Məhkəmə qərarları › İş №2(042)-418/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-418/2022

06.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-418/2022 06.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil yolunun ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və gələcək bu halların qarşısı alınması üçün cavadehlərə qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, onların mülkiyyətində olan 0.2595 ha torpaq sahəsindən 5 metr eni 30 metr uzunluğu olan məsafədə cavabdehlərin özbaşına açdıqları avtomobil yolun ləğv edilməsi, əvvəliki vəziyyətinə qaytarılması və gələcəkdə bu kimi halların qarşısının alınması üçün cavabdehlərə qadağa qoyulması, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, qonşuluqda yaşayan cavabdehlər Cavabdeh1 Səmiştan oğlu və onun arvadı Cavabdeh2 onları narahat edərək guya əvvəllər mövcud olmuş avtomobil yolunun bir hissəsi onların xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsindən keçməsini əsas gətirərək bu barədə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-465/2020 nömrəli qətnaməsi olmasına baxmayaraq onların evdə olmammalarından istifadə edərək traktorla həyətyanı torpaq sahələrinin ətrafını bağladıqları çəpəri və daşları dağıdaraq yol açmış və xüsusi mülkiyyətlərində olan həyətyanı sahənin bir qismini qanunsuz olaraq zəbt etmişlər. Onlar cavabdehlərə bu hərəkətlərinin qanunsuz olmasını, onların həyətyanı torpaq sahələrini zəbt edərək yol açdıqlarını bildirsələr də, cavabdehlər buna məhəl qoymamışlar. Gədəbəy rayonu, Qurudərə kəndində onun adına ümumi sahəsi 162.5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi və anası İddiaçı1 Həsənəl qızının adına həmin fərdi yaşayış evin yerləşdiyi 0.2595 ha torpaq sahəsi vardır. Eyni zamanda onların adına ümümi sahəsi 162.5 kv.m olan fərdi yaşayış evinin və 0.2595 ha torpaq sahəsinin xüsusi mülkiyyət ilə qeyd alınması barədə Azərbaycan Respublikası Əmlak mələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Qonşuluqda yaşayan Cavabdeh1 Səmiştan oğlunun arvadı Cavabdeh2 ona qarşı 2020-ci ilin sentyabr ayında Gədəbəy rayon Məhkəməsində iddia qaldıraraq bildirmişdir ki, guya o əvvəllər mövcud olmuş avtomobil yolunun bir hissəsini 02 aprel 2020-ci il tarixdə bağlamış və onlar həyətyanı torpaq sahəsini şumlamaq üçün gətirdikləri traktorun qabağını kəsmiş və traktoru həyətyanı torpaq sahəsinə buraxmamışdır. İddia ərizəsi Gədəbəy rayon Məhkəməsi tərəfindən araşdırılmış, mütəxəssis tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, onların həyətyanı torpaq sahəsindən cavabdehlərin həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmamışdır.. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)- 465/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ona qarşı avtomobil yolunun bərpa olunması barədə iddiası təmin edilməmişdir. Bundan sonra da iddiaçı Cavabdeh2 15 sentyabr 2021-ci il tarixdə məhkəməyə ərizə verərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-465/2020 nömrəli qətnaməsiindən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-465/2020 nömrəli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. O, cavabdehlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq avtomobil yolu açaraq zəbt etmələri ilə əlaqədar Gədəbəy rayon prokurorluğuna müraciət etsələr də, Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən səthi araşdırma aparılmış, cavabdehlərin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı1 əvvəlki məhkəmə iclasında İddiaçı2 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etmək hüququ olduğundan onun iştirakı olmadan işə baxılmasınının davam etdirilməsini mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçılar onun qonşusudur. Mübahisəli avtomobil yolu uzun müddətdir mövcuddur. Həmin avtomobil yolu iddiaçıların torpaq sahəsinin kənarından keçir. Həmin avtomobil yolunun iddiaçılara heç bir aidiyyəti yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 162.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı2 adına, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 0.2595 ha olan torpaq sahəsi isə X1 adına qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-465/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 qarşı “avtomobil yolunun bərpa olunması və təzminat” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan 06 yanvar 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 24 dekabr 2021-ci il tarixdə Gədəbəy rayon prokurorluğundan Gədəbəy rayonu, Qurudərə kənd sakini İddiaçı2 qonşusu Cavabdeh1 və onun arvadı Cavabdeh2 qanunsuz olaraq onun torpaq sahəsi üzrəində olan mülkiyyət hüquqlarının pozulması barədə müraciəti Gədəbəy rayon Polis şöbəsinə daxil olmuş, müracitə araşdırılmış, İddiaçı2 ərizəsi əsasında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı2 mübahisə ilə əlaqdar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Gədəbəy rayon X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05 saylı arayışından görünür ki, Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin təsdiq etdiyi qonşuluq aktına əsasən, Cavabdeh2 ailəsi ilə birlikdə uzun illərdir ki, həmin yoldan istiadə edir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetstri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyindən görünür ki, iddiaçıların ləğv edilməsini tələb etdiyi avtomobil yolu kimi iddia edilən torpaq sahəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı1 Həsənqulu qızına məxsus 0.2595 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçıların iddia ərizəsində göstərdiyi və ləğvini tələb etdiyi, cavabdehlər tərəfindən istifadə edilən mübahisəli avtomobil yolu iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməli və həmin avtomobil yolundan cavabdehin istifadəsi qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları, mütəxəssis rəyi və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 162.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı2 adına, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 0.2595 ha olan torpaq sahəsi isə X1 adına qeydə alınmışdır. İddiaçılar məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən onlara məxsus torpaq sahəsindən qanunsuz olaraq avtomobil yolu açıldığını və bunun nəticəsində onların mülkiyyət hüquqlarının pozulduğunu iddia etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların ləğv edilməsini tələb etdiyi avtomobil yolu kimi iddia edilən torpaq sahəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı1 Həsənqulu qızına məxsus 0.2595 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin iddiaçı Cavabdeh2 bundan əvvəl cavabdeh İddiaçı2 qarşı həmin avtomobil yolunun bərpa olunması və təzminat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş materiallarında olan mütəxəssis rəyinə əsasən, kompleks yerquruluşu xəritəsində yol kimi iddia olunan ərazidə yol nəzərdə tutulmadığı müəyyən edilmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-465/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işdə olan sübutlarla və mütəxəssis rəyi ilə, iddiaçılara məxsus torpaq sahəsindən cavabdehlərə məxsus fərdi yaşayış evinə hər hansı yolun nəzərdə tutulmadığı və iddiaçılara məxsus torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz olaraq avtomobil yolunun açılması öz təsdiqini tapır. Həmçinin cavabdehlərin qanunsuz olaraq iddiaçılara məxsus torpaq sahəsində avtomobil yolu kimi istifadə etmələri iddiaçıları mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçılar onlara məxsus həyətyanı torpaq sahəsindən cavadehlər tərəfindən açılmış avtomobil yolunun ləğv edilməsini, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını və gələcəkdə eyni hadisənin təkrar edilməsi cavabdehlərə qadağa qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, X1 adına qeydə alınmış, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 0.2595 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılmış avtomobil yolu ləğv edilməli, həmin mübahisəli torpaq sahəsinin avtombil yolunun ləğv edilən hissəsi əvvəlki vəziyyətinə bərpa edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsi üzrə gələcəkdə eyni hərəkətləri təkrar etmələrinə qadağa qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, X1 adına qeydə alınmış, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 0.2595 ha olan torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılmış avtomobil yolu ləğv edilərək torpaq sahəsi əvvəlki vəziyyətdə bərpa edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsinə hər hansı müdaxilə edilməsinə qadağa qoyulsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar