Məhkəmə qərarları › İş №2(042)-450/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-450/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-450/2021 05.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X1 23.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatan kimi saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) 140 manatdan 200 manat miqdarda aliment artırılaraq cavabdehdən tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(042)-314/2019 saylı qətnaməsinə əsasən, 07 fevral 2019-cu il tarixdən başlayaraq, 23 mart 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xalik oğlundan hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq onun xeyrinə verilməsini qət edilmişdir. Həmin pul miqdarı uşağın aylıq tələbatlarına çatmır. Uşaq xəstədir və onun müalicəsinə xeyli pul xərcləmişdir. Özü heç yerdə işləmir. Valideynlərinin evində yaşamaqla, onların köməyi, təsərrüfatla və fəhləliklə məşğul olmaqla özünü və azyaşlı uşağını dolandırır. Cavabdeh isə uşağın saxlanması üçün aliment pulundan əlavə heç bir maddi köməklik göstərmir. Cavabdeh peşə məktəbində müəllim və Slavyanka kəndində yerləşən «EL OYL» yanacaq doldurma məntəqəsində işləyir. Yəni cavabdehin əsas aylıq qazancından əlavə digər gəliri də vardır. Ona görə də alimentin artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, aylıq 300 manat məbləğində əmək haqqı alır. Aylıq əmək haqqından 140 manat isə Gədəbəy rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan alınaraq cavabdehə verilir. Onun yaşaması üçün isə 160 manat pul qalır. Onun cavabdehin tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ № 727531 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23.03.2016-cı il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası qrafasında X9 oğlu, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(042)-314/2019 saylı qətnaməsinin surətindən görünür ki, 07 fevral 2019-cu il tarixdən başlayaraq, 23 mart 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Xalik oğlundan hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İ № 345549 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Xalik oğlu 23 mart 2016-cı il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh Xalik oğlu ilə 2015-ci ildə qeyri-rəsmi olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə onların bir uşaqları – 23 mart 2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2019cu il tarixli, 2(042)-314/2019 saylı qətnaməsinə əsasən, 07 fevral 2019-cu il tarixdən başlayaraq, 23 mart 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Xalik oğlundan hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 140 manat alimentin artırılaraq 155 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Xalik oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(042)-314/2019 saylı qətnaməsi ilə 23 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Xalik oğlundan İddiaçı xeyrinə tutulan 140 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 155 manat aliment Cavabdeh Xalik oğlundan alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Xalik oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar