Məhkəmə qərarları › İş №2(042)-348/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-348/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-348/2025 22.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı 14 saylı X3 Mərkəzinin Cavabdeh qarşı "dövlət meşə fonduna dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı 14 saylı X3 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı 14 saylı X3 Mərkəzinin Cavabdeh qarşı "dövlət meşə fonduna dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı 14 saylı X3 Mərkəzi məhkəmə iddia qaldıraraq, cavabdeh Gədəbəy rayonu Arıqıran kənd sakini Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna dəymiş 722,59 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısnın meşə gözətçisi Cavabdeh xidməti ərazisində Mərkəzin əməkdaşları tərəfindən 20 noyabr 2023-cü il tarixdə yoxlama aparılarkən dolayda köküstə yaş halda vələs cinsindən diametri 20 sm olan 4 ədəd, 24 sm olan 9 ədəd, 28 sm olan 1 ədəd və fıstıq cinsindən diametri 12 sm olan 1 ədəd, 16 sm olan 2 ədəd, 20 sm olan 4 ədəd, 24 sm olan 11 ədəd, cəmi 32 ədəd, 11,296 m3 həcmində 332,20 manat nırx ziyan dəyərində və növbəti yoxlama zamanı 27 noyabr 2023-cü il tarixdə köküstə yaş halda fıstıq cinsindən diametri 12 sm olan 2 ədəd və 16 sm olan 6 ədəd cəmi 8 ədəd, 1,16 m3 həcmində 47,15 manat nırx ziyan dəyərində ağacların kəsilərək kütlələrinin aparılması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. 15 fevral 2024-cü il tarixdə 5 saylı meşə dolayısına yeni gözətçi təyin olunduqdan sonra 21 fevral 2024-cü il tarixdə ərazi təhviltəslim edilən zaman həmin ərazidə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qanunsuz olaraq köküstə yaş halda fıstıq cinsindən diametri 8 sm olan 9 ədəd, 12 sm olan 5 ədəd, 16 sm olan 8 ədəd, 20 sm olan 8 ədəd, vələs cinsindən diametri 8 sm olan 10 ədəd, 12 sm olan 6 ədəd, 16 sm olan 4 ədəd, palıd cinsindən 16 sm olan 2 ədəd, alma cinsindən diametri 28 sm olan 1 ədəd cəmi 55 ədəd, 5,93 m3 həcmində, köküstə yaş halda şam cinsindən diametri 20 sm olan 1 ədəd və 32 sm olan 2 ədəd cəmi 3 ədəd ağacların kəsilərək kütlələrinin aparılması və köküstə quru halda ağcaqayın cinsindən diametri 64 sm olan 1 ədəd, fıstıq cinsindən dametri 90 sm olan 1 ədəd, cəmi 2 ədəd 7,57 m3 həcmində ağaclar kəsilərək kütlələri yerində qalmışdır və kəsilmiş ağacların 66,24 manat nırx ziyan dəyərində ziyan hesablanmış və akt tərtib olunmuşdur. Bütün baş vermiş qanunsuzluqlar dolaya cavabdeh maddi məsul şəxs olan meşə gözətçisi kimi Cavabdeh işə məsuliyyətsiz, səhlənkar yanaşma səbəbindən baş vermişdir. Beləliklə Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmədiyinə görə mühafizə etdiyi meşə dolayısında meşə qanunvericiliyinin pozulmasına görə ümumilikdə dövlət meşə fonduna 722,59 manat məbləğində ziyan vurulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı 14 saylı X3 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləmişdir. Meşə gözətçisi işlədiyi zaman meşədə ağacların kəsilməsi barədə meşəbəyi Əfqan Mustafayevə məlumat vermişdir. Meşədə ağacları kəsən şəxs ağacları yığıb aparmamış, bu barədə də Əfqan Mustafayevə məlumat vermişdir. Əfqan Mustafayev gəlib ağacları maşına yığaraq aparmış və bu haqqda akt tərtib etmişdir. Əfqan Mustafayev ona “sən qol çək, narahat olma, bu işdən sənə zərər gəlməyəcək” demiş və o da inanıb akta qol çəkmişdir. Vurulmuş zərərdə onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - 14 saylı X3 Mərkəzi tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın və həmin tarixli vurulmuş ziyanın hesablanması cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında müxtəlif növ və sayda cəmi 11,296 kub mert həcmində ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində meşə fonduna ümumilikdə 332,20 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. - 14 saylı X3 Mərkəzi tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın və vurulmuş ziyanın hesablanması cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında müxtəlif növ və sayda cəmi 1,16 kub mert həcmində ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində meşə fonduna ümumilikdə 47,15 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. - 14 saylı X3 Mərkəzi tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın və vurulmuş ziyanın hesablanması cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında müxtəlif növ və sayda cəmi 14,36 kub mert həcmində ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində meşə fonduna ümumilikdə 311,56 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən və 14 saylı X3 Mərkəzinin xx.xx.2023cü il tarixli, 106/k nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. - 14 saylı X3 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 128/k nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısının gözətçisi Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. - 14 saylı X3 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 01 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh dövlət meşə fonduna dəymiş 722,59 manat məbləğində ziyanın ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

9. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

10. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə meşə fonduna zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

15. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

16. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı 14 saylı X3 Mərkəzi cavabdehin təqsirli hərəkətləri nəticəsində meşə fonduna 722,59 manat maddi ziyan vurulduğunu sübut etməlidir.

17. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh 14 saylı X3 Mərkəzinin Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləmişdir. Cavabdeh çalışdığı vəzifədən öz arzusus ilə ərizəsi əsasında azad edilmişdir. Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında cavabdeh meşə gözətçisi işlədiyi müddətdə, eləcə də, işdən azad edildikdən sonra təhvil-təslim zamanı aparılan yoxlamalar zamanı meşə fonduna ümumilikdə 722,59 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. 14 saylı X3 Mərkəzi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir.

18. Məhkəmə qeyd edir ki, 14 saylı X3 Mərkəzi vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni əmək müqaviləsi üzrə üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirmədiyinə görə vurulduğunu iddia etsə də, həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını müəyyən edən inzibati xəta haqqında qərar və ya buna görə cavabdehin barəsində hər hansı tədbirin görülməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

19. Qeyd olunanlara əsasən, məhkəmə maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığından iddia tələbinin rədd edilməsi qənaətinə gəlir.

20. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı 14 saylı X3 Mərkəzinin Cavabdeh qarşı "dövlət meşə fonduna dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilməlidir.

V. Nəticə:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddiaçı 14 saylı X3 Mərkəzinin Cavabdeh qarşı "dövlət meşə fonduna dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar