Məhkəmə qərarları › İş №2(042)-525/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-525/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-525/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 750 manat məbləğində borcun, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manatın və dövlət rüsumu üçün ödənilmiş 30 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 2020-ci ilin sentyabr ayının əvvəlində onun işlədiyi istilikxanaya gələrək, ayın sonunda qaytarmaq şərti ilə ondan 300 manat borc pul almışdır. Lakin cavabdeh vədinə əməl etmədiyindən o cavabdehdən pulunu tələb etməyə başlamışdır. Nəhayət 21.01.2021-ci il tarixdə Cavabdeh ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin gün cavabdehlə Şəmkir şəhəri, Hərbi şəhərciyin ərazisində görüşmüşlər. Cavabdeh ona bildirmişdir ki, - “1200 manat dəyərində qızıl boyunbağısı girovdadır, 450 manat da ver qızılımı girovdan çıxarım. Sonra mən sənin 750 manatını qaytaranda, sən də boyunbağımı qaytararsan”. O, bununla razılaşmış və cavabdehə 450 manat vermişdir. Cavabdeh hərbi şəhərcikdə yerləşən 5 mərtəbəli binanın blokuna girmiş, təxminən 5 dəqiqə sonra çıxmış və özünün şəxsiyyət vəsiqəsini və həmin boyun bağını ona vermişdir. Həmin vaxt o zərgər obyektləri bağlı olduğundan boyunbağının qızıl olub-olmamasını yoxlada bilməmişdir. 28.01.2021-ci ildə Şəmkir şəhəri, Bazar ərazisində boyunbağını zərgərə yoxladanda, boyunbağının qızıl olmadığı məlum olmuşdur. Belə olan təqdirdə o cavabdehdən Şəmkir rayon Polis Şöbəsinə şikayət etmiş, Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 17 mart 2021-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığı əsası ilə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırılma zamanı cavabdeh, həqiqətən də ondan aldatma yolu ilə 750 manat aldığını etiraf etmişdir. Ona görə də, cavabdehdən pulunun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir RİHB-nin Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli, 1294 saylı arayışdan görünür ki, İddiaçı Şəmkir şəhəri, Gülüstan küçəsində yaşayır. İşdə olan X4 tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin tərtib edilməsi üçün 50 manat məbləğində ödəniş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 mart 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında topanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Şəmkir rayon Polis şöbəsində verdiyi izahatdan görünür ki, 2020-ci ilin sentyabr ayında o Vəfadan 300 manat məbləğində olan pulu ona öncədən 45 manat pul ödəməklə borc götürmüşdür. Lakin onun uşağı xəstələndiyinə görə o İddiaçı olan 300 manat pul borcunu ödəyə bilməmişdir. 21.01.2021 -ci il tarixdə o Vəfaya zəng eləmiş və özünə məxsus 21 qram çəkisi olan qızıl boyunbağının güya ki başqa şəxsdə girovda olduğunu demişdir.Həmin boyunbağını girovdan götürmək üçün Vəfadan 450 manat məbləğində pul istəmiş və Vəfa ona həmin məbləğdə olan pulu vermişdir. Sözügedən boyunbağını 2012-ci ildə mərhum həyat yoldaşı X2 onun üçün almışdır. Amma haradan aldığını bilmir. 21.01.2021 -ci il tarixdə saat 19 radələrində o Vəfa ilə görüşərək həmin boyunbağını güya ki,Şəmkir şəhəri Hərbi şəhərcik ərazisində girovda c Guğunu demişdir.Orada Vəfa ona 450 manat məbləğində pul vermişdir. Əslində o Vəfanı aldadaraq qızılı girovdan götürmək adı ilə Vəfadan 450 manat məbləğində olan pulu almışdır. Həmin vaxt o Şəmkir şəhəri Hərbi şəhərcikdə binanın blokuna girib geri qayıtmışdır. Boyunbağı girovda olmamışdır. Bundan sonra o Vəfa ilə birlikdə həmin boyunbağını yolxatdırmaq məqsədilə Dəllər qəsəbəsinə Vəfanın tanıdığı və adı yadında qalmayan zərgərin evinə getmişdir. Orada zərgərin dərmanı olmadığına görə boyunbağını yoxlatdıra bilməmişdirlər. Daha sonra o qızıl boyunbağının 1200 manat dəyəri olduğunu Vəfaya demiş və həmin boyunbağını ona satmaq məqsədilə vermişdir.O Vəfaya həmin boyunbağını 1200 manata satmağını və qalıq pulun ona verməyini təklif etmişdirr.Vəfa onunla razılaşaraq sözügedən boyunbağını ondan götürmüşdür. Eyni zamanda o özünə məxsus şəxsiyyət vəsiqəsində Vəfaya vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ona 800 manat pul borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdığını sübut etməlidir. Üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehdən aldığı inəyə görə 800 manat pulu ondan tələb etməkdə haqlı olduğunu sübut etdi. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 2020-ci ilin sentyabr ayında iddiaçıdan 300 manat məbləğində borc almışdır. Lakin cavabdeh borcunu qaytarmamışdır. Daha sonra cavabdeh iddiaçıya 1200 manat dəyərində olan qızıl boyunbağının girovda olduğunu, 450 manat ona pul verməsini və girovda olan boyunbağını götürərək iddiaçıya verməsini, sonra ümumilikdə 750 manat məbləğində borcunun iddiaçıya verdikdən sonra boyunbağını ona qaytarmasını vəd edərək iddiaçıdan 450 manat məbləğində pul almışdır. Həmin boyunbağının qeyd edilən dəyərdə olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən İddiaçı şikayəti əsasında Şəmkir rayon Polis şöbəsində toplanmış material tələb olunaraq baxış keçirilmiş, hazırki iş üzrə Cavabdeh həmin materialda olan izahatında qeyd olunan faktı etiraf etmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin tərtib edilməsini üçün 50 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh iddiaçıdan aldığı pulu üçün məsuliyyət daşıyır. Cavabdeh Şəmkir rayon Polis şöbəsinə verdiyi izahatda iddiaçıdan 750 manat məbləğində pulu götürdüyünü etiraf etmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı borc verdiyi 750 manat pulu və iddia ərizəsinin tərtib edilməsi üçün 50 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 800 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 800 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar