Məhkəmə qərarları › İş №2(042)-486/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-486/2020

01.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-486/2020 01.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 22.06.2007-ci il təvəllüdlü x2 və 04.10.2009-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay sabit pul məbləğində 103 manat alimentin artırılaraq 160 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(001)-3068/2015 saylı qətnaməsi ilə Cavabdehdan himayəsində olan 22.06.2007-ci il təvəllüdlü x2 və 04.10.2009-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay sabit pul məbləğində 103 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Hazırda, o, Bakı şəhərində yaşayır, arada Gədəbəy rayonuna gəlib-gedir. Cavabdehin maddi imkanı yaxşıdır. Uşaqlar saxlanılması üçün 103 manat onların təminatını ödəmir.Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.06.2020-ci il tarixli, 979 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin 20 nömrəli ev təsərrüfatının uçotu kitabının 88-ci səhifəsində qeyd edilmişdir. İşdə olan x4 aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22.06.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan x3 aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04.10.2009-cu il tarixdə Gədəbəy şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(001)- 3068/2015 saylı qətnaməsinin surətindən görünür ki, 22 iyun 2007-ci il təvəllüdlü x2 və 04 oktyabr 2009-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 103 manat, cəmi 206 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(001)- 3068/2015 saylı qətnaməsi ilə Cavabdehdan himayəsində olan 22.06.2007-ci il təvəllüdlü x2 və 04.10.2009-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay sabit pul məbləğində 103 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar saxlanılması üçün 103 manat onların təminatını ödəmir. İddiaçı iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, cavabdehin Bakı şəhərində yaşamaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə iddiaçının izahatını, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşaq üçün müəyyən edilmiş 103 manat alimentin artırılaraq 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iddia üzrə ödəniləcək alimentin bir illik məcmusu 500 manatdan yuxarı olduğundan ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(001)- 3068/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 22 iyun 2007-ci il təvəllüdlü x2 və 04 oktyabr 2009-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 103 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar