Məhkəmə qərarları › İş №2(042)-450/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-450/2023

26.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-450/2023 26.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 tərəfindən onlara məxsus fərdi yaşayış evinin dam örtüyündən axan yağış sularının yönləndirilərək Gədəbəy rayonu, Yenikənd kəndində qonşuluqda yerləşən ona məxsus fərdi yaşayış evinin arxa hissəsinə axmasının qarşısının cavabdehlər tərəfindən alınması; cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 tərəfindən onların kəsdikləri heyvanların qanını onun evinin həyətinin giriş qapısının qarşısına tökülməsinin qadağan edilərək yaratdıqları ağır qan qoxusunun qarşısının alınması; cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 tərəfindən onlara məxsus fərdi yaşayış evinin dam örtüyündən axan yağış sularının ona məxsus fərdi yaşayış evinin arxasına axması nəticəsində evinə dəymiş 3000 manat məbləğində maddi ziyanın əvəzinin və cavabdehlər tərəfindən ona məxsus tor hasarının yararsız hala salınmasına görə dəymiş 2000 manat məbləğində maddi ziyanın əvəzinin, cəmi 5000 manat məbləğində maddi ziyanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Yenikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1 Qəhrəman oğlu və Cavabdeh2 onunla qonşudur. Hazırda cavabdehlər evlərinin dam örtüyündən axan yağıs sularının onun evinin arxa hissəsinə yönlənməsinin qarşısını almışlar. Eləcə də, cavabdehlər onun həyətyanı torpaq sahəsinə çəkdiyi metal tor hasarı əzərək yararsız hala salmışdırlar.Nəticədə ona ziyan dəymişdir. Bundan başqa cavabdehlər iribuynuzlu heyvanların ət kəsimi ilə məşğul olur və kəsdikləri heyvanların qanını onun evinin giriş qapısının qarşısına tökürlər və qan quruduqda isə kəskin qoxu əmələ gəlir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Qəhrəman oğlu iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı qonşusudur. İddiaçı evinin hasarını onun hasarına birləşdirmişdir. Onun su sistemi hamısı kanalzasiyaya axır. İddiaçının həyətinə yağış sularının axıdılmasının qarşısı alınmışdır. Həyətin qapısında heyvan kəsimi ilə məşğul olmur. İddiaçıya heç bir ziyan vurmamışdır. Əksinə iddiaçının öz həyətindən yağış suları onun həyətinə axıdılır. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 eyniməzmunlu izahat verərərk, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Yerində Müayinə protokolundan görünür ki, yerində müayinə zamanı cavabdehlər tərəfindən yağış sularının iddiaçıya məxsus yaşayış evinin arxa hissəsinə axmasının qarşısının alındığı, iddiaçıya məxsus həyətin giriş qapsında cavabdehlər tərəfindən heyvanlar kəsilmədiyi və qan izlərinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar təqdim etməmişdir. Ona görə də, iddia tələbləri təmin edilməməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar