Məhkəmə qərarları › İş №2(042)-357/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-357/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-357/2021 26.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona dəyən ümumi 2500 manat dəyərində ziyanın ödəniləcək pulun ödənilməsinə dair məsuliyyətin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh tanıyır. Onlar “xxxx” ASC-nin Gədəbəy rayon şöbəsində bir yerdə işləmişlər. Bu tanışlığa görə Cavabdeh kredit götürmək istədiyini bildirmiş və onun zamin durmasını istəmişdir. O, cavabdeh ilə razılaşmış, Gəncə şəhərində yerləşən “xxxx” ASC-dən 12.12.2017-ci il tarixdə 2500 manat məbləğində cavabdeh kredit götürmüş və o cavabdehə zamin durmuşdur. Lakin, bir müddətdən sonra cavabdeh kredit borcunu ödəməmişdir. Zamin olduğuna görə 2500 manat məbləğində krediti o ödəmişdir. Cavabdeh onu aldatmışdır. Cavabdeh ona dəymiş 2500 manat məbləğində zərəri ödəmək istəmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Ərtəpə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.02.2021-ci il tarixli, 34 saylı arayışdan görünür ki, Allahyarov X1 İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır və hal-hazırda Soyuqbulaq kəndində yaşayır. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı zaminliyi əsasında 12.12.2017-ci il tarixdə verilmiş 2500 manat məbləğində istehlak krediti (hesab nömrəsi: 004KRUMAZN07347) tam ödənilmişdir. İddiaçı həmin kredit üzrə “xxxx” ASC-də zaminlik öhdəliyi mövcud deyildir. İşdə olan “xxxx” ASC-nin ödəniş qəbzindən görünür ki, 16 fevral 2021-ci il tarixdə 004KRUMAZN07347 nömrəli müqavilə üzrə 555 manat kredit ödənişi ödənilmişdir. İşdə olan Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 29.07.2019-cu il tarixli, 2(042)- 686/2019 saylı icra sənədinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 1347.20 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1377.2 manat alınaraq “xxxx” ASC-yə ödənilməsi müəyyən edilmişdir. İcra sənədi 20.04.2020-ci il tarixdə Gədəbəy rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş və iş üzrə icraata başlamaq haqqında qərarla birlikdə qəbul edilərək tələbi könüllü icra edilməsi üçün poçt vasitəsi ilə borclulara əmlaklarının axtarılması ilə bağlı müvafiq dövlət orqanlarına sorğular edilmiş və borclunun adına qeydiyyatdan keçən hər hansı bir daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Borclu İddiaçı “xxxx” ASC-nin Gədəbəy şöbəsində işlədiyi müəyyən olunmuşdur. 05.11.2019-cu il tarixdə borclu İddiaçı əmək haqqından 50% tutulması hissəsində “ xxxx” ASC-yə göndərilmişdir, borcludan 689 manat tutularaq “xxxx” ASC-yə ödənilmişdir. Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-686/2019 saylı 29.07.2019- cu il tarixli icra sənədi 19.03.2021-ci il tarixdə tam icra olduğundan xitam edilərək məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiy hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh 12.12.2017-ci il tarixdə, 004KRUMAZN07347 nömrəli müqavilə üzrə 2500 manat məbləğində kredit götürmüş iddiaçı isə ona zamin durmuşdur. Sonradan cavabdeh kredit borcunu ödəməkdən yayınmış və iddiaçı məcburiyyət qarşısında qalaraq kredit borcunu özü ödəmişdir. İddiaçı iddia ərizə ilə müraciət edərək 2500 manat məbləğində kredit borcunu tam ödədiyini bildirsə də iş materiallarındakı sübutlarla iddiaçının ümumilikdə 1244 manat məbləğində ödəniş etdiyi öz təsdiqini tapmışdır. İddiaçı tələb olunan məbləğin digər hissəsinin ödəməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, işdə olan sübutlarla müəyyən edilmiş 1244 manat məbləğində pulu iddiaçı cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1244 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1244 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar