Məhkəmə qərarları › İş №2(042)-419/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-419/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-419/2021 26.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ilə müraciət edərək Cavabdeh məxsus Gədəbəy rayonu Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin tərkibində azyaşlı uşağı ilə birlikdə yaşamağı üçün arakəsmə ilə kəsilmiş bir otaqda yaşamaqları və istifadə hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdeh ilə 2003-cü ildə Cavabdeh tarixdə faktiki olaraq evlənmişlər. Cavabdehlə ilkin vaxtlar mehriban yaşamışlar. Lakin sonralar ona və uşaqlarına qarşı soyuq münasibətini hiss etmişdir. Cavabdeh ona həyat yoldaşı kimi hörmət qoymur. Onların birgə yaşamaqları mümkün olmamışdır. Cavabdehlə birgə yaşadıqları dövrdə onların 24.05.2006-cı il təvəllüdlü X9, 09.07.2010-cu il təvəllüdlü X10 və 18.12.2008-ci il təvəllüdlü X11 adında uşaqları olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsində yaşayır. O, məcburiyyət qarşısında qalaraq azyaşlı uşaqlarının saxlanılıb tərbiyə edilməsi üçün aliment kəsilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onun yaşayış yeri yoxdur. Halhazırda o valideynləri himayəsində yaşayır. Gədəbəy rayon Söyüdlü kəndində yerləşən evdə bir otaq arakəsmə ilə kəsilib uşaqlarının saxlanması üçün ona verilməsini istəyir. Odur ki, iddia tələbini təmin edilməsini istəyir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. İddiaçı ilə 2003-cü il tarixdə faktiki olaraq evlənmiş, aralarında olan narazılığa görə ayrılmışlar. Həqiqətən, iddiaçı 2003-cü ildə ailə qurarkən Gədəbəy rayon Yenikənd kəndində yerləşən onun valideyinlərinə məxsus fərdi yaşayış evinə köçmüşdür. Onlar bir ailə olaraq həmin evdə yaşamışlar. Valideyinləri vəfat etdikdən sonra həmin evdə o və qardaşı yaşayır. İddiaçı da həmin evdə qeydiyyatdadır. O, iddiaçının azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsinə etiraz etmir. O, bu barədə məhkəməyə ərizədə vermişdir. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gərgər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 10 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 61-ci səhifəsinə əsasən göstərilən ailə üzvləri ilə birlikdə qeydiyyatdadır: 1. özü X4; 2. əri Cavabdeh; 3. X1; 4. X3; 5 oğlu X11; 6. X7. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X9 24.05.2006-cı il, X10 09.07.2010-cu il və X1118.12.2008-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşlar. Ataları qrafasında X6, anaları qrafasında İddiaçı qeyd edilmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsusluğu mübahisələndirilmir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 2003-cü il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki qanunvericilik Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı onunla ev sahibi arasında heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Həmçinin cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddia tələbinin “həmin evdən istifadə hüququ” verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının mübahisəli evə istifadə etmək hüququ yaranmışdır. Yaşayış sahəsindən və ya onun tərkib hissəsindən istifadə etmək hüququ istifadə hüququndan fərqlənməklə müxtəlif hüquqi mahiyyət kəsb edir və yaranma əsasları da fərqlidir. Yaşayış sahəsindən və ya onun tərkib hissəsindən istifadə etmək hüququ mahiyyət etibarı ilə məhdud əşya hüququna aid olmaqla servitutdur, həmin hüquq istifadə hüququndan fərqli olaraq, notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranır. Yaşayış sahəsindən və ya onun tərkib hissəsindən istifadə etmək hüququ yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması əsası ilə yaranır. Fərdi yaşayış evinə istifadə hüququnun yaranması üçün isə qanunla müəyyən olunmuş müqavilə və digər əsaslar olmalıdır ki, iddiaçı bu əsasların yaranmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı övladları ilə birlikdə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı uşaqları-24.05.2006-cı il təvəllüdlü X9, 09.07.2010-cu il təvəllüdlü X10 və 18.12.2008-ci il təvəllüdlü X11 ilə birlikdə qeydiyyatda olduqları Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınıb X2 verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar