Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-406/2021 28.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona məxsus 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən köküstə yaş halda inkişafda olan diametri 10.0 sm olan 3 ədəd diametri 12.0 sm olan 1 ədəd, diametri 16.0 sm olan 1 ədəd olmaqla 5 ədəd ağcaqayın ağacının 8 ədəd keçi-keçi kolunun kəsilərək, cavabdeh tərəfindən ona vurulmuş 1270 manat məbləğində ziyanın və dövlət rüsumu kimi ödənilmiş 31 manat onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 yanvar 2000-ci il tarixli 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN-141, KOD 50523028 nömrəli Dövlət aktı verilmişdir. Cavabdeh onun qonşusudur. 20.01.2021 -ci il tarixdə onunla qonşuluqda yaşayan Cavabdeh ona məxsus torpaq sahəsinin içində yerləşən suyu icazəsiz qazaraq çıxarıb aparmışdır. Həmçinin cavabdeh ona məxsus torpaq sahəsində yerləşən 5 ədəd ağcaqayın ağacı və 8 ədəd keçi-keçi kolunu kəsərək məhv etmişdir. Onun müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 11.02.2021-ci il tarixli 180 saylı məktubunda idarənin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək araşdırma aparılması, araşdırma aparıldıqdan sonra ona məxsus 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən köküstə yaş halda inkişafda olan diametri 10.0 sm olan 3 ədəd, diametri 12.0 sm olan 1 ədəd, diametri 16 sm olan 1 ədəd olmaqla 5 ədəd ağcaqayın ağacının və 8 ədəd keçi-keçi kolunun kəsildiyi müəyyən edildiyi bildirilmişdir. Nəticədə cavabdeh tərəfindən mənə 1270 manat məbləğində ziyan vurulmuşdur. Bu barədə şikayəti aidiyyəti üzrə Gədəbəy Rayon Polis Şöbəsində araşdırılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh dəfələrlə ona 1270 manat məbləğində vurulmuş zərər nəticəsində yaranmış borcunu ödəməsinə dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə vurduğu ziyan nəticəsində yaranmış borcunu qaytarmaqdan yayınaraq dolayısı yollarla imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli, 47 saylı arayışdan görünür ki, İddiaçı halhazırda Hacıalılar kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olmuş “vətəndaşın pay torpağında qonşu qanunsuz qazıntı işləri aparıb, ağacları kəsib aparmaq istəyir” məzmunda müraciətiniz İdarənin əməkdaşları tərəfindən yerində baxış keçirilməklə araşdırılmışdır. Araşdırma zamanı sizə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində köküstə yaş halda inkişafda olan diametri 10 sm-dən 3 ədəd, 12 sm-dən 1 ədəd, 16 sm-dən 1 ədəd olmaqla, ümumilikdə 5(beş) ədəd ağcaqayın ağaclarının və 8 ədəd keçi-keçi kolunun kəsildiyi müəyyən edilmiş, nəticədə təbiətə 1270,00 (bir min iki yüz yetmiş) manat dəymiş ziyan hesablanmışdır. İddiaçı izahatında ağacların həmkəndlisi Cavabdeh tərəfindən kəsildiyini birdirsə də qarşı tərəf ağac və kolları kəsmədiyini şifahi surətdə bildirmişdir. Müvafiq araşdırma aparılaraq təqsirkarın müəyyən edilməsi və barəsində qanuna müvafiq tədbir görülməsi üçün tərtib olunmuş sənədlər aidiyyətı üzrə Gədəbəy rayon Prokurorluğuna göndərilmişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin 04 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində köküstə yaş halda inkişafda olan diametri 10 sm-dən 3 ədəd, 12 sm-dən 1 ədəd, 16 sm-dən 1 ədəd olmaqla ümumilikdə 5 ədəd ağcaqayın ağaclarının və 8 ədəd keçi-keçi kolunun kəsilməsi ilə bağlı daxil olmuş material üzrə İddiaçı müraciəti ilə bağlı cinayət hadisəsinin olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmış və ağacların kəsilməsi ilə əlaqədar Gədəbəy rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, mütəxəssislər İlqar Məmmədov və X4 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. İşdə olan JN-141 KOD 50523028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03.01.2000-ci il tarixli, 01 saylı qərarı Gədəbəy rayonu, Hacıalılar kəndində X1 və onun ailə üzvlərinə 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, kəsildiyi iddia edilən ağaclar iddiaçının mülkiyyətində olan torpaq sahəsində olmalı və həmin ağaclar cavabdeh tərəfindən kəsilməlidir. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə iddiaçının izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03.01.2000-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş, JN-141 KOD 50523028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən, Gədəbəy rayonu, Hacıalılar kəndində X1 və onun ailə üzvlərinə 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsində yerləşən ağacların cavabdeh tərəfindən kəsilərək ona maddi ziyan dəydiyini iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssislər İlqar Məmmədov və X4 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, kəsildiyi iddia edilən ağacların iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi və həmin ağacların cavabdeh tərəfindən kəsilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Həmçinin iddiaçı məhkəmədə ağacların cavabdeh tərəfindən kəsildiyini iddia etsə də bu faktı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-406/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-406/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver