Məhkəmə qərarları › İş №2(042)-373/2023

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-373/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-373/2023 10.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 760 manat, vurduğu mənəvi zərərə görə 1000 manat pulun və ödədiyi 40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında ərizə verərək, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Bakı şəhərində yaşayır. Cavabdeh ilə mebel ustası kimi sosial şəbəkə vasitəsi ilə tanış olmuş və ona mebel düzəltməsini sifariş etmiş və cavabdeh sifarişi qəbul etmişdir. O, cavabdehə işin görülməsi üçün ilkin olaraq 600 manat vermiş və sonra daha 160 manatı onun kart hesabına keçirmişdir. Lakin cavabdeh onu aldadaraq, mebeli quraşdırmamışdır. O,cavabdehdən ödədiyi pulu tələb etmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində o, və ailə üzvlər iztirab və sarsıntılar keçirmişdir. O, cavabdehdən Yasamal Rayon Polis İdarəsinə də şikayət etmişdir. Müraciəti əsasında cinayət işinin başlanılması rədd edilmişdir. O, həmin qərardan prokurorluq orqanına şikayət etmiş, lakin şikayəti təmin edilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan görünür ki, təhqiqat zamanı cavabdehin izahatı alınmamışdır. İşdə olan qəbzdən görünür ki, 22 oktyabr 2021-ci il tarixdə İddiaçı “Birbank” proqramı vasitəsilə 160 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı işin görülməsi üçün cavabdehə cəmi, 760 manat vermiş, lakin cavabdeh tapşırıq müqaviləsi üzrə ona tapşırılmış işi yerinə yetirməmişir. Eyni zamanda, o, iddiaçıdan aldığı pulu da qaytarmamış, yəni, iddiaçının hesabına əsassız varlanmışdır. Bununla əlaqədar, iddaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin cavabdeh təhqiqatdan da yayınaraq, şikayətə münasibət bildirməmişdir. Bu hərəkətləri ilə o, iddiaçıya iztirab və sarsıntılar yetirmiş, yəni, ona mənəvi zərər vurmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh əsassız varlandığı 760 manat, vurduğu mənəvi zərərə görə 1000 manat və işə məhkəmədə baxılması üçün iddiaçı tərəfində ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qızna verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlandığı 760 manat, mənəvi zərərə görə 1000 manat və ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar