Məhkəmə qərarları › İş №2(042)-465/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-465/2020

29.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-465/2020 29.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil yolunun bərpa olunması və təzminat” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq əvvəllər mövcud olmuş avtomobil yolunun bərpa olunması və Cavabdeh tərəfindən təhqir olunduğuna görə 500 manat məbləğində təzminatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qurudərə kəndində yaşayır. Ona və ailə üzvlərinə məxsus olan yaşayış evinə gələn avtomobil yolu 70 ildən çoxdur ki mövcuddur. Həmin avtomobil yolu qonşusu Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin kənarından keçir. Cavabdeh xx xxxxx 2020-ci il tarixdən etibarən onlara məxsus yaşayış evinə gələn avtomobil yolunun bir hissəsini bağlamışdır. Onlar həyətyanı torpaq sahəsini şumlatmaq üçün traktor gətirdikləri zaman cavabdeh traktorun qabağını kəsmiş və həyətyanı torpaq sahəsinə buraxmamışdır. Bundan sonra cavabdeh həmin həyətyanı torpaq sahəsinə gedən yola böyük daşlar yığaraq yolu tam kəsmişdir. O, cavabdeh yığdığı həmin daşları təmizləyərkən cavabdeh evdən çıxaraq onu təhqir edərək əlindəki bellə onu vurmaq istəyən zaman o qaçmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Bundan sonra Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və həmin işi araşdıraraq Gədəbəy rayon Polis şöbəsi tərəfindən bu işlə bağı məhkəməyə müraciət etməsi barədə məktub göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, iddiaçı ilə onun arasında həmin mübahisəli torpaq sahəsinə görə tez-tez mübahisələr olmuşdur. İddiaçının öz torpaq sahəsindən avtomobil yolu açmaq üçün şəraiti vardır. Buna baxmayaraq iddiaçı onun torpaq sahəsindən yol verilməsini istəyir. O, hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Dəyirməndağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 226 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu İHB-nin Dəyirməndağ kənd İƏD üzrə nümayəndəliyinin Qurudərə kəndində təsərrüfatbaşına kitabda qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 198- 6927-1220 saylı məktubdan görünür ki, Gədəbəy rayon Polis şöbəsi X3 bildmişdir ki, qoşusu Cavabdeh tərəfindən təhqir olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə verdiyi məlumatın icrası ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. İşdə olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayonu X2 xx xxxxxxxx 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonunun Dəyirməndağ kəndində X1 mülkiyyətinə 1998.57 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********52 №-li mütəxəssis rəyindən görünür ki, mübahisəli və iddiaçı tərəfindən yol kimi təqdim olunmuş torpaq sahəsində ölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, kompleks yerquruluşu xəritəsində yol kimi iddia olunan ərazidə yol nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarında olan Gədəbəy rayon X2 xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərar ilə verilmiş Gədəbəy rayonu, Dəyirməndağ kəndində yerləşən A № 124831 seriyalı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında X4 ayrılmış 1998.57 kv.m həyətyanı torpaq sahəsinin koordinatları təqdim olunmuş mübahisəli olan torpaq sahəsindən kənarda yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçılar mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsindən iddiaçıya avtomaşın yolu nəzərdə tutulmalı və avtomaşın yolunun cavabdeh tərəfindən tutulması sübuta yetirilməlidir. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə tərəflərin izahatı, mütəxəssis rəyi və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonunun Dəyirməndağ kəndində iddiaçının və onun ailə üzvlərinin birgə mülkiyyətində 1998.57 kv.m həyətyanı torpaq sahəsi vardır. Cavabdeh iddiaçının qonşusudur. İddiaçı məhkəmədə iddia qaldıraraq evinə və həyətyanı torpaq sahəsinə gedən avtomaşın yolunun cavabdeh tərəfindən qanunsuz olaraq tutulduğunu iddia edir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, mübahisəli və iddiaçı tərəfindən yol kimim təqdim olunmuş torpaq sahəsində ölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, kompleks yerquruluşu xəritəsində yol kimi iddia olunan ərazidə yol nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarında olan Gədəbəy rayon X2 xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərar ilə verilmiş Gədəbəy rayonu, Dəyirməndağ kəndində yerləşən. A № 124831 seriyalı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında X4 ayrılmış 1998.57 kv.m həyətyanı torpaq sahəsinin koordinatları təqdim olunmuş mübahisəli olan torpaq sahəsindən kənarda yerləşir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomaşın yolu nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən X4 ayrılmış torpaq sahəsinin koordinatları mübahisəli olan torpaq sahəsindən kənarda yerləşdiyinə görə iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin onun təhqir etməsi barədə məlumatın doğru olmamasını sübut etməlidir. İddiaçı cavabdehin onu təhqir etməsi və ona mənəvi zərər vurması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. İddiaçının məhkəmə iclasında cavabdehin onun təhqir etməsi barədə izahatını məhkəmə iddia tələbinin əsaslılığı qənaətinə gəlmək üçün kifayətedici sübut hesab edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehin onu təhqir etməsi və mənəvi zərərə görə təzminat tələbi barədə məhkəmədə sübuta yetirilmədiyindən iddiaçının cavabdehdən mənəvi zərərə görə təzminat tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 283.30 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobil yolunun bərpa olunması və təzminat” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 283 (iki yüz səksən üç) manat 30(otuz) qəpik məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar