Məhkəmə qərarları › İş №2(042)-517/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-517/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-517/2025 22.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh Alırza oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Alırza oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabeh Cavabdeh Alırza oğluna qarşı cavabdehdən 1570 manat pulun və 37 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, qızı Təbrizə Qəfərova ilə X11 rayonunda 2023-cü ilin iyun-iyul aylarında cavabdehin yanında çoban işləmişlər. Aylıq əmək haqqları 570 manat olumuşdur. Qasımov X9 Qəfərova və qızı Təbrizə Qəfərovaya 2000 manat borca pul vermişdir. Həmin pulun 1000 manat hissəsini o, nağd olaraq, 2023-cü ilin oktyabr ayında Tovuz rayonu, Bayramlı kəndində öz evində Tovuz RİHB-nın Ağbulaq Kənd üzrə nümayəndəsi X5, Ağbulaq kənd sakini X7, qızı Qəfərova Təbrizə və X1 iştirakları ilə Cavabdeh Alırza oğluna ödəmişdir. Yəni, qızı və kürəkəninin cavabdehə 1000 borcu qalmışdır. Cavabdeh ona bildirmişdir ki, qızına və kürəkəninə ödəməli olduğu 570 manat əməkhaqqını da ona ödəyəcəkdir. Lakin cavabdeh qızı və kürəkəninə qarşı borc tələbi ilə Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə qızı və kürəkəninin cavabdehə olan 2000 manat borcunun alınıb, cavabdehə qaytarılması qət edilmişdir. Yəni, onun cavabdehə verdiyi 1000 manat və cavabdehin ona qızının əməkhaqqısı kimi verməli olduğu 570 manatla birlikdə cavabdeh ona 1570 manat verməlidir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh Alırza oğlu iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı qızı və kürəkəninnin ona olan 2000 manat borcundan ona pul verməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun qaynatasıdir. Cavabdeh 2023-cü ilin yay aylarından birində onların Tovuz rayonunda yerləşən evlərinə gəlmiş, iddiaçının qızı və kürəkəninin ona olan 2000 manat borcunu qaytarmasını tələb etmişdir. O, qaynatasının göstərişi ilə evdən 1000 manat götürüb, cavabdehə vermişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 2(062)-2900/2024 saylı qətnaməsindən görünür ki, X8 və X2 2000 manatın alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, şahid X3 ifadəsində həqiqətən cavabdehə 1000 manat verildiyini təsdiq etsə də, onun pulun verildiyi vaxtla əlaqədar bildirdikləri iddiaçının izahatında göstərdiyi vaxta uyğun olmamışdır. Bu hal isə şahid ifadıəsinin həqiqiliyinə əsaslı şübhə yaratmışdır. Bundan başqa, iddiaçı cavabdehin nəyə görə ona 570 manat verməli olmasını əsaslandırmamış, bununla əlaqədar heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar