Məhkəmə qərarları › İş №2(042)-372/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-372/2021

04.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-372/2021 04.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı avtomobil yolunun açılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfındən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.6 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsinə edən avtomobil yolunda Cavabdeh saxladığı traktorun və onun qoşqusunun (lapetin) cavabdehin hesabına yoldan götürülərək həmin avtomobil olundan istifadə etməsinə törətdiyi müdaxilələrə son qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak X3 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.6 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına 19.05.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Evinə və həyətyanı torpaq sahəsinə qanuni avtomobil yolu nəzərdə tutulmuşdur. Cavabdeh həmin avtomobil yolunda traktor və onun qoşqusunu saxlamışdır. Nəticədə onun evinə gedən avtomobil yolu həddən artıq daralmışdır. Bu səbəbdən o, öz evinə avtomaşınla keçə bilmir. Dəfələrlə cavabdehdən traktorunu və onun qoşqusunu çıxartmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu barədə Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmiş, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələblərinə etiraz etmiş izahat verərək bildirmişdir ki, o, iddiaçının fərdi yaşayış evinə gedən avtomobil yolunu tutmamışdır. İddiaçının qeyd etdiyi avtomobil yolu onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yol hər ikisinin fərdi yaşayış evinə nəzərdə tutulmuşdur. O, özünə məxsus traktoru yolda elə saxlamışdır ki, iddiaçının evinə fedən avtomobil yoluna maneələr yaratmır. Ona görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh oğlunun nümayəndəsi X2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, tərəflərin yaşayış evlərinə tərəf gedən kənd yolunun eni 3 metrdir. Kənd yolundan aşağı tərəfdə əvvəlcə cavabdehə məxsus və bir qədər aşağıya doğru iddiaçıya məxsus ev yerləşir. Kənd yolundan tərəflərə məxsus evlər istiqamətində yol ayrılır. Cavabdehə məxsus evin həyəti qarşısında yedəkli traktor dayanmışdır. Traktorun yedəyinin təkəri ilə cavabdehə məxsus evin divarı arasındakı məsafə ən dar yerdə 4 metrdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, iş üzrə yerində müayinə zamanı müəyyən edilmişdir ki, tərəflərin yaşayış evlərinə tərəf gedən kənd yolunun eni 3 metrdir. Kənd yolundan aşağı tərəfdə əvvəlcə cavabdehə məxsus və bir qədər aşağıya doğru iddiaçıya məxsus ev yerləşir. Kənd yolundan tərəflərə məxsus evlər istiqamətində yol ayrılır. Dayanmış traktorun yedəyinin təkəri ilə cavabdehə məxsus evin divarı arasındakı məsafə ən dar yerdə 4 metrdir. Yəni, bu yol kənd yolundan 1 metr enlidir və iddiaçının qeyd etdiyi avtomobil yoluna cavabdeh tərəfindən heç bir maneə törədilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar