Məhkəmə qərarları › İş №2(042)-48/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-48/2025

26.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-48/2025 26.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” mülki iş (açar sözlər: torpaq mübahisələri torpaq sahəsinin boşaldılması) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı vəkili Vəkil Kazim oğlu və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikililərin sökülməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 onun mülkiyyətində olan Gədəbəy rayonu Slavyanka kəndində yerləşən torpaq sahəsində tikdirdiyi tikintilərin (evlərin) öz hesabına sökülməsi və 10 il müddətində onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə törətdiyi üçün cavabdehin təqsiri ucbatından topaq sahəsini əkib-becərə bilmədiyindən 10 il müddətində əldən çıxmış faydanın əvəzi olaraq 30000 manat pul vəsaitinin Cavabdeh1 alınaraq, ona verilməsi və həmin torpaq sahəsində digər Cavabdeh2 İsfəndiryar qızı tərəfindən ev tiktirmək üçün töktürdüyü beton fundamentin Cavabdeh2 İsfəndiryar qızının öz hesabına sökülməsi, onun ərazisinə özbaşına girərək mülkiyyətindən istifadəyə maneçelik törətdiyi üçün 5000 kompensasiyanın ondan xeyrinə alınmasını, həmçinin ödədiyi 197 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcmini artırmış, cavabdehlərdən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 430 manatın da cavabdehlərdən alınaraq, ona verilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.15 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa və xx.xx.2011-ci il tarixli, AA007230 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədlərə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə onun adına qeydə alınmışdır.Sözügedən torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq, 2013-cü ildən etibarən o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmişdir. Cavabdeh1 onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmişdir.O, Cavabdeh1 müraciət edərək torpaq sahəsinin qanunsuz zəbt edildiyini bildirmiş və zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Lakin cavabdeh müraciətlərə əhəmiyyət verməmiş və torpaq sahəsini boşaltmamışdır.Belə olan halda o, 2017–2018-ci illərdə zəbt edilmiş torpaq sahəsinin boşaldılması üçün iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-72/2023 saylı Qətnaməsi ilə cavabdeh X3 onun mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 0.14 ha hissəsindən çıxarılması və cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadə etməsinə yaradılmış maneələrə son qoyulması qət edilmişdir.Cavabdeh onun torpaq sahəsini zəbt etməklə yanaşı, torpaq sahəsinin müəyyən hissəsində bir sıra tikililər də inşa etmişdir. Hazırda cavabdehdən həmin tikililərin sökülməsi tələb olunsa da, cavabdeh müraciətlərə əhəmiyyət vermir və tikililəri sökmür. Bununla da cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən normal istifadə etməsinə yenidən maneçilik törədir.Bundan əlavə, cavabdeh 10 ildən artıq müddət ərzində onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək onu torpaq sahəsinə buraxmamış və nəticədə o, 10 ildən artıq müddət ərzində torpaq sahəsini əkib-becərə bilməmişdir. Beləliklə, cavabdeh uzun müddət ərzində torpaq sahəsindən istifadə etməsinə mane olmaqla ona xeyli maddi ziyan vurmuşdur.Əgər o, həmin 0.14 ha torpaq sahəsini 10 il müddətində əkib-becərə bilsəydi, il ərzində minimum 3000 manat gəlir əldə edərdi ki, bu da 10 il ərzində 30.000 manat təşkil edərdi.Lakin cavabdehin qanunsuz əməlləri nəticəsində o, bu gəlirdən məhrum olmuşdur. Bundan başqa, 5 il davam edən məhkəmə çəkişmələri zamanı hüquqi yardım, mütəxəssis rəyləri, rüsumlar, yol və digər xərclər üçün xeyli vəsait sərf etmişdir və bu xərclərin cavabdeh tərəfindən geri ödənilməsini belə tələb etmir. Digər Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində ev tikmək üçün beton bünövrə tokürmüşdür. O, cavabdehdən bünövrənin götürülməsini xahiş etmiş, lakin o, imtina etmişdir. Ona görə də Cavabdeh2 İsfəndiryar qızı tərəfindən ev tiktirmək üçün töktürdüyü beton fundamentin Cavabdeh2 İsfəndiryar qızının öz hesabına sökülməsi, onun ərazisinə özbaşına girərək mülkiyyətindən istifadəyə maneçelik törətdiyi üçün 5000 kompensasiyanın ondan xeyrinə alınmasını, həmçinin ödədiyi 197 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı vəkili Vəkil Kazim oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən etriaf etmiş və izahat verərək, bildirmişdir ki, özünə məxsus torpaq sahəsi vardır. Özünə məxsus torpaq sahəsindən istifadə edir və torpaq sahəsinın hasara alınmış hissəsinin iddiaçının torpaq sahəsində yerləşdiyi bardə məlumatı olmamışdır.

5. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələlərini nəzərə alaraq, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

8. İşdə olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, 05 oktyabr 2011-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində 0.05 ha torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 57.83 kv m hissəsi Cavabdeh1 tərəfindən,49 33 kv m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur.Cavabdeh1 tərəfindən inşa edilmiş 20 metrədək uzunluqda olan daş hasar X2 Uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kənd ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin sərədlərində yerləşir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli, 10/5285 saylı ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 57.83 kv m hissəsi Cavabdeh1 tərəfindən,49 33 kv m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur.Cavabdeh1 tərəfindən inşa edilmiş 20 metrədək uzunluqda olan daş hasar X2 Uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kənd ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin sərədlərində yerləşir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 196 manat dövlət rüsumu, hüquqi yardımın gösətərilməsi üçün 430 manat, mütəxəssis təhqiqatının aparılması üçün 95 manat ödəmiş, məhkəmə ekspertizasının keçirilməsi xərci 50 manat olmuşdur.

9. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 57.83 kv m hissəsi Cavabdeh1 tərəfindən, 49 33 kv m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. Həmçinin, Cavabdeh1 məxsus daş hasar iddiaçının mülkiyyətinə olan torpaq sahəsindən yerləşir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, cavabdeh X1 İddiaçı məxsus torpaq sahəsinin qanunsuz istifadə etdiyi 49.33 kv.m ha hissəsindən,Cavabdeh1 isə İddiaçı məxsus torpaq sahəsinin qanunsuz istifadə etdiyi 57.83 kv.m hissəsindən çıxarılmalı, həmin torpaq sahəsindən yerləşən, Cavabdeh1 məxsus daş hasar onun öz vəsaiti hesabına sökülməldir. İddiaçı cavabdehlər tərəfindən ona ziyan vurulması və ziyanın məbləğini təsdiq edən sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. 12.İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 196 manat dövlət rüsumunun 100 manat hissəsi və digər xərclərin əvəzi cavabdehdlərdən alınaraq, iddiaçıya verilməli, eksperiza xərci cavabdehlərə aid edilməlidir.

V. Nəticə

13. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 49.33 kv.m ha hissəsindən X1, 57.83 kv.m hissəsindən Cavabdeh1 çıxarılsınlar. İddiaçı məxsus olan torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus olan daş hasar onun öz hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərcləri olan 625 manat X5 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 50 (əlli) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədirlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar