Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-375/2023 04.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyyən etdi : İddiaçı Cavabdeh qarşı 08 noyabr 2010-cu il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay sabit pul məbləğində 220 manat aliment ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı və nümayəndəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin işə baxılması haqqında vəsatətini və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçı və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2009-cu ildə nikah bağlamadan ailə qurmudur. Ailə münasibətlərindən 08 noyabr 2010-cu il tarixdə X3 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə azyaşlı uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqadrı artırılaraq 160 manat miqdarında müəyyən edilmişdir. Uşaq orta məktəbdə oxuyur. Hazırda istehlak mallarının qiymətləri və uşağın saxlanılması xərcləri artmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, sonuncu dəfə alimentin miqdarı artırıldıqdan sonra onun maddi və ailə vəziyyəti yaxşılaşmamışdır. Hazırda himayəsində yeni ailədən olan üç azyaşlı uşaq var. Aylıq qazancı 435 manatdır. İddiaçı isə bizneslə məşğul olur və kifayət qədər yüksək qazancları var. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli Qətnaməsindən görünür ki, 08 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 160 manat miqdarında müəyyən edilmişdir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh Ə.Rzayev adına X4 Məktəbində fiziki tərbiyə müəllilmi işləyir və orta aylıq əməkhaqqı 435,47 manatdır. İşdə olan Arayışın surətindən görünür ki, Cavabdeh himayəsində üç azyaşlı övladı var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi mümkünlüyünü nəzərdə tutan 112.1-ci maddəsinin dispozisiyasından görünür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarını dəyişə bilər. Gədəbəy Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli Qətnaməsi ilə 08 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 160 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə gündəlik istehlak mallarının bahalaşması ilə iddiaçının, eyni zamanda, himayəsində üç azyaşlı uşaq olan cavabdehin də maddi vəziyyətinin pisləşməsini nəzərə alır və belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 08 noyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli Qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırilaraq, hər ay 170 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. 08 noyabr 2010-cı il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli Qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırilaraq, hər ay 170 manat miqdarında müəyyən edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-375/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-375/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver