Məhkəmə qərarları › İş №2(042)-46/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-46/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-46/2023 21.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəymiş zərər olaraq 2970.50 manatın alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, 2022-ci il aprel ayının 25-də Cavabdeh ona evini təmir edəcəyini bildirmişdir. O, cavabdehi tanıdığı üçün ona inanmışdır. Cavabdeh onun evində rəngsazlıq işləri aparmağa başlamışdır. O, mərhələli şəkildə evə lazım olan materialları almış, cavabdeh evdə rəngləmə işləri aparmışdır. Ancaq çox çəkməmişdir ki, həmin təmir olunan yerlər tökülməyə başlamışdır. Eyni zamanda cavabdeh onun evində apardığı təmir işlərini yarımçıq qoyaraq getmişdir. Onun aldığı materialların hamısı təzə olmuşdur. Cavabdeh onun etibarından istifadə edərək onu aldatmış və ona xeyli ziyan vurmuşdur. O, cavabdehə 300 manat təmir üçün əmək haqqı vermiş və 2670.50 manatlıq mal-material almışdır. Təmir edilən tavanda olan boyalar isə qoparaq tökülmüş və yarasız vəziyyətə düşmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1173 saylı arayışdan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyinin 18 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 51-ci səhifəsində qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı ilə verilmiş, X5 kitabında xx.xx.2014-cü il tarixdə 03 nömrə ilə uçota alınmış A № 480539 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X2 Gədəbəy şəhərində 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nın Gədəbəy şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1707 saylı arayışdan görünür ki, X4 şəhər İƏD üzrə nümayəndəliyinin 18 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 51-ci səhifəsində qeyd edilmişdir. Gədəbəy şəhərində fərdi yaşayış evi vardır. İşdə olan AZ-İ № 161815 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X4 ilə nikahlarını xx.xx.2005-ci ildə Gədəbəy rayon VVADQ şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/6565 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gədəbəy şəhərində yerləşən İddiaçı istifadəsində olan, hazırki iş üzrə mübahisəli fərdi yaşayış evində Cavabdeh tərəfindən görülmüş işlərdə qüsura yol verilmiş və tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2282.5 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, Abbas Səhət küçəsində qeydiyyatda olan X2 Gədəbəy rayonu Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı ilə verilmiş, X5 kitabında xx.xx.2014-cü il tarixdə 03 nömrə ilə uçota alınmış A № 480539 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy şəhərində 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində qüsurlu olaraq təmir işlərinin apardığını bildirmiş və ona vurulmuş 2970.50 manat məbləğində ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə əvvəlcə iddiaçının mübahisəli fərdi yaşayış evi üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edilməsi üçün subyektiv hüququnun olub-olmaması ilə bağlı aşağıdakı qeyd etməyi zəruri hesab edir; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ailə Məcəlləsinin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Məhkəmə qeyd edilən normalara əsasən hesab edir ki, X1 mülkiyyətinə Gədəbəy rayonu Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı ilə Gədəbəy şəhərində 600 kv.m həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evinin X2 məxsus olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd olmasa da, onun həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun gözləntisi vardır. Eləcə də, X4 ilə İddiaçı xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi B.Quliyevlə İddiaçı birgə nikahda olduqları dövrdə əldə olunduğundan, onların ümumi birgə istifadəsində hesab edilməlidir. Odur ki, İddiaçı mübahisəli fərdi yaşayış evi üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edilməsi üçün subyektiv hüququ vardır. Məhkəmə iddiaçının ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 763-cü maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh ilə aralarında iddiaçının yaşadığı Gədəbəy şəhərində yerləşən fərdi yaşayış evində təmir işlərinin aparılması barədə şifahi podrat razılaşmasının olmasını, cavabdehin razılaşdırılmış işi qüsurlu icra etdiyini sübuta yetirməlidir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında iddiaçının yaşadığı Gədəbəy şəhərində yerləşən fərdi yaşayış evində təmir işlərinin aparılması barədə şifahi podrat müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə iddiaçı fərdi yaşayış evində təmir işlərinin aparılması ilə bağlı cavabdehlə razılığa gəlmiş və cavabdeh həmin fərdi yaşayış evində qüsursuz şəkildə təmir işləri aparmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin fərdi yaşayış evində təmir işlərini icra etsə də, qüsurlu şəkildə icra etmişdir. Belə ki, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi icra edərkən hər hansı qüsura yol verib-verməməsi, qüsura qol verilmişdirsə bunun nəticəsində iddiaçıya nə qədər ziyan dəyməsinin aydınlaşdırılması üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/6565 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gədəbəy şəhərində yerləşən İddiaçı istifadəsində olan, hazırki iş üzrə mübahisəli fərdi yaşayış evində Cavabdeh tərəfindən görülmüş işlərdə qüsura yol verilmiş və tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2282.5 manat məbləğində müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı fərdi yaşayış evində cavabdeh tərəfindən aparılmış təmir işlərində yol verilmiş qürurlar nəticəsində ona vurulmuş həmin zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbinin qalan hissədə əsaslılığı barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında qalan tələb edilən zərərin sübuta yetirilməsi müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh görülməli olan işlərin qüsurlu icra edilməsi nəticəsində vurulmuş maddi zərər görə 2282.50 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 2332.50 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh görülməli olan işlərin qüsurlu icra edilməsi nəticəsində vurulmuş maddi zərər görə 2282.50 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 2332.50 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar