpaq sahəsindən 420-450 kq ot məhsulu əldə edilməsi bağlı rəy verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə arasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən sahəsi 0.13 ha olan torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar 25 noyabr 2017-ci il tarixdə bağlanılmışdır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar təqdim etməmişdir. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar