Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-453/2020 09.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, İddiaçı “x12” MMC-nin etibarnamə üzrə nümayəndəsi x1 və Cavabdeh iştirakları ilə, İddiaçı “x12” MMC-nin Cavabdeh qarşı “su bulağından istifadəyə edilən müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “x12” MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq “Zabalota” adlanan ərazidəki içməli su mənbəyindən istifadə hüququnun yalnız “x12” MMC-yə məxsus olduğunu nəzərə alaraq cavabdehin qanunsuz istifadəsinə son qoyulması və qanunsuz çəkdiyi boru xətlərinin ləğv edilməsi, cavabdehdən “x12” MMC-nin xeyrinə 50000 manat miqdarında dəymiş maddi zərərin əvəzinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “x12” MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq “Zabalota” adlanan ərazidəki içməli su mənbəyindən istifadə hüququnun yalnız “x12” MMC-yə məxsus olduğunu nəzərə alaraq cavabdehin qanunsuz istifadəsinə son qoyulması və qanunsuz çəkdiyi boru xətlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “x12” MMC-nin etibarnamə üzrə nümayəndəsi x5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri olan Gədəbəy rayonu füsunkar təbiəti ilə yanaşı, həm də içməli bulaqları ilə məşhurdur. 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmiş və həmin vaxtdan “x12” MMC təsis edilmişdir. “x12” MMC-də bütün istehsal prosesi İSO standartlarının tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Türkiyənin “x6” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004, İSO 22000-2005 və İSO 9001-2008 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. “x12” MMC fəaliyyətə başladığı dövrdən bu günə qədər vətəndaşların sağlamlığını ön plana çəkmiş və insanların sağlamlığına faydalı olan minerallarla zəngin “Slavyanka 1” əmtəə nişanlı təbii içməli suların istehsalını həyata keçirməklə xalqa xidmət edir. “x12” MMC-nin istehsal etdiyi “Slavyanka 1”, “Gədəbəy” və “Novlu” əmtəə nişanlı sular AZS ***-**** - "Təbii içməli mineral su" standartının tələblərinə uyğun istehsal olunur və suyun tərkibinin bütün göstəriciləri x7, QOST və Avropa İttifaqının standartlarına uyğundur. Artıq uzun müddətdir, əməkdaşlıq etdikləri suyun laboratoriya fəaliyyəti üzrə akkreditasiya olunmuş "xxxxxxxxxxxxxxxx" MMC-də fabrikin sularının tərkibinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir. Həmçinin, fabrikin nəzdində də laboratoriya fəaliyyət göstərir, mütəmadi olaraq gündəlik suyun analizini həyata keçirir. “x12” MMC-nin istehsal etdiyi “Gədəbəy” və “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları Azərbaycan Respublikasının içməli su bazarında öz önəmli yerini tutur və Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və digər yüzlərlə dövlət və ya qeyri-dövlət qurumlarına təchizat olunur. Həmçinin, qeyd etmək istəyir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlər və xarici ölkələrin səfirlikləri də “Gədəbəy” və ya “Slavyanka 1” əmtəə nişanlı təbii mineral sularını istehlak edir. Təbii ki, istehsal etdikləri sular eyni zamanda Rusiya Federasiyası, Belarus respublikası, Qazaxıstan respublikası, İraq respublikası və Bəhreyn krallığına da ixrac edilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, şirkət Vergilər Nazirliyi tərəfindən Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir. O cümlədən, idxal-ixrac əməliyyatlarında Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, “x12” MMC öz vergi və digər öhdəliklərini vaxtında və tam şəkildə icra edir. Eyni zamanda Xüsusi Karantin rejimində müəssisəöz istehsal fəaliyyətinə dayanmadan davam edərək vətəndaşların içməli təbii mineral sulara olan tələbatının müəyyən qismini ödəməkdədir. Gədəbəy rayonu ərazisində yerləşən bulaqlardan istifadə Azərbaycan Respublikası üçün strateji önəm kəsb edir və müəssisə hər zaman ÜST və digər beynəlxalq təşkilatların, o cümlədən respublikanın sanitariya və gigiyena normalarını hər zaman icra edir və bütün tələblərə ciddi şəkildə riayət edir. Təbii ki, içməli sudan istifadə hüquqi şirkətə məxsus olan bulaqları müəssisə hər zaman qorumalı və heç bir halda xarici müdaxilənin (strateji əhəmiyyətli bulaqların çirklənməsi) olmasına yol verməməlidir. Lakin “x12” MMC-nin sahibkarlıq fəaliyyətinə Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Slavyanka kəndinin sakini Cavabdeh tərəfindən maneçilik törədilir. Cavabdeh 26 fevral 2020-ci il tarixdə “Slavyanka” kənd bələdiyyəsi ilə 15 il müddətinə istifadəyə götürdükləri (11 may 2017-ci il Gədəbəy rayonu Slavyanka Bələdiyyəsi arasında bağlanılmış müqavilə) su mənbəyindən su fabrikinə daxil olan su borusunu kəsərək öz yaşadığı evə qanunsuz su xətti çəkmişdir. Bununla da Su Fabrikinı daxil olan suların təxminən 30% hissəsinin azalmasına səbəb olaraq şirkətə 50000 manat maddi zərər vurmuşdur. Şirkət tərəfindən ona xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qanunsuz əməlindən bu günə qədər əl çəkməmişdir. Bildirmək istəyir ki, müəssisədə hal-hazırda 244 işçi çalışır və Cavabdeh bu cür qanunzuz əməli ilə hal-hazırda fabrikin fəaliyyətinin dayanmasına gətirib çıxarmışdır. Onu da eyd edir ki, məhkəmədə cavabdehə qarşı iddia qaldırılarkən, həm də iddianın təmin tədbirləri barədə ərizə verilmiş, ərizə təmin edilərək işə mahiyyəti üzrə baxılanadək cavabdeh tərəfindən sözügedən su bulağına edilən maneələrə qadağa qoyulması barədə qərardad qəbul edilmişdir. Qərardad icraya yönəldikdən sonra şirkətin vəsaiti hesabına cavabdehin yaşadığı evə su xətti çəkilmiş və onunla razılaşma əldə edilmişdir. Lakin cavabdeh yenidən şirkətə gələn su borusunu kəsmiş və şirkətin fəaliyyətinə maneələr yaratmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, iddiaçı şirkətin su borşunu kəsməmişdir. Slavyanka bələdiyyəsi tərəfindən ona Slavyanka kəndində “Slavyanka çayı”nın sağ tərəfindəki ceyilliyin aşağı hissəsindəki ərazidəki su mənbəyindən istifadə hüququ verilmişdir. O, öz su xəttindən istifadə edir və iddiaçının su borusuna heç bir maneə yaratmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Slavyanka bələdiyyəsi ilə “x12” MMC arasında bağlanmış 11 may 2017-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Slavyanka kəndində “Zabalota”nın aşağı hissəsində olan içməli su mənbəyi “x12” MMC-nin 15 il müddətinə istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş “Sudan xüsusi istifadəyə icazə” sənədindən görünür ki. “x12” MMC-yə 23 oktyabr 2022-ci ilədək Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən “Novlubulaq” bulaq suyundan xüsusi istifadə hüququ verilmişdir. İşdə olan Slavyanka bələdiyyəsi ilə Slavyanka kənd sakinləri x3, x4 və x8 arasında bağlanmış 30 avqust 2018-ci il tarixli, 02 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən “Slavyanka çayı”nın sağ tərəfindəki ceyilliyin aşağı hissəsindəki ərazidəki əvvəllər istifadələrində olan su mənbəyi 15 il müddətinə həmin vətəndaşların istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və x2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və x2 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. x14 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı iddia ərizəsində qeyd etdiyi mübahisələndirilən su obyektindən maneəsiz istifadəsinə cavabdeh tərəfindən maneələr yaradıldığını sübut etməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, ididaçı “x12” MMC təbii mineral suların istehsalı ilə məşğul olur. Mübahisələndirilən içməli su mənbəyi Gədəbəy rayonu, Slavyanka kəndində “Zabalota” adlanan ərazinin aşağı hissəsində yerləşir. Həmin su mənbəyi Slavyanka bələdiyyəsi tərəfindən 15 il müddətinə “x12” MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən su mənbəyindən iddiaçı şirkətə gələn su borusu kəsilərək yarasız hala salınmış, nəticədə iddiaçı şirkətin fəaliyyətinə müdaxilələr törədilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək, yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasım və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri bələdiyyənin səlahiyyətlərinə aid etmişdir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadənin əsas məqsədi aşağıdakılardır; bələdiyyə ərazisindəki su ehtiyatlarından səmərəli istifadənin təmin olunması; suyun dəqiq uçotunun aparılması; su təchizatına yönəldilmiş xərclərin ödənilməsi; suvarma və su kəmərləri sistemlərinin yeni avadanlıqlarla təchiz olunmasının yaxşılaşdırılması; yeni su mənbələrinin yaradılması. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir. Məhkəmə hazırki mübahisəni hərtərəfli və obyektiv şəkildə araşdıraraq belə bir nəticəyə gəlir ki, mübahisələndirilən bulaq bələdiyyə torpağında yerləşir və iddiaçı şirkətin 15 illik istifadəsinə verilmişdir. Eyni zamanda Slavyanka bələdiyyəsi tərəfindən “Slavyanka çayı”nın sağ tərəfindəki ceyilliyin aşağı hissəsindəki ərazidəki əvvəllər istifadələrində olan su mənbəyi 15 il müddətinə cavabdehin (müqavilədə cavabdehin oğlu qeyd edilmişdir) istifadəsinə verilmişdir. Cavabdeh tərəfin ailəsi suya olan bütün tələbatlarını məhz həmin bulaq vasitəsilə təmin edir. Ona görə də cavabdeh tərəfindən iddiaçı “x12” MMC-nin istifadəsinə verilmişSlavyanka kəndində Zabalota”nın aşağı hissəsində olan içməli su mənbəyindən istifadəsi qanunsuz hesab edilməli və çəkdiyi boru xətləri ləğv edilməklə iddiaçı şirkətin həmin bulaqdan istifadə etməsinə yaradılan hər cür müdaxiləyə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı “x12” MMC-nin istifadəsinə verilmiş, Gədəbəy rayonuSlavyanka kəndində Zabalota” adlanan ərazinin aşağı hissəsində olan içməli su mənbəyindən Cavabdeh istifadəsinə qadağa qoyulmaqla çəkdiyi boru xətləri ləğv edilməli və Cavabdeh tərəfindən iddiaçı “x12” MMC-nin həmin bulaqdan istifadə etməsinə yaradılan hər cür müdaxiləyə son qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı “x12” MMC-nin istifadəsinə verilmiş, Gədəbəy rayonuSlavyanka kəndində Zabalota” adlanan ərazinin aşağı hissəsində olan içməli su mənbəyindən Cavabdeh istifadəsinə qadağa qoyulmaqla çəkdiyi boru xətləri ləğv edilsin və Cavabdeh tərəfindən iddiaçı “x12” MMC-nin həmin bulaqdan istifadə etməsinə yaradılan hər cür müdaxiləyə son qoyulsun. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı “x12” MMC-yə verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-453/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-453/2020
09.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver