Məhkəmə qərarları › İş №2(042)-386/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-386/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-386/2024 08.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı uşaqları xx.xx.2014-cü il doğum tarixli X5 və xx.xx.2018-ci il doğum tarixli X2 tərbiyyə edilməsi üçün bir uşaq üçün kəsilmiş 150 manat olmaqla iki uşaq üçün kəsilmiş 300 manat alimentin miqdarının artırlaraq hər ay sabit pul məbləğində bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü il tarixdə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların iki övladları olmuşdur. Uşaq hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh aliment tələbinə dair Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən bir uşaq üçün 150 manat olmaqla iki uşaq üçün 300 manat təyin edilmişdir. Uşaqları məktəblidir və hazırlığa gedir. Onların təminatlarını ödəməyə çətinlik çəkir. Cavabdeh maddi imkanı daha yaxşıdır. Odur ki, azyaşlı uşaqlarının saxlanılıb tərbiyyə edilməsi üçün Cavabdeh kəsilmiş almentin miqdarının artırılaraq hər bir uşaq üçün 250 manat olmaqla iki uşaq üçün cəmi 500 aliment təyin edilməsini istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, uşaqlarına baxmaqda çətinlik çəkir. O, onkoloji xəstədir və 150 manat pensiya alır. Cavabdeh qazidir və 1000 manata yaxın pensiya alır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün 300 manat aliment müəyyən olunmuşdur. Həmin məbləği ödəməkdə o çox çətinlik çəkir. Buna baxmayaraq iddiaçı qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda həmin alimentin artırılmasını hər ay hər bir uşaq üçün 250 manat aliment olmaqla cəmi 500 manat ondan aliment ödəməsini tələb edir. Tələb olunan alimenti ödəmək onun maddi imkanları xaricindədir. Belə ki, o 44 günlük Vətən müharibəsində qazi olmuşdur. Səhhətində ciddi problemləri var. Mütəmadi olaraq müalicələr qəbul edir. Hazırda da xəstəxanadadır. Aldığı pensiya müalicə xərclərini ödəmir. İddiaçı isə ünvanlı sosial yardım almaqla, eyni zamanda qadın salonunda usta işləyir. Maddi imkanları kifayət qədər yaxşıdır. Buna görə də səhətinin və maddi vəziyyətinin nəzərə alınmasını, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Oğlu qazidir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 300 manat məbləğində alimenti güclə ödəyir. Oğlu 3-cü qrup əlildir və 600 manat məbləğində pensiya alır. Oğlunun müalicəsi üçün də pul lazımdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ № 287920 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İV № 093083 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-799/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin miqdarı artırilaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş xx.xx.2024-cü tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9922 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh “partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ-damar distoniyası, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli üzvi dissosiativ-konversion pozuntu, postkommotsion sindrom, davranış pozuntusu” və “hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 2,5D və M 1,25D nəticəsində görmə itiliyinin sağda 0.2-ə qədər azalması, korreksiya ilə 1,0 solda M 4,0D və M1,0D nəticəsində dörmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabdan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Cavabdeh “Barotravma nəticəsində dissosiativkonversion pozuntu” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2013-cü il tarixdə nikah bağlamaqla rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların iki övladları – xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 adında iki uşaqları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-799/2022 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin miqdarı artırilaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşaq üçün müəyyən edilmiş 150 manat alimentin artırılaraq 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh müharibə ilə əlaqədar əlilliyi var və dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-799/2022 saylı qətnaməsi ilə 31 yanvar 2014-cü il təvəllüdlü X5 və 16 aprel 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 150 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar