Məhkəmə qərarları › İş №2(042)-484/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-484/2021

24.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-484/2021 24.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən yola sel sularının axıdılmaması və piyada yolunun bağlanmaması ” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən Kəlaman-Hacıalılar kəndinə gedən təxminən 3 metr eni, 45 metr uzunluğu olan yolun bağlanmamasına və Kəlaman kənd arası maşın yoluna sel sularının axıdılmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, O, şəhid atasıdır. 85 yaşı var və hal-hazırda Kalaman kəndində yaşayır. O, öz şəxsi xərci hesabına şəhid oğlunun əziz xatirəsinə görə kənd əhalisinin həmin yoldan rahat istifadə etsin deyə Poladlı kəndindən Kəlaman kəndinə gedən maşın yolunu çınqıl çay daşları və qumu ilə təmir etdirmişdir. Lakin Cavabdeh qar yağarkən, yağış yağarkən yaranmış sel sularını o öz xərci ilə düzəltdirdiyi kənd arası yollarına axıdaraq yolun dağılıb çuxur vəziyyətinə salınmasına səbəb olmuşdur. Cavabdehin maşın yoluna axıtdığı sel suları həmişə olduğu kimi Kəlaman - Hacıalılar kəndi arasında olan 3 metr eni 45 metr uzunluğu olan piyada yolu ilə axıb çaya qarşır. Hal-hazırda cavabdeh həmin piyada yollunun sol tərəfində tor məftilə çəpərlənmiş torpaq sahəsi vardır. Piyada yolunun sağ tərəfində isə əmisi qızı Şəhlanın torpaq sahəsi vardır. Piyada yolunun sağ və sol tərəfində yabanı meyvə və görüc ağacları bitib. Cavabdeh onun piyada yolunu bağlayıb sel sularını kənd maşın yoluna axıdaraq əmisi qızının torpaq sahəsini alıb öz torpaq sahəsi ilə birləşdirmək istəyir. Lakin kənd sakinləri həmin piyada yolundan istifadə edirlər. Kənd arası sel suları da həmin piyada yolunun bir tərəfi ilə axıb çaya qarşır. Bu gün ki tarixdə isə cavabdeh X6- Hacıalılar kəndinə gedən piyada yolunu bağlamışdır. Sel sularını isə Kəlaman kənd arası maşın yoluna axıdır. Cavabdehə bu barədə həm onun, həm də kənd sakinlərini X2, X4, X5, X3 və digərləri tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh buna məhəl qoymamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildridi ki, o, Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. O, gediş gəliş yoluna sel sularını axıtmır və sel sularının qarşısının alınmasına etiraz etmir. Həmçinin gediş-gəliş yolunun bağlanmasına da razı deyildir. Yola Sel sularını digər qonşular axıdır. Məhkəmə qətnaməsi ilə iddiaçının qohumu ilə mübahisələri vardır. Yola sel sularının axıdılan hissəsinə boru gətirilməsini təklif etmiş, lakin iddiaçı heç ona da razı olmamışdır. O, iddia tələbini qəbul etmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 077474 nömrəli vəsiqədən görünür ki, İddiaçı Məcdi oğlu müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilər. İşdə olan Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 005317 nömrəli vəsiqədən görünür ki, İddiaçı Məcdi oğlu müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, mübahisəli Kəlaman-Hacıalılar kəndinə gedən piyada yolu cavabdeh tərəfindən bağlanmalı, avtomobil yoluna sel suları axıdılmalı və bu hərəkətlər qanunsuz olamlıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı məhkəmədə cavabdeh tərəfindən Kəlaman kənd arası avtomobil yoluna sel sularının axıdılmasını və Kəlaman-Hacıalılar kəndləri arasındakı təxminən 3 metr enində 45 metr uzunluğunda olan piyada yolunun bağlanmasını bildirmiş və bunların qarşısının alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, sel sularının avtomobil yoluna axıdılması gələcəkdə həmin yolun yarasız hala salınmasına, yola maddi zərərin dəyməsinə və kənd əhalisinin həmin yoldan istifadəsinə maneələrin yaradılmasına səbəb ola bilər. Həmçinin Kəlaman-Hacıalılar kəndləri arasındakı piyada yolunun bağlanması isə hər iki kənd arasında gediş-gəliş yolundan kənd əhalisinin maneəsiz istifadəsinə çətinlik yarada və vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən kəndarası avtomobil yoluna sel sularının axıdılmaması və Gədəbəy rayonu, Kəlaman-Hacıalılar piyada yolunun bağlanılmaması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən kəndarası avtomobil yoluna sel sularının axıdılmaması və Gədəbəy rayonu, Kəlaman-Hacıalılar piyada yolunun bağlanılmaması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar