Məhkəmə qərarları › İş №2(042)-432/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-432/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-432/2023 25.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2015-ci il tarixdə doğulmuş X2 tərbiyə edilməsi üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-257/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat alimentin miqdarının artırılaraq, hər ay 220 manat miqdarında müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 2014-cü il tarixdə cavabdehlə nikah bağlayaraq evlənmişdir. Birgə ailə münasibətlərindən 16 mart 2015-ci il tarixdə X6 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. O işləmir və azyaşlı uşağı onun himayəsindədir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-257/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat miqdarında alimentin tutularaq, ona verilməsi qət edilmişdir.Cavabdeh biznesmendir, maddi vəziyyəti yaxşıdır. Azyaşlı uşaq məktəbə gedir və hazırda təyin edilmiş aliment azyaşlı uşağın saxlanılma xərclərini ödəmir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərərk bildirmişdir ki, O, bazarda fəhlə işləyir. Aylıq qazancı təxminən 300-400 manat olur. O, 5 ildir ki, İddiaçı ayrılmışdır. İddiaçı uşağın onunla görüşməsinə şərait yaratmır. O, hər ay alimentini ödəyir və alimentin artırılmasına razı deyil. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə X6 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(042)-257/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş və 16 mart 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1293/2019 saylı qətnaməsi təyin edilmiş 160 manat alimentin miqdarı artırılaraq, 175 manat miqdarında müəyyən edilmişdir. İşdə olan Gədəbəy Rayonu Poladlı kənd İƏD nümayədəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı X6 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2014-cü ildə nikah bağlayaraq evlənmişlər. Onların birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə X6 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə 16 mart 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşağın saxlanılması xərclərinin artmasını, uşağının təhsili, geyimi və səhhəti ilə bağlı vəziyyətini nəzərə alır və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-257/2021 saylı qətnaməsi ilə təyin edilmiş 175 manat alimentin miqdarı artırilaraq, 220 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, cavabdeh X5 30.8 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülməli, 50 manat mediasiya xərcinin əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-257/2021 saylı qətnaməsi ilə təyin edilmiş 175 manat alimentin miqdarı artırilaraq, 220 manat miqdarında müəyyən edilsin. Cavabdeh 30.8 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülsün, 50 manat mediasiya xərcinin əvəzi alınaraq, İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar