Məhkəmə qərarları › İş №2(042)-54/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-54/2021

17.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-54/2021 17.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən su xəttinə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı onun və ailə üzvlərinin sudan istifadə etməsi üçün Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Gülallı kəndində Vəng adlanan ərazisində evinə şəxsi vəsaiti hesabına borularla su xətti çəkmişdir. Lakin Cavabdeh onun evinə gələn su xəttini və suyun mənbəyini tamamilə dağıdaraq, yararsız hala salmışdır. O, dəfələrlə cavabdehdən su xəttinin bərpasını tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, onun mal-qarasının suyu olmadığı üçün su anbarını və su borularını özünə məxsus mal qaranı suvarmaq üçün dağıtdmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçının həyətinə və evinə içməli su gəlmir. Bulaqdan çəkilmiş su borusunda su yoxdur. Bulağın üzərində qoyulmuş su boruları götürülmüş, su anbarı dağıdılmışdır. Cavabdeh su anbarını və su borularını özünə məxsus mal qaranı suvarmaq üçün dağıtdığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Beləliklə, iş üzrə yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının həyətinə və evinə içməli su gəlmir. Bulaqdan çəkilmiş su borusunda su yoxdur. Bulağın üzərində qoyulmuş su boruları götürülmüş, su anbarı dağıdılmışdır. Cavabdeh su anbarını və su borularını özünə məxsus mal qaranı suvarmaq üçün dağıtdığını bildirmişdir. Yəni, cavabdeh uzun müddət iddiaçının istifadəsində olan su borusunu və həmin suyun mənbəyində olan su anbarını dağıtmışdır. Ona görə də iddia tələbi təmin edilməli, su borusu və həmin suyun mənbəyində olan su anbarı bərpa edilməli, su borusu və həmin suyun mənbəyində olan su anbarına cavabdeh tərəfindən hər hansı maneələrin edilməsinə qadağa qoyulmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilsin. Su borusu və həmin suyun mənbəyində olan su anbarı bərpa edilsin, su borusu və həmin suyun mənbəyində olan su anbarına Cavabdeh tərəfindən hər hansı maneələrin edilməsinə qadağa qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar