Məhkəmə qərarları › İş №2(042)-467/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-467/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-467/2022 23.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə əsas borcu 2280.28 manat, faiz borcu 37.55 manat, cəmi 2317.83 manat və ödənilmiş 43.18 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi və xx.xx.2019-cu il tarixli, 00xx-xx-105952 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 2327 ABŞ dolları məbləğində kredit verilmiş və xx.xx.2015ci il tarixli, 55-xx-xx-014331 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 2280.28 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Bildirmək istəyirik ki, aramızda bağlanmış xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borc alan, borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0.1%-dən çox olmamaq şərti ilə). xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2021-ci il tarixinə "xxxx" ASC-yə əsas borcu 2280.28 manat, faiz borcu 37.55 manat, cəmi 2317.83 manat təşkil edir. Odur ki, iddiaçı bank məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə verərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və onların iştirakları olmadan baxılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cavabdehə aid şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh Gədəbəy rayonu, Əyridərə kəndində qeydiyyatdadır. İşdə olan 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1 faiz ödəmək şərti ilə 2280 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə 19 dekabr 2019-cu il tarixli, kredit müqaviləsi üzrə borcu 2280.28 manat əsas borc, 37.55 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2317.83 manat təşkil edir. Məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsinin ləğv edilməsi tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən, yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə maddi hüquq normaları baxımından qeyd etməyi zəruri sayır ki, cavabdeh kreditor İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsi əsasında yaranmış öhdəlik münasibətlərinin tərəfi kimi öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, kreditor İddiaçı ASC Cavabdeh kredit verilməsi barədə müqavilə bağlayarkən müəyyən edilmiş müddətdə əsas borcun qaytarılması ilə yanaşı həmin məbləğə hesablanmış faizlərin ödənilməsinə ümid etmiş, lakin Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının mənafeləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsi ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Azərbaycan Respublikası MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00-xx-xx-105952 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 19 dekabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə 2280.28 manat əsas borc, 37.55 manat faiz borcu olmaqla, cəmi 2317.83 manat məbləğində borc və 43.18 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 2361.01 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00-xx-xx- 105952 saylı kredit müqaviləsi ləğv edilsin Cavabdeh 19 dekabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə 2280.28 manat əsas borc, 37.55 manat faiz borcu olmaqla, cəmi 2317.83 manat məbləğində borc və 43.18 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2361 (iki min üç yüz altmış bir) manat 01 (bir) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar