Məhkəmə qərarları › İş №2(042)-488/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-488/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-488/2022 23.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş qızı X1 tərbiyyə edilməsi üçün Gədəbəy rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qətnaməsini (ləğv) dəyişdirlərək cavabdehin aylıq (hər cürə) qazancından sabit pul məbləğində 200 manat olmaqla aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Cavabdeh ilə 2009-cu il tarixdə cavabdehlə nikaha girərək evlənmişlər. Onların birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il doğum tarixli X10 adında bir övladları olmuşdur. Yağmur hal-hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh aliment tələbinə dair müxtəlif vaxtlarda Gədəbəy rayon Məhkəməsinin qətnamələri olmuşdur. Axrıncı dəfə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Yağmurun saxlanılıb tərbiyyə edilməsi üçün sabit pul məbləğində 130 manat olmaqla aliment kəsilmişdir. Kəsilmiş 130 manat miqdarında aliment qızının maddi təminatlarını ödəmir. Cavabdeh müəllim işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Uşağının saxlanılıb tərbiyyə edilməsi üçün Cavabdeh hər cür aylıq qazancından 200 manat sabit pul məbləğində aliment kəsilməsini istəyir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə mediator Anar Hacıyev tərəfindən iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, İddiaçı ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu ildə X10 adında bir övladları anadan olmuşdur. Ondan alimentin artırılması tələbinə dair müxtəlif vaxtlarda dəfələrlə iddia qaldırmişdır. iki dəfə birinci instansiya məhkəməsində - Gədəbəy rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin miqdarı yuxarı instansiya Gəncə Apellyasiya Məhkəməsi tərəfindən alimentin miqdarı azaldılmışdır. Sonuncu dəfə 02 noyabr 2017-ci il tarixli qətnamə ilə Gəncə Apellyasiya Məhkəməsində alimentin miqdarı azaldılmışdır. Alimentin miqdarı azaldılarkən onun himayəsində yeni nikahdan o zaman iki azyaşlı uşağın olmasını nəzərə almışdır. Alimentin miqdarının çox olmasının qətnamənin icrasını çətinləşdirməklə yanaşı aliment ödəməli olan şəxsi də maddi cəhətdən ağır vəziyyətə düçar edə biləcəyini qətnamədə qeyd etmişdir. Hal-hazırda isə ikinci nikahdan onun himayəsində üç azyaşlı uşaq var. Hesab edir ki, hal-hazırda alimentin artırılması tələbi əsassızdır. Belə ki, tərəflərdən birinin yəni onun maddi vəziyyətində heç bir irəlləyiş baş verməmişdir. Əksinə onun himayəsində olan az yaşlı uşağın sayı artmışdır. İddiaçı ananın vəziyyəti isə daha da yaxşılamış, hazırda o bizneslə məşğuldur. Qanuna əsasən övladı saxlamaq ata ilə yanaşı ananın da borcudur. Hal -hazırda alimentin artırılması onun himayəsində olan üç azyaşlı uşağın yaşam hüququnun pozulması anlamına gələrdi. Hesab edir ki, birinci və ikinci nikahdan olan uşaqların mənafeyi bərabər şəkildə müdafiə olunmalıdır. Əgər uşağı saxlamaq ana üçün çətindirsə o övladını saxlamağa hazırdır. Uşağın anası yeni ailə qurduğuna görə, uşağının dözülməz şəraitdə nənəsinin himayəsində yaşadığına, təhsildən yayındığına görə uşaq tələbinə dair iddia qaldırmışdır. Məhkəmədə ananın ailə qurmasını etiraf etsə də son məqamda danmışdır. Digər tərəfdən 10 ildir ki, alimenti vaxtında ödəməsinə baxmayaraq alimentin uşağın mənafeyinə xərcləndiyini bilmir. Hal hazırda da uşağının sağ olub-olmaması da ona məlum deyil. Odur ki, ərizəsində göstərilənləri nəzərə alaraq İddiaçı alimentin artırılması tələbinə dair iddiasının əsassız olduğuna görə təmin edilməməsinə aid qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 188 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində 08 nömrəli təsərrüfatbaşına kitabın 79-cu səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda Arıqdam kəndində yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-429/2019 saylı qətnaməsinin surətindən görünür ki, 08 noyabr 2010-cu il tarixdə doğulmuş X14 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan İddiaçı xeyrinə tutulan hər ay 110 manat, alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 130 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 42 saylı arayışdan görünür ki, Cavabdeh 2021-2025-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 45-ci səhifəsinə əsasən Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatdadır. Ailə üzvləri bunlardır; özü Cavabdeh xx.xx.1985, arvadı X3 xx.xx.1982, qızı X13 xx.xx.2014, oğlu X9 xx.xx.2015, oğlu X16 xx.xx.2019. İşdə olan Gədəbəy rayon Təhsil şöbəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 26 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Şəkərbəy kənd tam orta məktəbində ikinci iş yeri kimi müddətli müqavilə əsasında fiziki tərbiyə müəllimi işləyir və hal-hazırda hər ay 225 manat əmək haqqı alır. İşdə olan Gədəbəy rayon Təhsil şöbəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 25 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən Əmiraslanlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir və hal-hazırda hər ay 365 manat əmək haqqı alır. İşdə olan mediator Anar Hacıyev tərəfindən verilmiş 05 yanvar 2021-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2009-cu il tarixdə nikah bağlayaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə onların bir uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-429/2019 saylı qətnaməsinə əsasən, 08 noyabr 2010-cu il tarixdə doğulmuş X14 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan İddiaçı xeyrinə tutulan hər ay 110 manat, alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 130 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 130 manat alimentin artırılaraq 160 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi qismən təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(042)-429/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 130 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 160 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar