Məhkəmə qərarları › İş №2(042)-34/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-34/2024

24.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-34/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil yolunun genişləndirilməsi və avtomobil yoluna edilən müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən cavabdehin hesabına tikdiyi toyuq hini sökülməklə, cavabdehin evinin arxa hissəsinə quraşdırdığı bərk materialdan olan çadır götürülməklə və avtomobil yoluna düşən ağaclar kəsilməklə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun genişləndirilməsi və cavabdeh tərəfindən həmin avtomobil yoluna edilən müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak X3 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.52 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə onun adına (torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq, ev tam olaraq) qeydiyyata alınmışdır. Hal-hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Ona məxsus olan evə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuş texniki pasportda avtomobil yolunun sxemi nəzərdə tutulmuşdur. Hal-hazırda qonşu olan Cavabdeh onun evinə gedən avtomobil yolunu daraltmışdır. O, yolun müəyyən hissəsində toyuq hini tikmiş, evinin arxa hissəsinə yağış sularını yönəltmək üçün bərk materialdan olan çadır quraşdırmış və əkdiyi ağaclar yola tərəf çıxmışdır ki, nəticədə evinə gedən avtomobil yolu daralmışdır. Bu səbəbdən hal-hazırda o öz həyətinə yük maşını ilə heç bir material apara bilmir, bir sözlə, yolun daralması səbəbindən öz mülkiyyətindən rahat və maneəsiz şəkildə istifadə edə bilmir. Dəfələrlə cavabdehə müraciət edərək yolun içində tikdiyi toyuq hinini sökməsini, evinin arxasında qurşadırdığı bərk materialdan olan çadırı götürməsini və ağacları kəsməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh tərəfindən cavabdehin hesabına tikdiyi toyuq hini sökülməklə, evinin arxa hissəsinə quraşdırdığı bərk materialdan olan çadır götürülməklə avtomobil yoluna düşən ağaclar kəsilməklə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun genişləndirilməsini və cavabdeh tərəfindən həmin avtomobil yoluna edilən müdaxilələrə son qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 35.10 kv.m olan fərdi yaşayış evi və 0.52 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, 5xx-xx-1796 invertar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin planı əks olunmuşdur. İşdə olan İqtisasiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********73-10301 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu,Slavyanka kəndi,İsmayıl Şıxlı küç,ev 41 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Nəzərdə tutulmuş həmin yolun 88.89 kv.m. hissəsi Cavabdeh istifadəsindədir və həmin yolun kənarında cavabdeh tərəfindən əkilmiş ağaclar yolun daralmasına və maneələrə səbəb olur. İddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə nəzərdə tutulmuş avtomobil yolunun hər hansı hissəsində cavabdeh tərəfindən hər hansı tikili işləri aparılmamışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********73-10301 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu,Slavyanka kəndi,İsmayıl Şıxlı küç,ev 41 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Nəzərdə tutulmuş həmin yolun 88.89 kv.m. hissəsi Cavabdeh istifadəsindədir və həmin yolun kənarında cavabdeh tərəfindən əkilmiş ağaclar yolun daralmasına və maneələrə səbəb olur. İddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə nəzərdə tutulmuş avtomobil yolunun hər hansı hissəsində cavabdeh tərəfindən hər hansı tikili işləri aparılmamışdır. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, iş üzrə mübahisəli avtomobil yolu Gədəbəy rayonu, Slavyanka kəndində yerləşir. İddiaçı və Cavabdeh istifadəsində olan torpaq sahələri həmsərhəddir, qonşudur. İddiaçı evinə və həyətinə gedən avtomaşın yolu cavabdehin tövləsinin arxa hissəsindən keçir. Cavabdehin yaşadığı evinin arxasında bərk materialdan olan çadır quraşdırılmış, çadırın bir hissəsi yola çıxır. İddiaçının yaşadığı fərdi yaşayış evinə gedən avtomobil yolunun bir hissəsinin kənarında ağaclar var. Məhkəmədə iddiaçının nümayəndəsinin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən sahəsi 35.10 kv.m olan fərdi yaşayış evi və 0.52 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, fərdi yaşayış evinə gedən avtomobil yolunun cavabdeh tərəfindən daraldıldığını və avtomobil yoluna müdaxilələr edildiyini iddia etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən edilən müdaxilələrə son qoyulması tələb olunan avtomobil yolu qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yoldan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və həmin maneələr qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı avtomobil yolunun genişləndirilməsini və gediş-gəlişinə maneələrin aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsinin (evin) mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinə (evə) gedən yolun qanunla nəzərdə tutulmuş yol olmasını və cavabdeh tərəfindən həmin yolun daraldılmasını və yoldan istifadəsinə maneələrin yaradılmasını sübut etmə vəzifəsi daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının avtomobil yolunun gediş-gəlişinə maneə aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Məhkəmə tərəfindən iddia tələbinin əsaslılığının müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb edilmiş və ekspertizə təyin edilmiş, mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********73-10301 reyestr nömrəli çıxarış əsasında ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur, nəzərdə tutulmuş həmin yolun 88.89 kv.m. hissəsi Cavabdeh istifadəsindədir və həmin yolun kənarında cavabdeh tərəfindən əkilmiş ağaclar yolun daralmasına və maneələrə səbəb olur, iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə nəzərdə tutulmuş avtomobil yolunun hər hansı hissəsində cavabdeh tərəfindən hər hansı tikili işləri aparılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi avtomobil yolunun onun mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə qanunla nəzərdə tutulmuş yol olması işdə olan sübutlarla təsdiqini tapır və iddiaçının həmin avtomobil yolundan maneəsiz olaraq istifadə etmək hüquq vardır. Lakin işdə olan sübutlarla və yerində müayinə iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə qanunla nəzərdə tutulmuş yolun bir hissəsi zəbt edilərək və cavabdeh evinin arxa hissəsinə bərk materialdan olan çadır quraşdırmaqla iddiaçının mübahisəli avtomobil yolundan istifadəsinə maneələr yaradılır. Bu isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək üçün cavabdehin evinin arxa hissəsinə quraşdırdığı bərk materialdan olan çadır götürülməklə mübahisəli avtomobil yolunun genişləndirilməsini və cavabdeh tərəfindən həmin avtomobil yoluna edilən müdaxilələrə son qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehin hesabına tikdiyi toyuq hininin sökülməsi və avtomobil yoluna düşən ağacların kəsilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, ekspert və mütəxəssis rəyləri ilə cavabdeh tərəfindən əkilmiş ağacların yolun daralmasına səbəb olması qeyd edilsə də, yerində müayinə zamanı ağacların mübahisəli avtomobil yolundan iddiaçının istifadəsinə hər hansı maneə yaratması müəyyən edilməmişdir. Eləcə də, ekspert və mütəxəssis rəylərinə əsasən, cavabdeh tərəfindən tikilmiş toyuq hininin mübahisəli avtomobil yoluna düşmədiyi müəyyən edilmişdir. Belə olan halda toyuq hininin sökülməsi üçün heç bir əsas yoxdur. Odur ki məhkəmə iddia tələbinin bu hissələrdə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun Cavabdeh tərəfindən istifadə edilən 88.89 kv.m hissəsi istifadəsindən alınaraq və Cavabdeh yaşadığı fərdi yayış evinin arxa hissəsinə quraşdırılmış bərk materialdan olan çadır götürülməklə avtomobil yolu genişləndirilməli və Cavabdeh tərəfindən həmin avtomobil yolundan İddiaçı istifadəsinə edilən müdaxilələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, mütəxəssis rəyinin verilməsinə görə isə mütəxəssis xərci ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedişgəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun Cavabdeh tərəfindən istifadə edilən 88.89 kv.m hissəsi istifadəsindən alınaraq və Cavabdeh yaşadığı fərdi yayış evinin arxa hissəsinə quraşdırılmış bərk materialdan olan çadır götürülməklə avtomobil yolu genişləndirilsin və Cavabdeh tərəfindən həmin avtomobil yolundan İddiaçı istifadəsinə edilən müdaxilələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 100 manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar