Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-432/2025 30.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borc müqaviləsi üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2700 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşusudur. O, ailəsini dolandırmaq üçün Tovuz rayonunda fəhləlik edir, yəni xurma (karolyok) yığır. 2023-cü ilin oktyabr ayının sonlarında Tovuz rayonu, Dönük Qırıqlı kəndində yığım işində olarkən qonşusu Feyruz ona zəng edərək 2700 manat borc pul istəmişdir. O, cavabdehə pulunun olmadığını bildirdikdə, Feyruz barəsində intim münasibətlər haqqında ailəsinə və kənd arasında danışacağı ilə onu təhdid etmişdir. Həmin vaxt yanında olan işçi Tovuz rayonu, Alakol kənd sakini X3 ondan nə baş verdiyini soruşduqda, o İsmixana Feyruzun onu təhdid edərək ondan borc pul istədiyini bildirmişdir. İsmixan ona borc pul verərək köməklik edəcəyəni demişdir. Bundan sonra o, Feyruza zəng vuraraq ona 2700 manat borc pul verə biləcəyini, həmin pulu Tovuz rayonu, Dönük Qırıqlı kəndində olduğu üçün orada verə biləcəyini demişdir. Feyruz telefonda onunla razılaşmışdır. Həmin gün axşam saatlarında, təxminən 19-20 radələrində Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində X3 ilə birlikdə 2700 manat pulu Feyruza vermişdir. Feyruz aldığı borcu 1-2 ay müddətinə qaytaracağına söz vermişdir. Lakin bu günədək Feyruz onun borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu istəsə də, cavabdeh onu hədələyir, pulu qaytarmayacağını bildirir. Həmçinin İsmixan da Feyruza zəng etmiş və pulu qaytarmasını bildirmiş, lakin Feyruz İsmixana bildirmişdir ki, “Zülfiyyə bir də məndən pul istəsə, onu asacam”. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri və şahid ifadəsi:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı qonşusudur. İddiaçının ərinin onunla ədavəti var. Onu pula görə dəfələrlə şikayət ediblər. İddiaçı əvvəlcə ondan 5000 manat, sonra 4000 manat, ən sonda isə 2800 manat pul istəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. O, iddiaçını heç bir vaxt təhdid etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. X1 məhkəmə iclasında bildirdi ki, İddiaçı ilə iş yoldaşı olmuşdur. 2023-cü ilin oktyabr ayında Zülfiyyəyə zəng gəlmiş və telefonla danışdıqdan sonra Zülfiyyənin qanı qaralmış, o, Zülfiyyədən soruşduqda sonuncu ona Feyruzun ona zəng edib 2700 manat pul istədiyini demişdir. Zülfiyyə ondan borc pul almış, Zülfiyyəni avtomobillə aparmış və sonuncu pulu vermişdir. Ancaq o iddiaçının pul verdiyi şəxsi görməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
8. Belə ki, iş materiallarında olan; - Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Həmkəndliniz və qonşunuz X2 olan 2500 (iki min beş yüz) manat pul borcunu qaytarmaması səbəbindən aranızda yaranmış mübahisə zamanı söyülüb, təhqir olunmağınız barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Gədəbəy rayon polis şöbəsinə etdiyiniz müraciətlərinizin icrası ilə bağlı bildiririk ki, həmkəndliniz və qonşunuz X6 ilə aranızda yaranmış pul mübahisəniz ilə bağlı müraciətiniz mülki xarakterli tələb olduğundan sizin mülki qaydada rayon məhkəməsində iddia qaldırmaq hüququnuz vardır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, özünüzü həmkəndliniz və qonşunuz X6 tərəfindən söyülüb, təhqir olunmuş hesab edirsənizsə, təhqirə görə cinayət təqibi xüsusi ittiham qaydasında məhkəmələr tərəfindən həyata keçirildiyi üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnuz vardır.”
9. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulu cavabdehə borc verdiyini sübut etməlidir.
10. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: - "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. - ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. - ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
11. Azərbaycan Respublikası Müki Məcəlləsinin; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
12. Məhkəmə qeyd edir ki, üzərinə sübutetmə yükü düşən İddiaçı cavabdehə qeyd edilən məbləğdə borc verməsini və həmin borcun qaytarılmamasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid isə ifadəsində iddiaçının ondan başqa bir şəxsə borc verməsi məqsədi ilə ondan 2700 manat məbləğində borc aldığını bildirsə də, iddiaçının həmin məbləği kimə verməsini görmədiyini bildirir. Eləcə də, Gədəbəy rayon Polis şöbəsindən əldə edilmiş, iddiaçının müraciəti əsasında toplanmış materialda da iddiaçı ilə cavabdeh arasında qeyd edilən borc münasibətlərinin mövcud olmasını təsdiq edən hal müəyyən edilməmişdir.
13. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh pul tələb etməsinə dair heç bir hüquqi əsas olmadığından iddia tələbi təmin edilməməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov