Məhkəmə qərarları › İş №2(042)-521/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-521/2021

14.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-521/2021 14.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “su anbarına cavabdehlər tərəfindən edilən hər cür maneələrə son qoyulması, su anbarının içərisinə yerləşdirilmiş matorun götürülməsi, su anbarının cavabdehlərin hesabına bərpa edilməsi, cavabdehlər tərəfindən vurulmuş maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən hər cür maneələrə son qoyulması, su anbarının içinə yerləşdirilmiş “Singe” markalı motorun cavabdehlər tərəfindən götürülməsi, dağılmış su anbarının cavabdehlərin hesabına bərpa edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mənə vurduqları maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o 1971-ci ildən Gədəbəy rayonu, İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin Kərimli kəndində yaşayır. Orada fərdi yaşayış evi vardır. O, 2004-cü ildən etibarən Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidən qapısına su çəkmişdir. Su bulağının mənbəyində öz vəsaiti hesabına su anbarı tikmişdirmişdir. Sözügedən bulağın yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu üçün su anbarının tutduğu sahəni İnəkboğan bələdiyyəsi ilə aralarında bağlanmış müqaviləyə əsasən icarəyə götürmüşdür. Bu barədə İnəkboğan bələdiyyəsi ilə onun arasında10 noyabr 2005-ci il tarixli (10 illik müddətə) və 08 fevral 2011 -ci il tarixli (alqı-satqı müqaviləsi bağlanan müddətə qədər) müqavilələr bağlanmışdır. Hazırda onun qapısına çəkdiyi suda digər qonşular istifadə edirlər. Bu barədə aktı ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq hazırda cavabdeh qoyduğu şəxslər Cavabdeh3, Cavabdeh2 və sonuncunun oğlu Cavabdeh1 onun tikdiyi su anbarını qanunsuz olaraq dəfələrlə dağıtmış və qapısına gələn suyu kəsmişlər. O, hər dəfə öz vəsaiti hesabına su anbarını yenidən tikmişdir. Lakin cavabdehlər öz qanunsuz hərəkətlərindən əl çəkməmiş və su anbarını yenidən dağıtmışlar. Bu azmış kimi cavabdehlər su anbarına “Singe” markalı motor yerləşdirib suyun hamısını özlərinə çəkmişlər. Fotoşəkilləri ərizəsinə əlavə etmişdir. Motor saatda 9 ton su vurur ki, bu da onlara gələn suyu tamamilə kəsir. Bundan başqa cavabdehlər onun qapısına gedən su borusunun ağzına ağacdan hazırlanmış tıxac taxmışlar ki, suyunu tamamilə kəsilsin. O, cavabdehlərə bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Bununla bağlı polis şöbəsinə müraciət etsə də, məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, müharibə veteranıdır, yaşlı xəstə adamdır. Cavabdehlər 20 il ərzində 8 dəfə tikdiyi su anbarını dağıtmışdır. Hər dəfə o təmir etdiriərkən 500 manat xərc çəkmişdir. Beləliklə, cavadehlərin bu qanunsuz hərəkətləri nəticəsində, yəni su anbarını dəfələrlə dağıtdıqlarına görə 4000 manat maddi ziyana düşmüşdür. Eləcə də stres keçirmiş, əsəbləri korlanmış, nəticədə cavabdehlər ona həm də mənəvi zərər yetrimişlər. O, vurulan mənəvi ziyanı 5000 manat dəyərləndirir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. İddiaçı isə Gədəbəy rayonu, Kərimli kəndində yaşayır. Mübahisəli su anbarı əvvəllərdən mövcud olmuşdur. İddiaçı həmin su anbarında 2004-2005-ci illərdən başlayaraq istifadə etmişdir. Mübahisəli su anbarı çayın kənarında yerləşir. İddiaçıya həmin su anbarında əvvəllər su verilməmiş, sonra onlarda xahiş etdikdən sonra ona su verilmişdir. O, iddiaçının dediklərini qəbul etmir. Həmçinin o, iddiaçıya məxsus şlanqı kəsməmiş və iddiaçıya məxsus heç bir əmlaka ziyan vurmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2020-ci il tarixli, 449 saylı arayışdan görünür ki, Quliyev X1 İƏD üzrə nümayəndəliyin 09 nömrəli təsərrüfatbaşına kitabının 27-ci səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda ərazidə yaşayır. İşdə olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Gədəbəy rayon filialı tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, arayışdan görünür ki, İddiaçı ƏƏSMN-i tabeliyində DSMFpublik hüquqi şəxsin Gədəbəy rayon filialında İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi 230 manat ömürlük prezident təqaüdü alır. İşdə olan Gədəbəy rayon İnəkboğan bələdiyyəsi tərəfindən verilmiş 03 aprel 2004-cü il tarixli çıxarışdan görünür ki, Yeddi gözəl adlanan sahənin qabağında çıxan suyu Kərimli vətəndaşlarının bir qrupu və qəbiristanlıq üçün suyun çəkilməsinə İddiaçı öz öhdəsinə götürdüyünə görə ona sərəncama verilmişdir. İşdə olan 08 fevral 2011-ci il tarixli “icarəyəverən” İnəkboğan bələdiyyəsinin sədri X13 və “icarəçi” İddiaçı tərəfindən imza edilmiş müqavilədən görünür ki, X2 Firudin Əsgər oğlunun Kərimli kəndindəki evində istifadə etmək üçün içməli su çəkdirdiyini nəzərə alaraq həmin suyun qurulduğu 3 kv.m su anbarının sahəsinin alqı-satqı ilə almağa hələ imkanı olmadığına görə alqı-satqı edilən müddətə qədər 40 manat dəyərində qiymətləndirilərək hər iki tərəfin razılğı ilə İddiaçı icarəyə verilməsini öhdəsinə götürmüş, İddiaçı isə həmin su anbarının icarə haqqı olaraq 40 manat pulu bələdiyyənin hesabına ödəməyi və həmin sahəyə gözətçilik etməyi öhdəsinə götürmüşdür. İşdə olan 08 noyabr 2020-ci il tarixli X4 X5, X3, X6, X9, X8 iştirakları və imzaları ilə İddiaçı tərəfindən tərtib olunmuş aktdan görünür ki, “Yeddi evlər” adlanan ərazidə yaşayan Cavabdeh3 bir neçə dəfə suyu birləşdirdiyi yerdəki su çəninə müdaxilə etmişdir. Halhazırda Cavabdeh3 bu kimi əməllərini davam etdirərək yenə də həyat əhəmiyyətli olan betondan hazırlanmış içməli su çənini yenidən yarasız hala salaraq suyun ona axımı olan su xətlərinə müdaxilə edib ona gələn su axımının boruda dayanmasına səbəb olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı 2004-cü ildən etibarən Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidən qapısına su çəkmişdir. Sözügedən bulağın yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu üçün su anbarının tutduğu sahəni İnəkboğan bələdiyyəsi ilə aralarında bağlanmış müqaviləyə əsasən icarəyə götürmüşdür. Bu barədə İnəkboğan bələdiyyəsi ilə onun arasında 08 fevral 2011-ci il tarixli (alqı-satqı müqaviləsi bağlanan müddətə qədər) müqavilə bağlanmışdır. Hazırda iddiaçının qapısına çəkdiyi sudan digər qonşular da istifadə edirlər. Cavabdehlər isə iddiaçının sudan istifadəsinə maneələr yaradaraq su anbarını yarasız hala salmışdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci, 158.3 və 158.4-cü maddələrinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli su mənbəyindən istifadə etmək hüququ olduğundan onun bu hüququ istənilən şəxsdən qorumaq hüququ vardır. İş materiallarında olan sübutlarla və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edildi ki, “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər tərəfindən müdaxilələr edilərək su anbarı yarasız hala salınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış su anbarı bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi su mənbəyindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və su anbarının bərpa edilməsi hissəsində təmin edilməlidir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 su anbarının dağıdılmasına görə 4000 manat dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona 4000 manat maddi ziyan vurulduğunu sübut etməlidirlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı su anbarının dağıdılmasına görə dəymiş 4000 manat məbləğində ziyan dəyməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələbinin bu hissədə rədd edilməsi qənaətinə gəlir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Üzərinə sübutetmə yükü düşən iddiaçı qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Həmçinin məhkəmə iddia tələbinin su anbarının içərisinə yerləşdirilən “Singe” markalı motorun cavabdehlər tərəfindən götürülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdehlər tərəfindən “Singe” markalı motorun su anbarına qoyulması nəticəsində ona gələn su kəsilmişdir. Ona görə də “Singe” markalı motorun götürülməsini tələb etmişdir. Lakin iddiaçı bu faktı da təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən hər cür maneələrə son qoyulsun və dağılmış həmin su anbarı bərpa edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar