Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-509/2025 30.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, elektron nəzarət vasitəsinin dəyəri olan 2.277,40 manat vəsaitin Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 1(042)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə (avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə) təqsirli bilinərək 01 il 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2024 il tarixdə Gədəbəy rayon icra və probasiya şöbəsinə daxil olmuş (böyük icra məmuru Nümayəndə), məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş, xx.xx.2024-cü il tarixdə “Attenti” markalı, 35650204 nömrəli elektron nəzarət vasitəsi tətbiq edilmiş, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan (məhkum Cavabdeh) tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə böyük icra məmuru (Nümayəndə) tərəfindən müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq sözügedən elektron nəzarət vasitəsi (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Bundan sonra həmin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusunun qapaqlarına yapışqan maddə vurulmaqla qeyri işlək vəziyyətdə istifadəyə tam yararsız olması müəyyən olunmuşdur. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2.277,40 manat təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkum Cavabdeh dəvət edilərək,elektron nəzarət vasitəsinin dəyərinin 2.277,40 manat məbləğində pulun (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, elektron nəzarət vasitəsinin onun tərəfindən yararsız vəziyyətə gətirilmədiyini, həmçinin maddi imkanının olmadığını bildirərək zərərin əvəzini ödəməmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı nümayəndəsi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan; - Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(030)-1/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(042)-10/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq 01 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov tərəfindən tərtib edilmiş və məhkum Cavabdeh tərəfindən imza edilmiş xx.xx.2023-cü il tarixli protokolların təsdiq edilmiş surətindən görünür ki, məhkum Cavabdeh ayağına 1 ədəd “Attenti” elektron qolbağ bağlanılmış, 1 ədəd 35650204 nömrəli “Attenti” mobil nəzarət qurğusu, həmin qurğunun qoruyucusu (üzlük ) və adapter məhkuma təhvil verilmişdir. Hökmün icrası qaydası, məhkuma hüquq və vəzifələri izah edilmişdir. Məhkum qeyd edilən cihazları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi X1, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh iştirakları ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, 35650204 nömrəli “Attenti” elektron nəzarət vasitəsi Cavabdeh götürülmüş və işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. - "xxxx" QSC tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinin təsdiq edilmiş surətindən görünür ki, 35650204 nömrəli “Attenti” elektron nəzarət vasitəsinə baxış keçirilmiş, qurğunun plastik qapaqlarına yapışqan maddə vurulduğu, qapağın açılmasının mümkün olmaması, qurğunun qeyri-işlək vəziyyətdə, yəni tam yararsız olması müəyyən edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələrinin dəyəri 2.277,40 manat təşkil edir.
8. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 nömrəli qərarının 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
10. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(030)-1/2023 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(042)-10/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Daşkəsən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hökmlərin məcmusu üzrə qismən birləşdirilmiş və qəti olaraq 01 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minərək icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən cavabdehin iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 1 ədəd “Attenti” elektron qolbağ bağlanılmış, 1 ədəd 35650204 nömrəli “Attenti” mobil nəzarət qurğusu, həmin qurğunun qoruyucusu (üzlük) və adapter iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Cavabdeh təhkim olunmuş cihazları zədələndikdə, itirildiyi və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə xəbərdar edilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə 35650204 nömrəli “Attenti” elektron nəzarət vasitəsi Cavabdeh götürülmüş və işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə akt tərtib edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinə əsasən, sözügedən elektron nəzarət vasitəsinin tam yararsız halda olması müəyyən edilmişdir. Təqdim edilmiş sübutlara əsasən, sözgedən elektron nəzarət vasitəsinin dəyəri 2.277,40 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən elektron mobil nəzarət qurğusunun 2.277,40 manat dəyərində vəsaitin alınıb İddiaçınə ödənilməsi tələbində haqlıdır.
11. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 2.277,40 manat məbləğində maddi ziyan tutulub İddiaçı hesabına ödənilməlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
14. “X3 Azərbaycan Respublikası Qanunu”nun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
15. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 42,78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
V. Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 2.277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan tutulub İddiaçı hesabına ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov