Məhkəmə qərarları › İş №2(042)-484/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-484/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-484/2020 01.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” QSC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı 445.41 manat məbləğində kredit borcu, 115.9 manat məbləğində faiz borcu və 136.82 manat məbləğində cərimə olmaqla, ümumilikdə 698.13 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 “xxxxxxxxxx” QSC ilə 23.05.2018-ci il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167% olmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 28.03.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 554.59 manat ödəniş etmiş və onun iddiaçıya 445.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 17.01.2020-ci il tarixə 295 gün üçün hesablanmış faiz borcu 115.9 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 17.01.2020-ci il tarixə 295 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 136.82 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.Odur ki, o, yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” QSC-nin etibarnamə üzrə nümayəndəsi Samir İsmayılov məhkəməyə teleqram vuraraq işə iddiaçının iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. MPM-i 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsas kredit borcu və faizlərin ödənilməsi hissəsində tam, cərimənin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, işdə olan cavabdehlərə aid şəxsiyyət vəsiqələrinin görünür ki, Cavabdeh2 ünvan 1 m. 48 ünvanında, Cavabdeh1 Gədəbəy rayonu, Zəhmət kəndində qeydiyyatdadır. İşdə olan 23.05.2018-ci il tarixli, 005A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 aylıq faiz dərəcəsi 2.4167% olmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən, kredit alan kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclunun 23.05.2018-ci il tarixli, 005A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 04.02.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 23.05.2018-ci il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə borcu 445.41 manat məbləğində əsas borc, 115.9 manat məbləğində faiz borcu, 136.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 698.13 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının cərimənin tutulması hissəsində tələbini araşdıraraq hesab edir ki, bu hissədə tələb qismən təmin edilməli və cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzər alınır. Məhkəmə hesab edir ki, borclunun məsuliyyətinin ölçüsü azaldılmalı, işin halları nəzərə alınaraq cavabdehə 23.05.2018-ci il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 136.82 manat cərimənin miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin olduğundan və sonuncu kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən o, iddiaçı qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “xxxxxxxxxx” QSC-nin xeyrinə 23.05.2018-ci il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 445.41 manat məbləğində əsas borc, 115.9 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 571.31 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxxxxxxxx” QSC-nin xeyrinə 23.05.2018-ci il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 445.41 manat məbləğində əsas borc, 115.9 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 571 (beş yüz yetmiş bir) manat 31 (otuz bir) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar