Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-36/2023 09.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cəlal oğlu məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəyən ziyana görə 231 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəlal oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, onun Gədəbəy rayonu, Slavyanka kəndi 0.22 ha həyətyanı torpaq sahəsi və onun içərisində 48.51 kv.m sahəsi olan fərdi yaşayış evi vardır. Cavabdeh 2022-ci ilin aprel-may aylarında bir rəst atını onun şəxsi mülkiyyətində olan torpaq sahəsini 0.14 ha hissəsini otararaq ona cəmi 231 manat dəyərində zərər vurmuşdur. Cavabdeh könüllü olaraq dəyən zərəri ödəmir. Cavabdehə məxsus olan bir rəst atın ona vurduğu zərərlə bağlı mütəxəssis tərəfindən 17 may 2022-ci il tarixli 6 nömrəli rəy verilmişdir. Rəydə qeyd edilmişdir ki, 0.14 ha biçənək sahəsinə 100% zərər dəymişdir. Həmin sahədən cari ildə 620-640 kq ot məhsulu əldə edilməsi müəyyən edilmişdir. Gədəbəy rayon ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin 12 may 2022-ci il tarixli, 6 nömrəli arayışına əsasən bazarda 1 kq otun qiyməti 35-36 qəpikdir. Cavabdehin atının ona vurduğu zərərin məbləği 231 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və bildirmişdir ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İddiaçının bildirdiyi yer bələdiyyəyə məxsus olan örüş sahəsidir. Uşağı onlara məxsus atı həmin örüş sahəsinə örükləmişdir. İddiaçının həmin yerə heç bir aidiyyəti yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayılov X1 rayonu, Slavyanka kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li, xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.51 kv.m olan fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı Cala oğlunun adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2012-ci il tarixdə 505-26-149 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. İşdə olan Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli rəydən görünür ki, İddiaçı müraciəti əsasında onun biçənək sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, 0.14 ha biçənək sahəsi mal-qara və at tərəfindən yeyilmişdir və vətəndaşa 100 faiz ziyan dəymişdir. Həmin ərazidən, yəni 0.14 ha biçənək sahəsindən 620-640 kq ot məhsulu əldə etmək olardı. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 17 may 2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də təqribi çəkisi 18 kq olan ot bağlaması 6.5 manata satılır. 1 kq otun dəyər qiyməti 0.35-0.36 manatdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0.1092 ha-dək olmaqla iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, 10/7078 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********65-10301 reyestr nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Cəlal oğluna məxsus olan 0.22 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və həmçinin mütəxəssis rəyinə əsasən, iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi 0.1092 ha-dək olmaqla iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona məxsus olmasını və ya onun istifadəsində olmasını, həmin biçənək sahəsinin cavabdehə məxsus heyvanlar tərəfindən otarılmasını, bunun nəticəsində ona maddi ziyan dəyməsini və bu ziyanın vurulmasında cavabdehin hüquqazidd hərəkətlərinin olmasını sübuta yetirməlidir. Məhkəmə iddiaçının mübahisəli torpaq sahəsi üzrə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, ekspert və mütəxəssis rəylərinə əsasən, iddiaçının cavabdeh tərəfindən maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsinin 0.1092 ha-dək olmaqla iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi olması müəyyən edilmişdir. Cavabdeh həmin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onun istifadəsinə verilməsini təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd və ya qərar məhkəməyə təqdim etməmişdir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçı bələdiyyə mülkiyyətinə məxsus mübahisəli torpaq sahəsindən istifadəyə görə qanunla müəyyən edilmiş qaydada illik vergilər ödəyir. Eləcə də, həmin torpaq sahəsinə faktiki sahiblik etməklə orada yetişən ot məhsulundan istifadə edir. Həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməsə də, mülki qanunvericiliyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının (əmlakdan istifadə hüquqlarının) müdafiəsi təsbit edilmişdir. Bundan başqa cavabdeh həmin torpaq sahəsinin örüş sahəsi olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzrə iddia qaldırılması üçün iddiaçının subyektiv hüququ vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cəlal oğlu məhkəmə də iddia qaldıraraq ona məxsus olan biçənək sahəsinə cavabdeh tərəfindən heyvan salınaraq otarıldığını və bunun nəticəsində ona cavabdeh tərəfindən 231 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş rəyə əsasən, İddiaçı müraciəti əsasında onun biçənək sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, 0.14 ha biçənək sahəsi mal-qara və at tərəfindən yeyilmişdir və vətəndaşa 100 faiz ziyan dəymişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında həmin mübahisəli biçənək sahəsində heyvanlarının otlamasını təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qeyd edilən hüquqazidd hərəkətləri nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği məsələsini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 17 may 2022-ci il tarixli qiymətləndirmə barədə arayışda qeyd edilmiş qiymətlərin aşağı həddi, eləcə də Gədəbəy rayon X3 rəyində həmin ot məhsulunun 620-640 kq ziyan dəydiyi göstərilən məhsulun aşağı həddi əsas götürülməlidir. Bu hesabla mübahisəli 620 kiloqram otdan (biçənək sahəsindən) 217 manat (620 x 0.35 manat = 217 manat) qazanc əldə etmək olardı. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, mütəxəssis rəyinin verilməsinə görə isə mütəxəssis xərci ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 217 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 247 manat məbləğində pul alınıb İddiaçı verilməli, ödənilmiş mütəxəssis xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməli, iş üzrə ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 217 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 247 (iki yüz qırx yeddi) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 95 manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-36/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-36/2023
09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver