Məhkəmə qərarları › İş №2(042)-48/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-48/2023

01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-48/2023 01.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus **-UY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobilə vurulmuş 495 manat məbləğində zərərin əvəzinin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, 2022ci il iyun ayında ona məxsus **-UY-*** qeydiyyat nişanlı “Toyota Prius minik” avtomobilinə zərər yetirilmişdir. Belə ki, avtomobilimi qayda-qanuna uyğun idarə etdiyi zaman başqa bir avtomobildən düşən sərnişin yola baxmadan, yol istiqamətində düşdüyü avtomobilin qapısını açmış və bu zaman onun avtomobilinin qapılarına, güzgüsünə və başqa hissələrinə zərər yetirilmişdir. Hadisə baş verdikdən sonra X7 orqanının əməkdaşları hadisə yerinə gəlmiş, Binəqədi rayon X7 idarəsinin əməkdaşları hadisə ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, protokolda qeyd olunduğu kimi inzibati xəta törətdiyi üçün Cavabdeh barəsində 30 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtomobilinə dəymiş zərərin müəyyən olunması üçün "xxxx" ASC tərəfindən baxış keçirilmiş və dəymiş zərərin məbləği 990 manat məbləğində müəyyənləşdirilmişdir. Müəyyən olunmuş bu məbləğin 495 manatını sığorta şirkəti qarşılamışdır. Bunu xx.xx.2022-ci il tarixli sığorta aktı sübut edir. Qalan məbləğin ödənilməsi üçün hadisədən sonra Cavabdeh zəng vuraraq avtomobilin təmiri üçün lazım olan 495 manat pulu ödəməsini ondan xahiş etmiş, cavabdeh cavab olaraq özünün heç bir məsuliyyət daşımadığını, bütün məsuliyyətin sürücüdə olduğunu və qalan məbləği ondan almalı olduğunu bildirmişdir. Lakin, onun avtomobilinə cavabdeh tərəfindən zərər yetirilmişdir. Hadisənin üzərindən bu qədər vaxt keçməsinə baxmayaraq ona vurulmuş zərərin əvəzi hələ də ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan CML-3307/2022-AKT3388/22 saylı sığorta aktından görünür ki, "xxxx" ASC ilə sığortalı X4 arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sığorta şəhadətnaməsi üzrə “Mercedes Benz” markalı, **-HG- *** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə 55000 manat məbləğində sığortalanmışdır. 31 may 2022-ci il tarixdə “Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius minik” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə də “Toyota Prius minik” markalı avtomobilin sahibi İddiaçı 990 manat məbləğində zərər dəymişdir. Hadisə zamanı həm sürücünün, həm də sərnişinin mülki məsuliyyəti yarandığından zərər məbləğinin 50 %-nin sığorta şirkəti tərəfindən ödənilməsi qeyd edilmiş və sığorta ödənişi olaraq 495 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 31 may 2022-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 31 may 2022-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsinə görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan dəymiş zərərin hesabatı vərəqindən görünür ki, “Toyota Prius minik” markalı **-UY-*** avtomobilə 990 manat zərər dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci baş verən tarixə təxminən 990 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı 31 may 2022ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 495 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, 31 may 2022-ci il tarixdə “Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius minik” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə də “Toyota Prius minik” markalı avtomobilin sahibi İddiaçı 990 manat məbləğində zərər dəymişdir. Hadisə zamanı İddiaçı 990 manat məbləğində ziyan dəyməsi işdə olan sübutlarla və ekspert rəyini ilə təsdiqini tapır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollara və inzibati tənbeh vermə haqqında qərarlara əsasən, X3 və Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Hadisə zamanı həm sürücünün, həm də sərnişinin mülki məsuliyyəti yarandığından vurulmuş zərərin məbləğinin 50 %-i, yəni 495 manat hissəsi sürücü X1 sığortalı olduğu sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Göründüyü kimi, qeyd edilən nəqliyyat hadisəsi baş verməsində sürücü R.Rüstəmov və sərnişin Cavabdeh təqsirli bilinmişdir. Belə olan halda onların hər ikisi vurulmuş zərərə görə eyni dərəcədə məsuliyyət daşıyırlar. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş və ödənilməmiş qalan 495 manat məbləğində zərərin əvəzinin Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, iddia tələbi təmin edildiyi hissədə və çəkilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 495 manat məbləğində pul və ödənilmiş 30 dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməli, çəkilmiş ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 495 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 525 (beş yüz iyirmi beş) manat məbləğində pul alınıb İddiaçı hesabına ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar