Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-371/2025 22.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: mənzil mübahisələri, mənzildən istifadə hüququnun tanınması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, onun ailə üzvüləri ilə birlikdə Cavabdeh mülkiyyətinə keçmiş (ata yurdu) Gədəbəy rayonu, X17, X21 küçəsi, 19 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, X17, X21 küçəsi, ev-19 ünvanında yerləşməklə iki mərtəbəli, ümumi sahəsi 241,1 kv.metrdən, 8 (səkkiz) otaqdan və 0,2897 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarətdir. Bu ev onların ata mülküdür və 1960-cı ildə inşa edilmişdir. Cavabdeh onun qardaşıdır. Atası vəfat edəndən sonar ev anasının adına sənədləşdirilmiş, anası isə həmin evi qardaşı Cavabdeh bağışlamışdır. Hazırda, mübahisəli fərdi yaşayış evi 2021-ci ildən etibarən qardaşı Cavabdeh xüsusi mülkiyyətindədir və qardaşı həmin evi tərk etmələrini tələb edir. O, ailə üzvüləri olan həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun və ailə üzvlərinin yaşamağa yeri yoxdur. Nə onun, nə də həyat yoldaşının icarələrində və yaxud mülkiyyətlərində ev, mənzil, torpaq sahəsi və digər daşınmaz əmlak yoxdur. O, bu evdə anadan olmuş, bu evdə boya-başa çatmış və bu günə kimi ailə üzvləri ilə birlikdə bu evdə yaşamışdır. 1998-ci ildən bu günə kimi müxtəlif vaxtlarda o öz vəsaiti hesabına yaşadıqları evin abadlaşdırılmasına, bütün həyət boyu mişar daşından hasar çəkilməsinə, darvaza qoyulmasına, mişar daşından əlavə tikintilər tikilməsinə xeyli vəsait xərçləmişdir. 2020-ci ildə yenə də öz vəsaiti hesabına eni 6,5 metr, uzunluğu 22 metr olan çardaq (naves), çardağın içərisində qaraçay daşından 3 (üç) otaq, mətbəx, hamam-tualet tikdirmişdir. 3.000 manat məbləğində pulu yalnız həmin çardağa plastik pəncərələr qoyulmasına xərcləmişdir. Yaşadıqları evin tavanını və şiferini söküb yenisi ilə əvəz etmiş, mətbəx və hamam-tualet tikdirmişdir. O, 2014-cü ildə mübahisəli evdən qeydiyyatdan çıxıb Bakı şəhərində yaşayan qardaşı X1 mənzilinə qeydiyyata düşmüşdür. Lakin, bu qeydiyyat formal bir xarakter daşıyır və onun üçün heç bir mənzil-hüquq münasibəti yaratmır. O, faktiki olaraq anadan olduğu gündən bu günə kimi hazırda yaşadığı Gədəbəy rayonu, X17 X21 küçəsi ev 19 ünvanında yaşayır. Fikirincə, faktiki yaşadığı evdə qeydiyyatda olmadığına görə anası onun razılığını almadan evi kiçik qardaşı Cavabdeh hədiyyə etmişdir. Hesab edir ki, onun hüquqları kobud surətdə pozulmuşdur. Çünki, atasının vərəsəsi olduğuna görə onun də həmin evdə payı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbinə görə, qanunda nəzərdə tututlmuş əsaslarla və qaydaya müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Hesab edir ki, mərhum atasından miras qalmış fərdi yaşayış evinə vərəsə kimi onun da istifadə hüququ vardır və onun həmin evə istifadə hüququ məhkəmə qaydasında tanınmalıdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbi tam əsasız və qanunsuzdur. Gədəbəy rayonu, X17, X21 küçəsi, ev-19 ünvanında yerləşən ev onun mülkiyyətindədir və ona məxsus həyətyanı sahədə tərəfindən əvvəllər qaraj kimi tikilmiş, sonradan yaşayış sahəsinə çevirdikləri evdə müvəqqəti yaşamaq üçün yerləşmiş, iddiaçı yalan sözlərlə məhkəməni aldatmağa çalışır. Belə ki, iddiaçı onun mülkiyyətində olan yaşayış evini tərk edərək Bakı şəhərinə köçmüş və ailə üzvləri ilə uzun illər Bakı şəhərində yaşamışdır. İddiaçının Gədəbəy rayonunda 0,40 ha torpaq sahəsi var idi. Bundan sonra iddiaçı Gədəbəy rayonunda işləmək üçün gəlmiş və özünə məxsus torpaq sahəsində ev tikdirəcəyini deyərək müvəqqəti olaraq onun mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən tikilmiş sahəyə yerləşmişdir. Lakin sonradan özünə məxsus torpaq sahəsini sataraq, başqa yerdən ev alacağını desə də bunu etməmişdir. İddiaçı onun barəsində qanunsuz olaraq şikayətlər etməklə onun mülkiyyətindən istifadəsinə maneə yaratmaq istəyir. İddiaçının ailəsi Gədəbəy rayon Polis şöbəsində münaqişəli ailə kimi tanınır. Bunun qonşular da təsdiq edə bilər. Gədəbəy rayonu X17, X21 küçəsi, ev-19 ünvanında dəfələrlə mübahisə yaradaraq DİN-nin 102 xidmətinə zəng edir. Qeyd edilənlərə əsasən, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 241,1 kv.m fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X9 nikahlarını xx.xx.2021-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. - doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə, X8 xx.xx.2023-cü il tarixdə doğulmuş, ataları qrafasında İddiaçı, anaları qrafasında X7 qeyd edilmişdir. - Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 225 saylı arayışdan görünür ki, İddiaçı adına Gədəbəy bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsi verilməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Peşə Liseyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 127 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu ildən hal-hazıradək X15 baş usta və ixtisas fənn müəllimi işləyir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı adına Gədəbəy rayonu üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. - Gədəbəy RİH başçısının Əlinağılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 144 saylı arayışdan görünür ki, X7 RİH başçısının Əlinağılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci iləri əhatə edən 05 nömrəli ev təsərrüfatının uçotu kitabının 11-ci səhifəsinə, 341 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, adına ev və torpaq qeyd edilməmişdir. - Gədəbəy RİH başçısının Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1495 saylı arayışdan görünür ki, İddiaçı aşağıdakı ailə tərkibi var və Gədəbəy şəhəri, X21 küçəsində yaşayırlar. Ailə tərkibi - özü: xx.xx.1970-ci il təvəllüdlü İddiaçı, arvadı: xx.xx.1985-ci il təvəllüdlü X7, oğlu: xx.xx.2018-ci il təvəlüdlü X10 və qızı: xx.xx.2023-cü il təvəllüdlü X8. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-364/2022 saylı qətnaməsindən görünür ki, iddaçılar İddiaçı və X2 cavabdehlər X3, Cavabdeh, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, mülki hüquqlarının bərpa edilməsi tələbləri haqqında iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qardaşdır. Mübahisəli fərdi yaşayış evi ünvan 4 ünvanında yerləşməklə Cavabdeh mülkiyyətindədir. İddiaçı məhkəmədə iddia qaldıraraq, fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə istifadə hüququnun tanınmasını tələb edir.
10. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
11. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır.
12. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1970-ci il tarixdə mübahisəli fərdi yaşayış evində doğulmuş və həmin tarixdən yaşamışdır. İşin bu halı məhkəmədə mübahisələndirilmir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən mübahisənin həlli ilə bağlı 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir.
13. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
14. 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
15. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
17. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
18. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə qardaşı Cavabdeh məxsus sözügedən fərdi yaşayış evində yaşayır və həmin fərdi yaşayış evində yaxşılaşdırma işləri aparmışdır. İddiaçı həmin mübahisəli fərdi yaşayış evində anadan olmuş və hazırki tarixədək yaşamışdır. Hazırda da həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının və ailə üzvlərinin yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. Odur ki, sözgedən fərdi yaşayış evindən iddiaçının istifadə hüquqları yaranmışdır. Belə olan halda, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının ailə üzvlərinin də həmin fərdi yaşayış evindən istifadə hüquqları yaranmışdır.
21. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, ünvan 5 ünvanında yerləşən, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış fərdi yaşayış evinə İddiaçı və ailə üzvləri X4, X6, X5 istifadə hüquqları tanınmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış fərdi yaşayış evinə İddiaçı və ailə üzvləri X4, X6, X5 istifadə hüquqları tanınsın. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov